Elçin Zaman |
Ermənistan prezidenti Serj Sarksiyan yenə də sərsəmləmələri ilə özünü gündəmdə tutmağa çalışıb. Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün beynəlxalq təşkilatların və xarici dövlətlərin təzyiqi ilə sülh danışıqlarına cəlb edilən əli qanlı Serjin son çıxışı bir daha göstərir ki, o yenə də ənənvəi siyasətlə deyil, avantura ilə məşğuldur. Çıxışında bildirib ki, danışıqlar prosesi 20 il də davam etsə heç bir güzəştə getməyəcək.
Ancaq bu körpə qatili hələ də anlamır ki, beynəlxalq hüquqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində aydın şəkildə göstərilib. Belə ki, Ermənistan-Azərbaycan, Dağıq Qarabağ münaqişəsinin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir.
Bu qətnamələrin hər birində açıq şəkildə bildirilir ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Ermənistan prezidenti yaxşı anlayır ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç kim tanımır. Hətta Ermənistan özü bu qondarma rejimin müstəqilliyini nə tanımağa, nə də ki, özünə birləşdirməyə cürət etmir.
Əvəzində Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın mübarizəsini guya xalqların öz “müqəddəratını” həll etmək kimi uydurma iddiaya bağlayır. Təbii ki, onların bu avantüralarına da beynəlxalq hüquqda yer yoxdur. Əvvəla, ona görə ki, erməni xalqı artıq öz müqəddəratını həll edərək bolşevik hökumətinin köməyi ilə ötən əsrin 20- ci illərində qədim Azərbaycan torpaqlarında dövlətlərini qurublar. Düzdür, bu gün Ermənistan bölgədə ən zəif ölkədir və o dövlətdən çox vassal, forpost bir əyalətə bənzəyir. Bundan sonra isə Azərbaycan dövləti və xalqı torpaqlarımızda ikinci bir erməni dövlətinin yaranmasına qətiyyən yol verməyəcək.
Qeyd edək ki, 2017-ci ilin fevralın 20-də bu qondarma “respublikada”da keçirilən saxta “referendum”, ondan əvvəl keçirilən qondarma prezident və parlament seçkiləri də beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən tanınmadı və əvəzində Azərbaycan dövlətinin sərhəd toxunulmazlığı, suverenliyi önə çəkildi.
Burada əsas istinad nöqtəsi kimi 1975-ci ildə qəbul edilmiş Helsinki Yekun Aktının tələbləri göstərilir. Həmin tələblərdə birmənalı olaraq bildirilir ki, İkinci Dünya müharibəsindən sonra ölkələrin sərhədlərinin dəyişilməz qalması, ölkələrin ərazi münaqişələrinin həlli yolları məhz bu hüqüqi prinsipə söykənir həmin tövsiyələrdə ilk olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyü tanınır.
Təbii ki, Ermənistanın bu riyakarlıqlarını və siyasi şoularını MDB ölkələri, hətta Avrasiya İttifaqındakı müttəfiqləri də rədd etdilər. Rusiya, Qazaxıstan, Belarus qondarma “respublika”dakı “referendum”u tanmadıqlarını bildirmişlər.
Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Münxendə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verdikləri birgə bəyanatda bildiriblər ki, Dağlıq Qarabağdakı qondarma “referendum”u tanımadıqlarını bəyan etmişdilər.
Əslində, bu erməni avantüralarında əsas məqsəd sülh danışıqlarını ləngitməklə mövcud status-kvonu qorumaqdır. Bununla da Serj Sarkisyan rejimi, həm beynəlxalq ictimaiyyəti, həm də erməni xalqını aldatmaqla seçki öncəsi özünə siyasi dividendlər qazanmağa çalışır. Ancaq dünya birliyi Ermənistanın terrorçu xislətini bir daha Füzuli rayonunun Alxanlı kəndində törədilən qətllərdə gördü. Burada dinc sakinlərin ağır artileriyyadan bombalanması və 2 yaşlı məsum Zəhra ilə nənəsinin qətlə yetirilməsi dünya ictimaiyyətinin ciddi etirazı ilə qarşılandı.
Azərbaycan diplomatiyası Ermənistanı bu qətllərə görə ciddi və geniş ictimai qınağa məruz qoymaqla bərabər, Ordumuz da körpə Zəhranın qisasını da birə-beş aldı. Ancaq Azərbaycan Ordusu erməni hərbçilərindən fərqli olaraq geyindikləri mundirin və daşıdıqları hərbçi rütbələrin şərəfini qorumaqla dinc sakinləri deyil, işğalçı, qatil erməni hərbçilərini məhv etdilər.
Ən nəhayət 2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatlarına layiqli cavab verən Azərbaycan Ordusunun zəfər döyüşlərindən sonra Ermənistan prezidenti sülh danışıqlarından tamamilə imtina etmişdi. Lakin son bir neçə gündə beynəlxalq təşkilatların Serj Sarkisyana ciddi təzyiqindən sonra sülh danışıqlarının bərpası yenidən gündəmdədir. Körpə qatili kimi çox ağır ittihamlara məruz qalan Serj Sarkisyan indi siyasi gedişləri ilə dalana dirənmiş vəziyyətdədir. Artıq onun güzəştə getməmək şansları çox məhduddur.