Elçin Zaman |
Ermənistanda yeni siyasi gərginliyin yaranmasında qarşıdakı parlament seçkiləri katalizator rolunu oynaya bilər. Aprelin 2-də işğalçı ölkədə keçiriləcək parlament seçkilərində ciddi siyasi qarşıdurmanın hətta vətəndaş müharibəsinə çevrilməsi ehtimalları mövcuddur. Ermənilərin qənaətincə, Serj Sarkisyan siyasətdə daha praqmatik düşünə bilən Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyanın tərəfdarlarının qələbə çalmaması üçün bütün inzibati və siyasi resurslarından istifadə edəcəkdir. Hətta lazım gələrsə seçkinin nəticələrini saxtalaşdırmağa nail olacaq.
Serj Sarkisyan üçün digər rəqib xələfi olduğu keçmiş prezident Robert Koçaryandır. Geniş maliyyə qaynaqlarına və erməni lobbisinin himayəsinə sahib olan bu zatın da tərəfdarlarının seçkilərdə qələbə qazanmaq ehtimalı Sarkisyanı ciddi şəkildə təşvişə salır.
Qeyd edək ki, Serj Sarkisyanın ikinci prezidentlik dönəmi 2018-ci ilin fevral ayında başa çatır. O postsarkisyan dövründə başına nələr gələcəyindən qorxaraq Ermənistanın parlamentli respublikaya çevrilməsi üçün referenduma getdi. Yəni özündən sonrakı dövrdə prezidentin səlahiyyətləri azaldılır, parlamentin səlahiyyətləri isə genişləndirilir.
Bununla da Serj Sarkisyan siyasi uduşa nail olmaq istəyir. O yeni parlamenti öz tərəfdaşlarından formalaşdırmaqla postsarkisyan dövrü üçün indidən münbit zəmin yaratmaq niyyətindədir.
Serj Sarkisyan yaxşı anlayır ki, ondan sonra hakimiyyətə gələcək komandası tərəfindən onun prezidentlik dövründəki korrupsiyadan, ölkəni talamasından, tayfabazlıq və regionçuluq hallarından, ən nəhayət 2016-cı ilin aprel döyüşlərində Azərbaycana uduzmasından ciddi şəkildə sorğu-suala tutula, hətta həbs edilə bilər. Ona görə də yeni parlamentdə deputatlarının sayını daha çox artırmağa da çalışan Serj Sarkisyan lazım gələrsə müttəfiqlərinə qarşı hərbi savaş açmağa cəhd edəcək.
Əslində Serj Sarkisyan dövrü bitmək üzrədir. Məhz onun hakimiyyəti dövründə işğalçı ölkədə ciddi siyasi qarşıdurmalar baş verib və bəzən bu, silahlı toqquşmalarla nəticələnib. Belə ki, o, 2008-ci ilin fevralında keçirilən prezident seçkilərində seçkiləri saxtalaşdıraraq hakimiyyətə gəlmişdir. Buna etiraz edən mitinqçilər gülləbaran edilmiş və 8 Ermənistan vətəndaşı öldürülmüş, 50-dək insan yaralanmışdı. Ümumiyyətlə, Serj Sarkisyanın hər iki prezidentlik dönəmində Ermənistanda 200- dən çox insan siyasi məhbusa çevrilib. 20-dən çox insan siyasi qarşıdurmalarda polislər tərəfindən güllə-baran edilərək qətlə yetirilib. Hər il Ermənistanı 20 mindən çox insan tərk edir. Serj Sarkisyan hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatı iflas həddinə çatdırılıb.
Eyni zamanda, ermənilər Azərbaycan dövlətinin büdcəsindəki davamlı artımı, əhalinin sosial vəziyytinin yüksəlişini, ordu quruculuğuna və tikinti-abadlıq işlərinə ayrılan iri həcmli maliyyə vəsaitlərini müşahidə etdikcə, ölkəsinə və hakimiyyətinə qarşı daha barışmaz olurlar.
Artıq ermənilər də anlayırlar ki, Ermənistan dövlətinin Cənubi Qafqazda Azərbaycanın sahiblik etdiyi layihələrdən kənarda qalması, hər il ölkələrini yüz milyonlarla dollar gəlirdən məhrum edir. Levon Ter- Petrosyan ötən həftə mətbuata verdiyi açıqlamasında bildirmişdir ki, Ermənistan güclü Türkiyə ilə əməkdaşıq etmədikcə və həmçinin regiondakı iqtisadi layihələrdən kənarda qaldıqca ölkəsinin iflası qaçılmaz olacaq.
İndi Ermənistanın xarici borcu 5 milyard ABŞ dollarından çoxdur. Bu göstəriciyə görə o, MDB-də birinci yerdədir. İqtisadi qanunlara görə, Ermənistan kimi ərazicə kiçik, iqtisadiyyatı zəif olan bir ölkənin bu qədər xarici borcu varsa onun dövlət müstəqilliyi itmiş sayılır.