02 may 2025 21:14
141

Azərbaycan-İran əlaqələri region üçün strateji əhəmiyyət daşıyır - ŞƏRH

Azərbaycan Respublikası, İran İslam Respublikası ilə münasibətlərini mehriban qonşuluq, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və faydaya əsaslanan prinsiplər üzərində qurur və bu əlaqələrin inkişafında hər iki tərəfin nümayiş etdirdiyi güclü siyasi iradəni əsas götürür. Bu yanaşma, regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş uğurlu diplomatik xəttin bir hissəsidir.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır və iki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan qarşılıqlı hörmət və əməkdaşlıq prinsipini əsas götürərək, yaxın qonşuluq əlaqələrini daim prioritet kimi qəbul edib. Tarixən bu prosesə radikallar kölgə salmağa cəhd etsələr də, Azərbaycan heç zaman spekulyasiya və manipulyasiyaların iştirakçısı olmayıb. Diplomatik münasibətlərdə səylərimiz ildən-ilə genişlənib. Azərbaycanla İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər mütəmadi olaraq keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkianla Bakıda keçirilən görüşündən sonra mətbuata verdiyi bəyanat, ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Dövlət başçımızın verdiyi mesajlar Azərbaycanın prinsipial mövqeyini, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasətini açıq şəkildə nümayiş etdirdi. Ən vacibi isə dövlət başçımız bölgədə sülhün, əməkdaşlığın və sabitliyin təmin olunmasının Azərbaycan üçün prioritet olduğunu bir daha bəyan etdi.

Rəsmi Tehranın yeni geosiyasi düzəndə ölkəmizlə əlaqələri normallaşdırma yolunu tutması Cənubi Qafqazın davamlı inkişafı, həmçinin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qorunması çərçivəsində böyük önəm daşıyır. Məhz bundan sonra da əlaqələrin genişləndirilməsi daim iki ölkə liderinin diqqət mərkəzində olacaq. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, bu gün dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”

Öz növbəsində, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian da bildirib ki, calışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun: “Bütün sahələrdə - sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq. Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun.”

Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu bəyanatlar, iki ölkə arasında tarixi, mədəni və dini bağlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəlib.

Son illərdə bu iki ölkə arasında iqtisadi müstəvidə həyata keçirilən konkret layihələr, sərhəd keçid məntəqələrinin infrastruktur baxımından təkmilləşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi nəticəsində ticarət dövriyyəsində sabit və yüksələn dinamika müşahidə olunur. Hətta əvvəlki illərdə müəyyən durğunluqlar yaşansa da, hazırda bu əlaqələr davamlı şəkildə inkişaf edir. İqtisadi əməkdaşlığın dərinləşməsi nəinki iki ölkənin milli maraqlarına, həm də regionun iqtisadi sabitliyinə xidmət edir.

Azərbaycanla İran arasında aparılan ticarət və nəqliyyat danışıqları nəticəsində bir sıra sərhəd və tranzit infrastrukturları müasirləşdirilmiş, yeni körpü və dəhlizlərin inşasına başlanılmışdır. Bütün bu addımlar ikitərəfli iqtisadi əlaqələrin daha dayanıqlı və çoxşaxəli əsaslar üzərində qurulmasına şərait yaradır. Perspektivdə enerji, kənd təsərrüfatı, sənaye və alternativ texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi də planlaşdırılır ki, bu da əməkdaşlığın coğrafiyasını və iqtisadi dəyərini daha da artıracaq.

Bu baxımdan, Azərbaycan-İran iqtisadi münasibətləri təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün də strateji əhəmiyyət daşıyır və gələcəkdə daha geniş miqyasda əməkdaşlığa əsas ola biləcək real potensiala malikdir. Azərbaycanın İranla sərhəd boyunca yerləşməsi və həmçinin regional tranzit marşrutlarına çıxışı, bu ölkələr arasında iqtisadi əlaqələrin daha da güclənməsi üçün imkanlar yaradır. Bəzi illər istisna olmaqla, Azərbaycanın İranla ticarət dövriyyəsi əsasən yüksələn xətlə inkişaf edib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 647 milyon dollar olub. 2023-cü illə müqayisədə dövriyyə 33 faiz artıb.

Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.

Keçirilən görüş və verilən bəyanatlar onu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz suverenliyinə, milli maraqlarına söykənərək uğurlu siyasət aparır və qonşularla münasibətlərdə ədalətli və qarşılıqlı faydalı əlaqələrin tərəfdarıdır. Əminik ki, cənab Prezidentin apardığı qətiyyətli siyasət nəticəsində Azərbaycan-İran əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bölgədə daha güclü sabitlik və rifah təmin olunacaq.

Şəmsiyyə Əliqızı,
 “İki sahil”