Azərbaycan cəmiyyətinin siyasi və ictimai həyatında milli maraqlar, dövlətçilik prinsipləri və mənəvi dəyərlər mühüm yer tutur. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında vurğuladığı kimi, ölkənin əldə etdiyi mühüm nəticələrin əsas dayaqlarından biri xalq-iqtidar birliyi və cəmiyyətin sabitliyə münasibətidir. Bu baxımdan, milli maraqlara zidd mövqelər sərgiləyən, cəmiyyətdə qarşıdurma və parçalanma yaratmağa çalışan qrupların fəaliyyəti hər zaman qınaq obyekti olub.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının xüsusi xidmət orqanlarının rəhbərlərilə görüşdə bu məsələyə münasibət bildirərkən deyib: “Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.”
Bu, onu deməyə əsas verir ki, milli dəyərlərlə cəmiyyətin siyasi sabitliyi arasındakı bağlılıq hər zaman ön plandadır. Azərbaycan cəmiyyəti üçün dövlətçilik, milli həmrəylik, ailə və mənəvi dəyərlər ictimai həyatın mühüm komponentləridir. Bu dəyərlərə qarşı yönələn çağırışlar isə cəmiyyətin sosial-siyasi davranışında özünə geniş dəstək tapmadıqda marjinal xarakter daşıyır.
Dövlətin konstitusiya quruluşuna, milli təhlükəsizliyə və cəmiyyətin sabitliyinə qarşı zorakı və ya qanunsuz fəaliyyət yolverilməzdir.
Azərbaycanın son illərdə keçdiyi mürəkkəb siyasi mərhələlər göstərir ki, ölkənin qarşısında duran əsas məsələlər yalnız xarici təhlükəsizliklə məhdudlaşmır. İnformasiya mühiti, sosial şəbəkələr, dezinformasiya, cəmiyyət daxilində qarşıdurma yaratmaq cəhdləri də müasir dövlətlərin üzləşdiyi çağırışlar sırasındadır. Belə şəraitdə cəmiyyətin məlumatlılığı, media savadlılığı mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin də söylədiyi kimi, “sabitliyi pozmaq cəhdləri davam etdiriləcək”. Müasir dünyada siyasi sabitlik dövlət institutlarının dayanıqlığı ilə yanaşı, cəmiyyətin müxtəlif təxribat və manipulyasiya cəhdlərini düzgün qiymətləndirmək bacarığı əsasında qorunur. Xüsusilə informasiya texnologiyalarının sürətli inkişaf etdiyi dövrdə ayrı-ayrı məlumatların məqsədli şəkildə təhrif olunması və emosional manipulyasiya vasitəsilə ictimai rəyə təsir göstərilməsi mümkün olur.
Bu baxımdan, milli həmrəyliyin qorunması bütün cəmiyyətin məsuliyyətidir. Dövlətçilik və milli maraqlar məsələsində sağlam ictimai mövqenin formalaşması, fərqli fikirlərin hüquqi və sivil müstəvidə ifadə olunması, qanunun aliliyinə hörmət sabitliyin əsas şərtlərindəndir.
Azərbaycanın müstəqillik tarixinin təcrübəsi də göstərir ki, ölkənin üzləşdiyi müxtəlif siyasi çağırışların dəf edilməsində əsas amillərdən biri xalqın dövlətçilik mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cəmiyyətin mənəvi dəyərlərə, ənənələrə və milli həyat tərzinə bağlılığı bu baxımdan mühüm sosial dayaqlardan biridir.
Əsas məsələ cəmiyyətin antimilli çağırışlar qarşısında immunitetinin gücləndirilməsi, dövlətçilik düşüncəsinin və milli həmrəyliyin qorunmasıdır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Türk Dövlətləri Təşkilatı: Birlik, təhlükəsizlik və əməkdaşlıqla güclənən beynəlxalq mövqe