13 noyabr 2026 18:36
184

Hansı sahədə uğurlar daha çoxdur? - İqtisadiyyat xəbərləri

Artıq 2026-cı ilin sonlarına yaxınlaşırıq. Azərbaycanın  cari ilin bu ayınadak olan  iqtisadi göstəriciləri müsbət tendensiyalardan xəbər verir sevindrici haldır ki, bu göstəricilər daha çox qeyri-neft sektorunu əhatə edir. 

Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70%-i ötüb

İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir: «Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir. Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır. Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib»

Ölkə üzrə muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1790,8 min nəfər olub, onlardan 836,8 min nəfəri dövlət sektorunda, 954,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışan işçilərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1 172,7 manat təşkil edib.

Fermer və təsərrüfatlara 1,9 milyon manata yaxın aqrar sığorta ödənişi edilib

Aqrar Sığorta Fondu tərəfindən 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin 38 rayon və şəhərindəki təsərrüfatlara ümumilikdə 1,872 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib.

Fondun məlumatına görə, təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1,362 milyon manat, bitkiçilik sığortası üzrə isə 510 min manat sığorta ödənişi edilib.

Əsas kapitala yönəldilən investisiyaların həcmi 10 faizədək artıb

2026-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 16 519,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 2,3 faiz artaraq 11 037,7 milyon manat təşkil edib.

27 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 27 milyon ABŞ dolları dəyərində tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,6 faiz artıb.

Cari ilin ilk 9 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,41 faizə bərabər olub.

Qeyri-neft-qaz sektorunda özəl investisiyalar 20,7% artıb

Anar Axundov özəl sektorun investisiya fəallığı barədə danışarkən bildirib ki, bu istiqamətdə qeyri-neft-qaz sektorunda qeyri-dövlət investisiyaları 20,7% artıb : « İxracın strukturu da yaxşılaşır. Kənd təsərrüfatı emalı məhsullarının ixracı 37%, qeyri-neft-qaz sənaye məhsullarının ixracı isə 21,5% artıb. Strateji valyuta ehtiyatları ilin əvvəlindən 5,1% artaraq 89,4 milyard dollara çatıb, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda qalır».

Nazir müavininin sözlərinə görə, büdcə daxilolmaları üzrə də müsbət dinamika davam edib: « “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12,6% artaraq 10,3 milyard manatı ötüb, dövlət büdcəsinin qeyri-neft-qaz gəlirləri isə 9,3% yüksəlib. İlin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 4,8%, ƏDV ödəyicilərinin sayı 6,9% artıb».

Ölkədən 5,7 milyon dollar dəyərində çay ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 5,7 milyon ABŞ dolları dəyərində 650 tondan çox çay ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 14,6 faiz, həcmi isə 18,9 faiz artıb.

Cari ilin ilk 9 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,09 faizə bərabər olub.

Elçin Zaman, «İki sahil»