22 sentyabr 2026 15:43
184

Kamran Bayramov: Metal və filiz ehtiyatlarının tam zəncir üzrə emalı valyuta daxilolmalarını artıracaq

Son illərdə Azərbaycan qeyri-neft sənayesinin şaxələndirilməsi, modernləşdirilməsi və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir. Neft-qaz sektorundan asılılığın minimuma endirilməsi və davamlı iqtisadi artımın təmin olunmasında ağır sənaye, xüsusilə də dağ-mədən və metallurgiya sektoru mühüm hərəkətverici qüvvəyə çevrilməkdədir. Ölkənin zəngin təbii resurs potensialı, müasir texnologiyaların tətbiqi və sənaye zonasında yaradılan əlverişli investisiya mühiti bu sahənin keyfiyyətcə yeni müstəviyə çıxarılmasını vacib şərt kimi irəli sürür. Məhz bu kontekstdə, dövlətin uzunmüddətli inkişaf strategiyasında dağ-mədən və metallurgiya kompleksinin yerinin dəqiqləşdirilməsi və bu istiqamətdə sistemli fəaliyyət proqramlarının icrası xüsusi aktuallıq kəsb edir. Məhz bu zərurətdən irəli gələrək Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Müşavirə bir sıra mühüm strateji, iqtisadi və regional məsələləri əhatə edib. Neft və qaz resursları ilə yanaşı, metal və filiz ehtiyatlarının tam zəncir üzrə emal olunması, əlavə dəyər yaradan son məhsulun istehsalı və xarici bazarlara çıxarılması ölkəyə valyuta daxilolmalarını artırmaq baxımından müstəsna əhəmiyyət daşıyır.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramovun sözlərinə görə, müşavirədə dövlətimizin başçısı proqramın qarşıya qoyduğu hədəflərə və onun icra müddətinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev bildirib ki, Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində – 2027–2030-cu illərdə tam icra edilməlidir. Dövlət başçısı, həmçinin vurğulayıb ki, qəbul ediləcək yeni proqram yalnız sənayenin inkişafını deyil, regionların sosial-iqtisadi inkişafına dair gündəliyi də özündə əks etdirəcək.
K.Bayramov vurğulayıb ki, keçirilən bu müşavirə və qarşıya qoyulan konkret tapşırıqlar bir sıra mühüm strateji, iqtisadi və regional zərurətlərdən irəli gəlir. İlk növbədə, sənayenin şaxələndirilməsi və qeyri-neft ixracının artırılması əsas hədəflərdəndir. Həmçinin, azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması məsələsi də bu sahənin inkişafını şərtləndirən mühüm amillərdəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin dağ-mədən və metal yataqlarına (qızıl, mis, mərmər, polimetal və s.) sahibdir. Bu resursların geoloji kəşfiyyatı, səmərəli və ekoloji standartlara uyğun istismarı üzrə vahid Dövlət Proqramının icrası həmin ərazilərin tezliklə bərpasına və ölkə iqtisadiyyatına inteqrasiyasına xidmət edir. Eyni zamanda, milli istehsalın qorunması və idxaldan asılılığın azaldılması dövlətin diqqət mərkəzindədir. Tikinti, maşınqayırma və infrastruktur layihələrində istifadə olunan metallurgiya məhsullarının yerli istehsal hesabına təmin edilməsi daxili bazarın sabitliyini artırır və xarici asılılığı aradan qaldırır. Bununla yanaşı, sahəyə investisiya cəlbediciliyinin artırılması və müasir texnologiyaların tətbiqi də vacib şərtdir. Dağ-mədən sektoruna xarici və yerli investisiyaların cəlb edilməsi, ekoloji cəhətdən təmiz ("yaşıl") və qabaqcıl texnologiyaların tətbiqi üçün dövlət səviyyəsində vahid tənzimləmə və təşviq mexanizminin yaradılması tələb olunur.

Deputat əlavə edib ki, metallurgiya və mədənçilik müəssisələrinin genişləndirilməsi bölgələrdə minlərlə ixtisaslı kadrın yüksək əməkhaqqı ilə təmin olunmasına birbaşa təkan verir: “Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə sahənin mövcud vəziyyətini qiymətləndirmək, maneələri aradan qaldırmaq və Dövlət Proqramı çərçivəsində aidiyyəti qurumlar qarşısında konkret tapşırıqlar qoymaq məqsədi daşıyır. Dövlətin maliyyə zəmanəti verdiyi bu nəhəng layihə, eyni zamanda yerli və xarici investorlar üçün açıq elan edilməklə ölkənin biznes mühitinə yeni nəfəs gətirəcək. Proqramın icrası ölkədə dayanıqlı və rəqabətqabiliyyətli ağır sənaye sahəsinin formalaşmasını təmin edəcək. Bu addım ən azı 5 min yeni iş yerinin yaradılmasına şərait yaradacaq, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun resurslarını iqtisadi dövriyyəyə cəlb etməklə həmin ərazilərdə məşğulluğu və məskunlaşmanı sürətləndirəcək. İqtisadi dividendlərə gəlincə, dövlət büdcəsinə böyük həcmdə vergi daxilolmaları, qeyri-neft sektoru üzrə güclü ixrac potensialı və illik 1 milyard manatdan çox müsbət maliyyə effekti proqnozlaşdırılır. Bütün bunlar milyardlarla manat dəyərindəki strateji layihələrin Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafına verəcəyi müstəsna töhfəni bir daha təsdiqləyir.