02 may 2025 10:51
237

Azərbaycan və İran: Körpülər qurulur, dəhlizlər açılır…

Bunlar xalqlar arasında qarşılıqlı anlayışın, tarixi yaddaşın və ortaq gələcəyə inamın təməl sütunlarıdır

Bu gün Azərbaycan və İran münasibətləri regionun təhlükəsizliyi, iqtisadi sabitliyi və mədəni harmoniyası baxımından strateji əhəmiyyət kəsb edən bir mərhələyə qədəm qoyub. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Azərbaycanla İran arasında ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərlə yanaşı, həm də Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.  İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana  mühüm siyasi nəticələrlə yadda qalan  rəsmi səfəri çərçivəsində keçirilən tədbirlər, iki qonşu dövlət arasında imzalanmış sənədlər  iki ölkə arasında tarixi bağların, mədəni-humanitar əlaqələrin, hətta qohumluq münasibətlərinin olduğuna göstərməklə yanaşı,  Azərbaycan-İran əlaqələrinin bundan sonra da dinamik inkişafına öz müsbət töhfəsini verəcəkdir.

 “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişafı strateji prioritetlər sırasında yer alır. Türkiyə və Rusiya ilə qurulan müttəfiqlik münasibətləri, Gürcüstanla dərinləşən strateji tərəfdaşlıq formatı fonunda, İranla əlaqələrin də keyfiyyətcə yeni mərhələyə keçidi üçün real və tarixi imkan yaranmışdır. İran İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

Cəsarət Hüseynzadə qeyd etdi ki, səfər zamanı liderlərin bir-birinə “əziz qardaşım” ifadəsi ilə müraciət etməsi, münasibətlərin rəsmi çərçivədən kənara çıxaraq, dostluq və qardaşlıq müstəvisinə keçdiyini nümayiş etdirdi. İran prezidentinin çıxışında keçmişə dair vurğuladığı məqamlar isə rəsmi Tehranın regionda yeni yanaşma və siyasət xəttinin formalaşmaqda olduğunu göstərir.

Həmsöhbətimiz vurğuladı ki, Azərbaycan–İran münasibətləri dərin tarixi və mədəni köklərə əsaslanır. Bu münasibətlərin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə regional və qlobal dəyişikliklərə uyğun şəkildə davam etdirilmişdir. Tərəflər arasında əməkdaşlıqda ortaq tarixi-mədəni dəyərlər və qohumluq əlaqələri xüsusi yer tutur. Azərbaycan hər zaman İranla dinc yanaşı yaşama, daxili işlərə qarışmama və xalqın iradəsinə hörmət prinsipləri əsasında münasibətlər qurmağa çalışmışdır.

C.Hüseynzadə əlavə etdi ki, 2020-ci il Vətən müharibəsindən sonra formalaşdırılan 3+3 əməkdaşlıq formatı, İranın regionda sülh və sabitlik təşəbbüslərinə fəal şəkildə qoşulmasına şərait yaratdı. Eyni zamanda, Azərbaycanın regiona kənar aktorların müdaxiləsinə qarşı çıxması, bu məsələdə İranla ortaq mövqe sərgiləməsi münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan–İran–Türkiyə və Azərbaycan–Rusiya–İran formatlarında üçtərəfli əməkdaşlıq platformaları da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmış və bu gün uğurla davam etməkdədir. Bu əməkdaşlıq formatları regionda iqtisadi, siyasi və təhlükəsizlik müstəvisində sabitliyin təmin olunmasına xidmət edir.

QHT sədrinin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Kəlalə–Ağbənd layihəsi regionda logistik inteqrasiyanın əsas sütunlarından birinə çevrilməkdədir. Yolun Araz çayı üzərindən keçməsi, ona sadəcə, infrastruktur layihəsi yox, həm də simvolik bir məna qazandırır və bu səbəbdən “Araz dəhlizi” adlandırılması getdikcə  diqqəti daha çox cəlb edir.  Bu dəhliz təkcə Azərbaycanla İran arasında əlaqə yaratmaqla kifayətlənmir. O, Qara dənizlə Fars körfəzini birləşdirən mühüm bir strateji marşrut kimi formalaşır. Yeni yol Kəlalə–Ağbənd–Cəbrayıl–Füzuli–Ağdam–Yevlax–Gəncə–Tbilisi–Batumi xətti üzrə uzanaraq, Qara dənizə çıxışı təmin edən əsas yük və sərnişin koridoruna çevrilə bilər. Bu marşrut, həmçinin Avropa ilə Asiyanı birləşdirən alternativ ticarət yolu kimi də dəyərləndirilir. Onun iqtisadi və geosiyasi əhəmiyyəti yalnız tranzit gəlirləri ilə ölçülmür. Bu dəhliz, eyni zamanda, bölgədə iqtisadi inteqrasiyanı dərinləşdirəcək, sərhədlərarası əməkdaşlığı gücləndirəcək, regionun ticarət, nəqliyyat və təhlükəsizlik arxitekturasında mühüm rol oynayacaq.

Cəsarət Hüseynzadə dövlətlərarası münasibətlərlə bağlı fikirlərini belə yekunlaşdırdı: “Bütün bu proseslər onu göstərir ki, Azərbaycanla  İran arasında formalaşan bu yeni dinamikanın davamlı və məhsuldar şəkildə inkişafı üçün qarşılıqlı siyasi iradə, təcrübəli təmkin və səmimi yanaşma zəruridir. Azərbaycan daim öz siyasətində açıq mövqe sərgiləmiş, həm sözünə, həm də imzasına sahib çıxan bir dövlət kimi beynəlxalq aləmdə hörmət qazanmışdır. Regionda sabitlik və inkişaf naminə münasibətlərin qorunub saxlanılması, daha da irəli aparılması üçün İranın da bu prinsiplərə sadiq qalması vacibdir. Azərbaycan hər zaman öz suveren ərazilərində İranla dostluq və mehriban qonşuluq ruhunda münasibətlərin qurulmasına çalışmış, bu torpaqlardan heç bir üçüncü qüvvənin İranın əleyhinə istifadə etməsinə icazə verməmişdir. İndiki mərhələdə də, münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı etimada əsaslanan, məsuliyyətli və uzaqgörən siyasət labüddür. Azərbaycan–İran münasibətlərində bu gün qurulan körpülər və açılan dəhlizlər, təkcə fiziki yollar deyil – bunlar xalqlar arasında qarşılıqlı anlayışın, tarixi yaddaşın və ortaq gələcəyə inamın təməl sütunlarıdır. İnanırıq ki, bu yol və körpülər yalnız rifah və tərəqqiyə deyil, həm də sabitlik və uzunmüddətli əməkdaşlığa aparan davamlı bir iradənin təzahürüdür.

Yaqut Ağaşahqızı, “İki sahil”