28 sentyabr 2026 16:04
110

II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb

Ermənistanın Ədliyyə Nazirliyi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu ilə bağlı iş üzrə hakim Gevork Manukyana qarşı inzibati icraata başlayıb.

“İki sahil” xəbər verir ki, təşəbbüskar ədliyyə naziri Srbui Qalyan olub.

İclas oktyabrın 12-nə təyin edilib.

Qeyd olunub ki, müvafiq vəsatət ötən ilin dekabrında Ali Məhkəmə Şurasına təqdim edilib. G.Manukyana hansı qayda pozuntusunun aid edildiyi və bunun hansı işlə bağlı olduğu hələ ki məlum deyil.

Ali Məhkəmə Şurasında Apellyasiya Mülki Məhkəməsinin hakimi Nora Karapetyana qarşı vəsatətə baxılacaq. Ona qarşı inzibati icraat da ədliyyə naziri tərəfindən başladılıb.

Qeyd edək ki, II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan bu il mayın 7-də ev dustaqlığından azad ediliblər. Gevork Nersisyan və onun oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs olunmuşdular.