14 aprel 2026 21:36
206

Elmi Cərrahiyyə Mərkəzi: Müasir texnologiyalar, elmi tədqiqatlar və innovativ cərrahiyyənin aparıcı ünvanı - MÜSAHİBƏ

Cərrahi aktivlik 93 faizə çatır, pasiyent məmnuniyyəti yüksəlir, çətin cərrahi hallarda multidissiplinar yanaşma tətbiq olunur

Müasir səhiyyə sistemi daim inkişaf edən, innovasiyaların və yüksək texnoloji yanaşmaların sürətlə tətbiq olunduğu bir sahədir. Bu inkişafın əsas istiqamətlərindən biri cərrahiyyənin elmi əsaslar üzərində təkmilləşdirilməsi, diaqnostika və müalicə proseslərində beynəlxalq standartlara uyğun metodların geniş tətbiq edilməsidir.

Son illərdə tibbi texnologiyaların yenilənməsi, minimal invaziv üsulların geniş yayılması və elmi tədqiqat nəticələrinin klinik praktikaya inteqrasiyası pasiyentlərə göstərilən xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bununla yanaşı, gənc mütəxəssislərin hazırlanması, ixtisasartırma proqramlarının təşkili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi səhiyyə sisteminin davamlı inkişafında mühüm rol oynayır.

Mövzu çərçivəsində Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM)  baş həkimi Nazim Hacıyevin “İki sahil”qəzetinə müsahibəsində bu tibb müəssisəsinin ölkə səhiyyə sistemində rolu, tətbiq olunan müasir cərrahi texnologiyalar, elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri və gələcək inkişaf hədəflərindən bəhs edilir.

-Elmi Cərrahiyə Mərkəzinin ölkə səhiyyə sistemində rolu nədən ibarətdir?

-“Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi” publik hüquqi şəxsin ölkə səhiyyə sistemində rolu çox vacibdir, çünki o, qabaqcıl tədqiqatların, innovativ müalicə metodlarin tətbiqində və kadr hazırlığında mühüm rol oynayır. Elmi Cərrahiyyə Mərkəzi ölkə səhiyyə sistemində elmi araşdırmaların aparılmasına, məlumatların standartlaşdırılmasına və klinik qərarların dəstəklənməsinə böyuk töhfə verir. Bu, həm də səhiyyə siyasətinin formalaşmasında və keyfiyyətin artırılmasında mühüm rol oynayır.

-Mərkəzdə tətbiq olunan ən müasir cərrahi texnologiyalar hansılardır?

-Mərkəz angioqrafiya, endoskopiya, KT və şua diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunub. Son dövrlərdə plastik və rekonstruktiv cərrahiyyə şöbəsi də yaradılıb. Mərkəzdə müasir avadanlıqlar hesabına mürəkkəb rekonstruktiv-bərpaedici və az invaziv əməliyyatlar keçirilir.

 -Elmi-tədiqat fəaliyyətinizin prioritet istiqamətləri nələrdir?

 -“Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi” publik hüquqi şəxsin elmi tədqiqat işləri Azərbaycan Respublikası əhalisinin sağlamlığının və xəstəliklərinin regional xüsusiyyətləri, monitorinq, epidemiologiya, müalicə və profilaktika üsullarının təkmilləşdirilməsi məqsədilə 1 problem əsasında 4 mövzu üzrə aparılmışdır:

Ürək-damar xəstəliklərinin cərrahi müalicəsi.

 Endokrin vəzləri xəstəliklərinin patogenezi, klinikası, müalicəsi və profilaktikası:

Qarın boşluğu üzvlərinin cərrahi müalicəsi:

Cərrahi xəstəliklər zamanı ağrısızlaşdırılma və intensiv terapiya üsullarının təkmilləşdirilməsi

Bu mövzular ətrafında 12 iş üzrə aparılmış elmi-tədqiqat planı yerinə yetirilmişdir.

- Gənc cərrahlarin hazırlanması və ixtisasartırma prosesi necə təşkil olunur?

-Mərkəzdə gənc cərrahların hazırlanması və ixtisasartırma prosesləri müxtəlif yollarla təşkil olunur. Mərkəzdə ümümi cərrahlıq, anesteziologiya və ürək-damar cərrahiyyəsi sahələrində doktorantura və dissertanturaya gənc cərrahları elmi-tədqiqat işləri üçün qəbul edilir. Həmçinin davamlı tibbi təhsil proqramları və beynəlxalq təcrübə mübadiləsi təşkil olunur. Tələbələr və gənc mütəxəssislər burada həm elmi, həm də praktik təcrübə qazanırlar. Mərkəzə hər il rezidentura təhsili üçün gənc həkimlər qəbul edilir. Qeyd etmək lazımdır ki, Elmi Cərrahiyyə Mərkəzində Azzərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi cərrahiyyə kafedrasının bazaları fəaliyyət göstərir.

- Beynəlxalq əməkdaşlıq sahəsində hansı mühüm layihələr həyata keçirilir?

-“Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi  şəxsin dünyanın bir sıra aparıcı elmi-kliniki mərkəzləri ilə sıx əlaqələri mövcuddur. Demək olar ki, hər il Mərkəzin təşəbbüsü və rəhbərliyi ilə respublikada beynəlxalq tədbirlər təşkil edilir.

Bundan başqa, Mərkəz Türkiyə, Rusiya, Ukrayna, İran və bir sira dövlətlərin aparıcı klinikaları ilə sıx əməkdaşlıq edir.

“Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsin təsis etdiyi Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyi Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL)  beynəlxalq tədqiqat cəmiyyətləri ilə yaxından əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Elmi Cərrahiyyə Mərkəzi, eyni zamanda, elmi fəaliyyətlə əlaqədar Rusiya Fedrasiyası O.K.Skobelkin adına Federal Tibbi-Bioloji Angentliyin Elmi-Praktik  Lazer Təbabəti Mərkəzi, Ukrayna Tibb Elmləri Akademiyasının N.M.Amosov adına Milli Ürək-Damar Cərrahiyyəsi İnstitutu, Qazaxıstan Respublikası A.N.Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzi kimi xarici müəssisələrlə birgə işlər aparır.

 2025-ci ildə Elmi Cərrahiyyə Mərkəzi və Ankara Universiteti arasında elmi-tibbi əməkdaşlıq memorandumu imzalanmışdır. İmzalanan sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin daha da güclənməsinə, birgə innovativ təşəbbüslərin və elmi nailiyyətlərin inkişafına töhfə verəcək.  2025-ci ilin noyabr ayında Çin Xalq Respublikasında Asiya Elmlər Akademiyası yaradılmışdır. Azərbaycandan akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev və Mərkəzin Cərrahi qastroenterologiya üzrə elmi şöbənin rəhbəri, professor Əliniyaz Məmmədov Asiya Elmlər Akademiyasına üzv seçilmişlər. ECM-in əməkdaşlarının akademiyaya üzv seçilməsi Azərbaycanın elm sahəsindəki nüfuzunun və beynəlxalq aləmdəki layiqli yerinin təsdiqidir.

- Pasiyent məmnuniyyətinin artırılması üçün hansı tədbirlər görülür?

-Ümümiyyətlə, pasiyent məmnuniyyətini artırmaq üçün bir neçə tədbir görürük. Xəstə ilə şəffaf ünsiyyət yaradılır, onlarin ehtiyaclarını dinləyirik, hər biri ilə fərdi yanaşma qururuq, vaxtında cavab verməklə və keyfiyyətli xidmət göstəririk. Bu amillərin hesabına pasiyentlərin etibarını və  məmnuniyyətini xeyli artırırıq. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına növbədənkənar tibbi xidmət göstərilir.

- Çətin və nadir cərrahi halların müalicəsində Mərkəzin üstünlükləri nələrdir?

-Çətin və nadir cərrahi halların müalicəsində Mərkəzin əsas üstünlükləri ixtisaslaşmış tibbi komanda, müasir avadanlıq və texnologiyalar, eləcə də multidissiplinar yanaşmadır. Müxtəlif sahələr üzrə mütəxəssislərin birgə qərar qəbul etməsi daha dəqiq diaqnostika və effektiv müalicəyə imkan yaradır.

Birincisi, Mərkəzin ixtisaslaşmış komandası var. İkincisi, ən müasir avadanliqlar və  texnologiyalar mövcuddur. Üçüncüsü, multidistiplinar yanaşma ilə birgə çalışırıq, yəni bir neçə sahənin mütəxəssisləri bir yerdə qərar qəbul edirlər. Bu da nadir və çətin halların dəqiq və daha effektiv müalicəsinə zəmin yaradır.

-Mərkəzdə ortalama olaraq  gündəlik və ya aylıq neçə cərrahi əməliyyat həyata keçirilir?

-Elmi Cərrahiyyə Mərkəzinə ambulator olaraq 100000-dən çox xəstə müraciət edir. Xəstə müraciəti hər il  8-10 faiz artır.  Mərkəzdə ayda 550-600 cərrahi əməliyyat aparılır. Beləliklə, Mərkəzdə cərrahi əməliyatların sayı da hər il 8-10 faiz artmış və cərrahi aktivlik 93 faizə qalxmışdır.

 -Ən çox hansı növ əməliyyatları edirsiniz və bu əməliyyatlar əsasən hansı səbəblərlə bağlı olur?

 -Mərkəzdə ən çox magistral damarlarda endovaskulyar (mini-invaziv) və açıq rekonstruktiv-bərpaedici cərrahi əməliyyatlar aparılır. Bu əməliyyatlarin səbəbləri  əsasən magistral arterial damarların ateroskleroz xəstəliyi ilə və trombozla bağlı olur. Bu kimi xəstəliklər arteriya damarlarını steno-okklyuziya edir və orqanlara qan təcizatını kəskin aşağı salır. Nəticədə insult, infarkt, böyrək çatışmazlığı, qanqrena və s. fəsadlar yaradır. Həmçinin qida borusu, mədə və bağırsaq, hepatobiliar və mədəaltı vəz patologiyaları səbəbilə mürəkkəb, rekonstruktiv əməliyyatlar yerinə yetirilir.

 -Gələcək inkişaf strategiyanız  və əsas hədəfləriniz hansılardır?

-Respublika Elmi Cərrahiyyə Mərkəzinin strategiyası  bir neçə əsas istiqaməti əhatə edir. Bu, müasir texnologiyalarin tətbiqi ilə tibbi xidmətin təkmilləşdirilməsi, elmi tədqiqatların inkişafı, kadrların davamlı təhsili, proseslərin rəqəmsallaşması və infrastrukturun modernləşdirilməsini əhatə edir. Həmçinin istedadlı mütəxəssisləri cəlb etməyi, maliyyə dayanıqlığını təmin etməyi və xidmətlərin keyfiyyətini artırmağı hədəfləyirik.

Yaqut Ağaşahqızı, “İki sahil”