Elçin Zaman |
Qardaş Türkiyənin və Azərbaycanın əziyyət çəkdiyi bu tendensiya Qərbə nə üçün lazımdır?
Qardaş Türkiyənin Avropa Birliyi ilə münasibətləri sərtləşməkdə davam edir. Buna səbəb isə Türkiyə Cümhuriyyətinin öz ərazi bütövlüyünü qorumaqda və terrora qarşı açdığı hərbi mübarizəni, eyni zamanda, hüquq müstəvisinə keçirmək qətiyyətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm PKK, həm də fetöçü terror təşkilatlarına qarşı apardığı mübarizəni isə Avropa Birliyi və ABŞ qəbul etmək istəmir. Xüsusən hər gün Türkiyədə terror hadisəsi törədən və təkcə 2016-cı ildə 200-dək mülki vətəndaşı, onlarla polis və əsgəri qətlə yetirən PKK terror qruplaşmasının siyasi qanadı olan kürdyönümlü HDP-nin bir neçə liderinin həbsi (onların arasında deputatlar və bələdiyyə sədrləri də var) Avropanın “insan hüquqçularını” özündən çıxarıb. Halbuki Türkiyə Cümhuriyyəti ədalətinə təslim edilən bu “siyasətçilər” PKK-ya davamlı olaraq hərbi dəstək də veriblər.
Təbii ki, Türkiyədə yaşayan çoxsaylı kürdlər PKK-nı lənətləyərək terrora hərbi-siyasi dəstək verənlərin də qanuni cəzalarını almağı tələb edirlər.
PKK əslində türk düşməni olan ölkələrdən maliyyələşir və silahlanır. Xüsusən narkoticarətlə geniş əlaqələri olan PKK, həm də ermənilərin terrorçu təşkilatı olan ASALA ilə geniş əməkdaşlığa malikdir. Burada bir ciddi məqama diqqət yetirmək lazımdır ki, siyasi hakimiyyətdə terrorçuların oturduğu Ermənistanda PKK-nın hərbi təlim bazaları mövcuddur. Əslində, PKK erməni kəşfiyyat orqanlarının əmrlərini yerinə yetirməklə birbaşa Ermənistanın mənafeyi naminə fəaliyyət göstərir. Bu barədə Türkiyənin məxfi qurumlarında da kifayət qədər məlumatlar mövcuddur.
Məntiqsizliyin bariz nümunəsi odur ki, ABŞ-ın, Avropa ölkələrinin terrorçu təşkilatlarla mübarizə adı altında Əfqanıstanda, İraqda, Liviyada, Suriyada işğalçılıq siyasəti yeritməsi faktlarına beynəlxalq təşkilatlarda susqunluq göstərildiyi halda, Türkiyənin öz vətəndaşlarını və dövlətini terrordan qoruması antidemokratik görünməyə başlayıb.
Təbii ki, qardaş Türkiyəyə qarşı yürüdülən ikili standart siyasətindən zaman-zaman Azərbaycana qarşı da istifadə olunub və bu gün də davam etməkdədir.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana qarşı Avropanın və ABŞ-ın sərt münasibət göstərməsi gözlənildiyi halda, ölkəmizə “Azadlıq Aktı”na “907-ci düzəliş” kimi rəzil bir sanksiya tətbiq edilib. Parlamenti dəfələrlə gülləbaran edilən, baş naziri qətlə yetirilən, heç bir siyasi və hüquqi azadlığı olmayan Ermənistanın başını tumarlamaq təbii ki, illərdir mövcud olan xristian təəssübkeşliyinin bu gün də daha geniş şəkildə davam etməsidir.
Əslində, Ermənistanın hərbi rejimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dünyaya müsəlmanların xristianlara qarşı mübarizəsi kimi təqdim etmək istəyir. Xüsusən, Türkiyə, Azərbaycan və İran kimi böyük dövlətlərlə sərhədi olan Ermənistan həyasızcasına dünyaya göstərməyə cəhd edir ki, müsəlman dövlətlərinin blokadasında boğulur. Yəni Ermənistan Azərbaycanla müharibəni sivilizasiyalararası mübarizə kimi qələmə vermək istəməklə Qərbdən işğalçılıq siyasətinə dəstək almağa çalışır.
Qərb yaxşı anlayır ki, Türkiyə terrorçulara, Azərbaycan isə işğalçılara qarşı apardığı mübarizədə haqlı tərəfdir. Lakin reallıqda isə haqlının yanında durmaq istəmirlər. Ona görə ki, həm Türkiyə, həm də Azərbaycan bölgədə inkişaf edən böyük gücə çevrilirlər. Xüsusən, Türkiyə Cümhuriyyətinin qarşısına qoyduğu gerçək hədəflər bəllidir: 2023-cü ilədək iqtisadi inkişafı bir neçə dəfə yüksəltmək, ixracı 500 milyard dollara çatdırmaq, beləliklə də dünyanın ən güclü 10 ölkəsi sırasına qoşulmaqdır. Hazırda qardaş ölkə dünyanın ən böyük iqtisadi gücünə sahib 20 dövlətdən biridir.
Eyni zamanda, Azərbaycan dövlətinin 2020-ci il hədəflərində iqtisadi gücü iki dəfə artırmaq, bölgənin daha çox ixracat edən ölkəsinə çevrilməkdir. Hər iki fakt təbii ki, xristian dünyasını qıcıqlandırır. Ona görə də bu gün Türkiyənin iqtisadi inkişafını əngəlləmək üçün əgər Qərb əlində PKK-nı bir vasitə tutursa, Azərbaycan üçün isə Ermənistandan istifadə edir.
Lakin bütün bunlara rəğmən Avropanı bürüyən islamofobiyaya qarşı ən dəyərli və dəqiq siyasət ölkəmizdəki multikulturalizm dəyərlərini nəinki qorumaq, hətta onun miqyasını genişləndirməkdir. Azərbaycan xalqı və dövləti özündə ehtiva etdiyi multikultural dəyərlərlə dünyaya göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sivilizasiyalararası müharibə deyil, Ermənistanın işğalçılıq siyasətidir.
Əsl reallıq isə belədir ki, ölkəmizdə ruslar, yəhudilər, gürcülər, hətta ermənilər yaşayırlar. Onların dini adət-ənənələrinə, inanclarına, milli mədəni dəyərlərinə həm dövlətimiz, həm də xalqımız tərəfindən böyük qayğı mövcuddur. Onlarla xristian kilsələri, yəhudi sinaqoqları, hətta paytaxtdakı erməni kilsəsi Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə təmir edilərək inanclı insanların istifadəsinə verilib. Bu isə o deməkdir ki, multikultural dəyərlərə sahib Azərbaycan kimi bir ölkənin vətəndaşı olmaq insanlarımıza həyatını təhlükəsiz və firavan yaşamağa geniş imkanlar yaradır.