Dövlət Vergi Xidməti: Ümumilikdə 700-dək pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları aşkar edilib
Nağdsız ödəmə sistemi Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Lakin bəzi işbazlar bu sistemdən vergidən yayınmaq üçün istifadə edirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində hələ də nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi halları müşahidə olunur. Məsələn, hansısa satış məntəqəsində müştəri nağdsız ödəniş etmək istədikdə "terminal işləmir", "kartdan-karta atın" deyərək, vergidən yayınmağa çalışırlar.
Görünən odur ki, bu vəziyyət sahibkarların işinə yarayır. Amma müştərilər nağdsız ödənişi kartdan-karta pul köçürməsi ilə etdikdə çek ala bilmirlər. Nəticədə onlar ödədikləri Əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri ala bilmirlər deyə narazı qalırlar. Bundan əlavə, bəzi banklar kartla ödəniş zamanı əlavə “cashback”lər də təqdim edir. Kartdan-karta ödəniş etdikdə müştəri bu imkandan da məhrum olur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin rəisi Rövşən Məmmədov mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırıb.
- Niyə görə bəzi sahibkarlar müştəridən ödənişi “kartdan-karta” köçürmə ilə istəyirlər? Kimlər və niyə “kartdan-karta” ödəniş üsuluna maraq göstərirlər?
- Son illərdə mal və xidmətlər üzrə nağdsız ödəniş qəbul edən obyektlərin sayının əhəmiyyətli artması və “ƏDV geri al” mexanizminin tətbiqi istehlakçıların alış-veriş zamanı çek tələb etməsini təşviq edib ki, bu da ticarət dövriyyəsinin “ağarması”na səbəb olub. Bu ictimai nəzarətin effektiv metodudur. İnsanlar ödədikləri vəsaitlərin bir hissəsinin “ƏDV geri al” mexanizmi vasitəsilə geri qaytarılmasına nail olmaq üçün nağdsız ödəmələri əhəmiyyətli şəkildə artırıblar. Bu isə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə mübarizə sahəsində aparılan işlərə müsbət təsir edir. Nağdsız ödənişlər ticarət dövriyyəsinin şəffaflaşmasına səbəb olduğu üçün iqtisadiyyatın vergitutma yolu ilə tənzimlənməsinə fayda verməkdədir. Pul vəsaitləri nağdsız hərəkət edən ölkələrdə iqtisadi artım sürətlənir, insanlara vaxta qənaət imkanı yaradır, ticarət və xidmət obyektlərində saxta pulların qarşısı alınır. Eyni zamanda, nağdsız ödənişlər vergitutma baxımından hesabatlılığı və şəffaflığı təmin edir, vergidən yayınmanın qarşısı alınır, büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Nağdsız hesablaşmaların artması dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da sosial sektorun maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır.
Lakin bəzi sahibkarlar vergidən yayınmaq və xərcləri azaltmaq məqsədilə istehlakçılardan ödənişləri POS-terminal vasitə ilə deyil, “kartdan-karta” ödəmə üsulu ilə tələb edirlər. Bu hal yalnız vergidənyayınma deyil, həmçinin istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Belə ki, istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmadıqda gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanı məhdudlaşır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” hüququndan məhrum olması ilə nəticələnir.
-Hazırkı dövrə qədər Dövlət Vergi Xidməti tərəfindən “kartdan-karta” köçürmə ilə bağlı neçə fakt aşkarlanıb?
-Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, kartdan-karta köçürmə hallarının hələ də davam etdiyi müşahidə olunur. Bu cür qanun pozuntusu hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti nəzarət tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə mütəmadi şəkildə monitorinq və nəzarət tədbirləri aparılır. Bir müddət öncə keçirilmiş intensiv vergi nəzarəti tədbirləri zamanı bəzi obyektlərdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, müştərilərə “kartdan-karta” köçürmələr etmək təklif edildiyi müəyyənləşdirildi. Tədbirlər zamanı ümumilikdə 700-dək pərakəndə ticarət və iaşə obyektlərində POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina halları aşkar edildi. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Qeyd etməliyəm ki, aparılan maarifləndirmə və nəzarət tədbirləri müəyyən nəticələr verməkdədir. Artıq obyektlərdə POS-terminalların olmaması halları az hallarda aşkar edilir. Bunu bankların POS-terminalların satışı üzrə göstəriciləri də təsdiqləyir.
-Bəs belə fəaliyyətlər qanunvericiliklə necə tənzimlənir? Qanunu pozanları nə gözləyir?
- Qeyd etdiyim kimi, POS-terminallardan istifadədən imtina, “kartdan-karta” köçürmək halları monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilir. Operativ vergi nəzarəti müvafiq qurumlar tərəfindən əvvəldən aparılmış monitorinqləri ilə müəyyən edilmiş obyektlər üzrə vergi orqanının əsaslandırılmış qərarı əsasında, vergi ödəyicilərinin faktiki iş vaxtı ərzində həyata keçirilir. Bu nəzarətin həyata keçirilməsi qaydalarını, nəzarətlə əhatə olunan məsələləri Vergi Məcəlləsinin 50-ci maddəsi müəyyən edir. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyalarına məruz qala bilərlər.
-Bəs, istehlakçılar bu kimi hallarla rastlaşanda nə etməlidirlər?
-Ödənişlərin “kartdan-karta” köçürülmə əməliyyatları ilə deyil, POS-terminal vasitəsilə həyata keçirilməsini tələb etməlidirlər. Əgər qeyd olunan halda sahibkar POS-terminalla ödənişi təmin etməzsə, “195-1” Çağrı Mərkəzinə, Vergi ödəyicilərinin xidmət mərkəzinə, yaxud rəsmi intertet səhifəmiz vasitəsilə müraciət edərək həmin vergi ödəyiciləri barədə məlumat verə bilərlər.
-Ümumiyyətlə, hansı mağazalarda POS-terminal məcburidir?
-Bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən tənzimlənir. Belə ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar. Rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər.
-Sözügedən mövzu ilə bağlı xüsusi olaraq hansı tövsiyə və çağırışları etmək istərdiniz?
-Nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş aparmaq imkanını təmin etmək vergi ödəyicilərinin vəzifəsidir. Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri “kartdan-karta” köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.
Yaqut Ağaşahqızı, “İki sahil”