KÖŞƏ

Elçin Zaman

Düşmən eyni, zaman və taktika fərqli

06 yanvar 2017 14:33
3007

Türklərin bir əsr əvvəlki milli birliyi və qeyrəti yenidən sınağa çəkilir

Tarix təkrarlanır. Düz bir əsr əvvəl Osmanılı dövlətinin çöküşündən sonra qardaş Türkiyəyə qarşı olan xarici basqılar və hücumlar yenidən təkrar edilir. Ötən əsrin əvvəllərində İngiltərə, Fransa, Yunanıstan, İtaliya və digər ölkələr dağılmış Osmanlı imperiyasının varisi olan yeni Türkiyəni birdəfəlik xəritədən silmək istədilər.

Ancaq türklərin millət kimi qırılmaz iradəsi, sınmaz qürurları onları bir dövlət kimi məhv olmaqdan qurtardı. Böyük Mustafa Kamal Paşanın sərkərdəliyi ilə antitürk koalisiyasının 75 minlik ordusunun hərb maşınına qarşı savaş başlandı. Məşhur Çanaqqala döyüşləri ilə (bu döyüşlər 1915-ci ilin martın 18-dən başlayaraq 1916-cı ilin yanvarın 9-dək davam etdi) türklər avropalı işğalçılara elə ağır zərbələr vurdular ki... Sonda Avropa türkün döyüşkən ruhu, milli birliyi və qeyrəti qarşısında məğlub oldu.

Reallıq budur: bu gün Türkiyə yüz il öncəki düşmənləri ilə yenə də mübarizədədir. Sadəcə bu dəfə mehriban düşmənlərin taktikası tam fərqlidir. Belə ki, Avropa ölkələri, o cümlədən onların istiqamətvericisi ABŞ Türkiyə Cümhuriyyəti ilə açıq savaşdan çəkinsələr də, ona qarşı hərbi savaşı terrorçu təşkilatlar vasitəsi ilə həyata keçirirlər.

Qardaş ölkənin cəlb olunduğu müharibə genişmiqyaslıdır. Türkiyəni mühasirəyə almış xain terrorun mənzərəsi isə belədir: ölkənin daxilində FETÖ, xaricində İŞİD, PKK və onun İraq və Suriya qolları olan PYD və YPQ. 

Türkiyənin Suriyada İŞİD-ə qarşı apardığı müharibədə artıq bir neçə türk hərbçisinin həlak olmasına dair faktlar da var. Peşəkar türk hərbçilərinin terrorçu təşkilatın üzvləri ilə döyüşdə həlak olması faktı bir daha göstərir ki, terrorçular ən müasir silahlarla təmin ediliblər. Çox qəribədir paytaxtı, dövləti, hərbi zavodu olmayan bir terrorçu təşkilat qısa müddətdə belə bir gücü hardan aldı?  Eyni zamanda, əgər bu terrorçu təşkilatın ideologiyası İslama “xidmətdirsə” niyə xristian dövlətlərinə deyil, elə islam ölkələrinə qarşı savaşır? Məhz ABŞ və onun bəzi xristian müttəfiqlərinin fəaliyyətsizliyinin nəticəsidir ki, İŞİD sanki məğlubedilməz qüvvəyə çevrilib.

Onlara qarşı guya NATO-nun koalisiya qüvvələri mübarizə aparırlar. Ancaq həmin terrorçu təşkilatların döyüşdüyü silahların da elə ABŞ istehsallı olduğu təsdiqini tapır. Sözdə İŞİD-ə və PKK-ya qarşı döyüşməyi öhdəlik kimi öz üzərlərinə götürən ABŞ və Avropa Birliyi ölkələri əslində ikili oyun oynayaraq NATO-dakı hərbi müttəfiqləri olan Türkiyəyə deyil,  İŞİD-ə dəstək verirlər. 

Türkiyənin Baş naziri Binəli Yıldırım iki gün əvvəl ABŞ-a səslənərək seçim etmələrini təklif etdi. Baş nazir bildirdi ki, ABŞ İŞİD-ə, PKK-ya və onun  qolları olan YPQ və PYD-yə, həmçinin  FETÖ-yə açıq və gizli dəstək verir. Türk istihbaratının kəşfiyyat məlumatlarına görə, 2015-ci ildə Kobanidə bir-birinə qarşı döyüşən İŞİD və YPQ qüvvələri indi birləşərək Türkiyəyə qarşı döyüşürlər. Eyni zamanda Suriyadakı rus hərbi kəşfiyyatı belə bir məlumat yaydı ki, Hələbdə mühasirəyə düşən İŞİD qüvvələrinin mühasirədən çıxmasına ABŞ hərbi hava qüvvələri dəstək verib. ABŞ bu faktı etiraf etsə də guya koordinatları səhv saldığını bildirdi.

Türkiyədə az qala hər gün baş verən terror hücumları qardaş ölkənin milli təhlükəsizliyi üçün ciddi təhlükə olaraq qalır. Terror hadisələrində digər məqsəd bu ölkəni iqtisadi cəhətdən çökdürməkdir. Qeyd edək ki, Türkiyə turizm ölkəsidir və onun milli gəlirinin 30-35 faizi bu sektorun payına düşür. Məsələn, 2013-cü ildə bu ölkə təkcə turizm sektorundan 34 milyard dollar gəlir əldə etmişdi. İstanbulda törədilən qətliamlar Türkiyənin turizm sektorunu iflas etmək üçün hazırlanan ciddi planın tərkib hissəsidir.

Eyni zamanda, Türkiyə son 10 ildə yüksək iqtisadi inkişafa nail olmaqla dünyanın 20 ən böyük dövlətləri cərgəsinə qoşulub. Türkiyə dövlətinin 2023-cü il hədəflərində ixracatın həcmini 500 milyard dollara çatdırmaq planı var. Son iki ildə İstanbulda həyata keçirilən böyük tikinti layihələri, xüsusən iki yeni nəhəng körpünün açılışı (ötən ay istifadəyə verilən və dəniz altından keçərək şəhərin Asiya hissəsi ilə Avropa hissəsini birləşdirən Avrasiya körpüsü) dünyanı heyrətləndirdi.

Bu və digər önəmli inkişaf faktları təbii ki, islamofobiyadan əziyyət çəkən ABŞ-ı və Avropanı Türkiyəyə qarşı səfərbər etməyə sövq edir. Necə deyərlər, onlar güclü Türkiyə ilə deyil, zəif, çökmüş Türkiyə ilə “müttəfiqlik” etmək arzusundadırlar.