Professor Əmir Əliyev: Qalxma və enmə qapalı su hövzələrinə aid xüsusiyyətdir
Müsahibimiz Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyevdir.
- Özü göl, dərdi dənizdir deyirlər Xəzərin. Bəlkə söhbətimizə dünyanın nadir su hövzəsi olan Xəzərlə bağlı səslənən bu fikrə münasibətinizlə başlayaq.
- Xəzər dənizi Yer kürəsində ən böyük qapalı su hövzəsidir. Okeanla heç bir əlaqəsi olmadığına görə o, coğrafi nöqteyi-nəzərdən göldür. Amma çox qədimdən əgər belə demək mümkünsə qədim Paratetisin (Hazırda həmin okeandan Qara dəniz, Aral dənizi, Xəzər dənizi kimi su hövzələri qalır) xələfi olduğundan və sahəsi böyük olduğuna görə o dəniz (sahəsi təxminən 371,000 km²) adlanır. Belə ki, o, təxminən 5 milyon il bundan əvvəl Paratetisdən ayrılıb əlahiddə su hövzəsi olub. Xəzərdə yeganə məməli heyvan sayılan suitinin olmasını da bu fikrin təsqiqi kimi dəyərləndirmək olar. Onu da əlavə edək ki, Xəzərdə Yer kürəsində mövcud olan göl sularının 40 faizindən çoxu toplanmışdır. Xəzərin ən mühüm xüsusiyyəti, mən deyərdim ki, "pasportu" isə onun su səviyyəsinin daim qalxması və enməsidir, yəni dəyişməsidir.
- Hazırda Xəzərdə suyun səviyyəsi enməkdədir…
- Ümumiyyətlə, qalxma və enmə qapalı su hövzələrinə aid xüsusiyyətdir. Amma bu, Xəzərdə özünü daha çox büruzə verir. 1805-ci ildə Xəzərin səviyyəsi bugünkündən 5-6 metr yuxarı olub. O vaxtdan etibarən Xəzərin enmə mərhələsi başlayıb. Yeri gəlmişkən, Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişib. Dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib. Bu proses nəticəsində təqribən 850 kilometr uzunluqda olan sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb. Həmin subasmanın 80 faizi dənizsahili cənub hissəsinə - Kür çayı mənsəbindən Astaraçay mənsəbinə qədər ərazilərin payına düşür. Onda belə bir fikir də formalaşmışdı: Xəzərdən özünüzü qoruyun. 1996-2024-cü illərdə isə Xəzər dənizinin səviyyəsi 2,2 metr enib. Bu proses hazırda da davam edir. Bu müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 40 min hektar torpaq sahəsi üzə çıxıb. İndi isə deyirlər ki, Xəzəri qoruyun.
- Xəzərin səviyyəsinin enməsi onun heyvanat aləminə təsir edirmi?
- Şübhəsiz, təsir edir, xüsusilə balıqlara… Dənizin sahil zonalarında balıqların yem bazaları olduğundan səviyyə enəndə onlar yem bazalarını itirir, bu da balıq ehtiyatlarının azalmasına səbəb olur. Xüsusilə Xəzərin şimalında, Qazaxıstan sahillərində çəkilmələr kilometrlərlə olur və burada balıqlar yem bazasının 50 faizini, eyni zamanda kürü qoyma yerlərini də itirirlər. Artıq Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq vətəgə əhəmiyyətini itirmək həddinə çatıb, suitilərin sayı isə kəskin azalıb.
- Xəzərdə su səviyyəsinin dəyişməsi hansı amillərlə bağlıdır?
- Ümumiyyətlə, hazırda Xəzər dənizindəki bu çəkilmə dünyəvi iqlim dəyişkənliyi ilə əlaqədardır. Onu da deyim ki, Xəzərin özünün hövzəsi var, o da öz sahəsindən 10 dəfə böyükdür. Bu ərazidə baş verən iqlim prosesləri onun su balansını təyin edir. Su balansı deyəndə həm Xəzərə tökülən çaylar, həm də ondan ayrılan sular nəzərdə tutulur. Xəzərə axan sular çayların gətirdiyi sulardır. Akademik Vavilov deyir ki, çay iqlimin məhsuludur. Xəzər dənizinə Volqa, Kür, Astaraçay, Viləşçay, Qaraçay, Samur, Ural və digərləri də daxil olmaqla 130-dan çox çay axır. Volqa Xəzərə axan suyun əsas hissəsini təşkil edir (təxminən 80%-ə qədər). Bu çay Xəzərə ildə 250-300 kub kilometr su gətirir. Amma o biri çayların göstəricləri aşağıdır. Yeraltı su axınları, yağıntılar da Xəzər dənizinin su balansının bir hissəsini təşkil edir. Xaric olunan isə dəniz səthindən buxarlanan və Qaraboğazgöl körfəzinə gedən sulardır. Onu da qeyd edim ki, son illərdə dənizdə antisiklonik vəziyyət yaranıb. İndi şərqdən daxil olan küləklər quru hava kütləsi yaradır. Bu da buxarlanmanın artmasına şərait yaradır. Əvvəllər isə Atlantik okeanı sahillərindən rütubətli hava kütlələri daxil olurdu. Bu mənada demək olar ki, Xəzərin səviyyəsinin dəyişməsi onun su balansından irəli gəlir. Bir məsələni də vurğulayım ki, çəkilmə prosesində tektonik, antropogen faktorlar olduqca az rol oynayır. Bir sözlə, dəyişmənin səbəbinin 85%-ini iqlim, 10% -ni antropogen, 5% tektonik proseslər təşkil edir.
- Bu problemdən Xəzəryanı dövlətlərdən hansı daha çox ziyan çəkir?
-Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən Azərbaycandır. Hazırda Xəzərsahili ərazidə əhalimizin 60 faizindən çoxu yaşayır. Təkcə Bakının özündə 4 milyon əhali var. Sənaye potensialımızın (zavodlar, neft mədənləri və s.) isə 80 faizə qədəri burada yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurmuşdu. Təqribi hesablamalara görə respublikamızın Xəzərsahili zonasında yerləşən sənaye və kənd təsərrüfatı obyektlərinə dəyən ziyanın məbləği o zamanın qiymətləri ilə 2 milyard ABŞ dollan məbləğində olduğu müəyyən edilmişdir.
- Suyun səviyyəsinin getdikcə azalması nələr vəd edir?
- Qeyd etdiyim kimi, 1996-cı ildən Xəzər dənizinin səviyyəsi enməkdədir. Bu proses nəticəsinde dəniz sahildən xeyli uzaqlaşmışdır (bəzi ərazilərdə 100, 200, 500 və 1000 metrə qədər). Əvvəllər su basmış torpaq əraziləri su altından çıxaraq sahil zonasında neqativ ekoloji halların yaranmasına səbəb olmuşdur. Təqribi hesablamalara görə, respublika üzrə bütün sahilboyu ərazidə 38000 ha torpaq sahəsi dəniz altından çıxıb. Bu proses nəticəsində ən böyük ziyan kənd təsərrüfatına, neft-qaz sənayesinə, balıqçılıq təsərrüfatına və s. sahələrə dəyir. Bir də Xəzərin səviyyəsinin enməsinin ən böyük ziyanı gəmiçiliyə olur, çünki dənizdə gəmilər limanlara xüsusi kanallarla gəlirlər. Suyun səviyyəsinin aşağı düşməsi zamanı bu kanallar dərinləşdirilməlidir. Bu edilməsə gəmilərin limanlar daxil olmaları mümkün olmayacaq. Xəzər hazırkı durumundan 1.5 metr aşağı düşərsə, Pirallahı adası Çilov adası ilə, Qum adası Sultan burnu ilə birləşə, Şimal və cənub Abşeron körfəzləri dayazlaşa, Qızılağac körfəzinin xeyli ərazisi tamamilə quruya, Kür çayını deltasında dayazlıqlar və kiçik adalar yarana bilər və s.
- Xəzərin çirklənməsi barədə nələr deyə bilərsiniz?
- Çirklənmə çayların gətirdikləri sulardan qaynaqlanır. Bir də neftdən, qazdan… Əvvəllər standartlar var idi. Sovet dönəmində bu 2% təşkil edirdi. Amma indi müasir avadanlıqlar sayəsində bu göstərici 1% olub. Yəni, dənizdə neft-qaz hasilatı həyata keçirilməsinə baxmayaraq, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə çirklənməni azaldıb. Demək istəyirəm ki, Xəzərdə neft, qaz çirklənməsi çox azdır. O da müəyyən müddət olur. Bunun isə ümumiyyətlə səviyyəyə təsiri yoxdur.
- Bəs proqnozlar nə deyir?
- Son illərdə dənizin səviyyə dəyişmələri üzrə müxtəlif riyazi modellər əsasında etimallı pronozlar hazırlanmışdır. Bu proqnozlar dənizin su ba-lansı tənliyinin həlli əsasında müxtəlif zaman müddətinə tərtib edilmişdir. Böyük ehtimal (95-99 faiz) proqnoziar göstərir ki, 2050-ci illərə qədər dənizin səviyyəsi enməkdə davam edəcəkdir. Yəni, daha 1-2 metr enməsi gözlənilir. Ondan sonra isə yenidən qalxacaq. Xəzər dənizinin səviyyə dəyişmələri üzrə hazırda mövcud proqnozların analizi göstərir ki, elmin müasir inkişaf səviyyəsində dənizin səviyyəsinin dəyişmə amplitudunu və istiqamətini dəqiqliklə müəyyən edən proqnozlar yoxdur. Bu mənada dəniz səviyyəsinin dəyişmələrinin təbii proses olduğunu qəbul etmək lazımdır. Odur ki, dənizsahili zonada insanlar Xəzərin bu vəziyyətinə adaptasiya olmalıdırlar. Bir sözlə, yadda saxlamaq və nəzərə almaq lazımdır ki, Xəzər dənizininin səviyyəsi həmişə dəyişib, dəyişir və dəyişəcəkdir. Yəni, bir daha vurğulayıram ki, onun səviyyəsinin dəyişməsi təbii prosesdir.
- Əmir müəllim, Xəzəri Aralın taleyi gözləyə bilərmi?
-Xeyr. Xəzər canlı orqanizmdir. Yəni, qalxıb-enir. Bir məsələni də diqqətinizə çatdıraq ki, dünya əhalisinin yarıdan çoxu dəniz, okean sahillərində yaşayır. İndi okeanlardan qalxma prosesi gedir. Şübhəsiz, bu da sahil zonalarına təsir edir. Xəzər dənizinin problemi təkcə Azərbaycan və onun ətrafındakı ölkələrə təsir edən məsələ deyil. Bu, bütün dünyanın düzəninə təsir edir. Dünya alimləri də Xəzərin problemləri ilə daha çox maraqlanırlar. Çünki Xəzər həm də Yer kürəsindəki iqlim dəyişmələrinin sahil zonalarına necə təsir etməsini öyrənmək üçün canlı laboratoriyadır. İqlimdə baş verən dəyişikliklər bilavasitə özünü Xəzər dənizində əks etdirir.
- Xəzərlə bağlı tövsiyələriniz nədən ibarətdir?
-Ümumiyyətlə, Xəzərin sahillərinə çox yaxın ərazilərdən çox istifadə etmək olmaz. Çünki düşübsə, deməli nə vaxtsa qalxacaq.
- Xəzərin problemlərinin həllinə kömək edəcək hansı tədqiqatlar aparılır, yeni layihələr həyata keçirilirmi?
- Bakı və Moskva Xəzər dənizinin dayazlaşması problemi ilə məşğul olacaq komissiya formalaşdırıb. Komissiyanın qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri aydınlaşdırmaq və dayazlaşmanın azaldılmasına kömək edəcək tədbirlər hazırlamaq vəzifəsi durur. Amma mənim fikrimcə, Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə ümumi bir mərkəzləşdirilmiş monitorinq mərkəzi yaratmaq lazımdır ki, Xəzərin problemlərini diqqət mərkəzində saxlasın. Bu həm də Xəzərdə gedən prosesləri daha dərindən təhlil etməyə imkan yaradar. Daha bir məsələ. Xəzəryanı ölkələrin hər birində Xəzərlə bağlı müəyyən institutlar var. Təəssüf ki, bizdə bu, yoxdur. Halbuki, bunlarla bağlı təkliflər də səsləndirilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”