24 oktyabr 2025 12:08
242

Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovadır.

- Hicran  xanım, öncə bilmək istərdik ki, ailə, qadın və uşaq siyasəti sahəsində Milli Məclisdə hansı əsas layihələr üzərində çalışırsınız?

- Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi - ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarıının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadın) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələri hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə rəy verir. Son 5 ildə komitə tərəfindən 47 qanun layihəsinə baxılmışdır.  Komitə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, bərabər imkanların yarıdılması, uşaqların qanun yaradıcılığında iştirakını təşviq etmək istiqamətində 17 ictimai dinləmə, konfrans keçirmişdir. Həmin tədbirlərdə millət vəkilləri ilə yanaşı, Milli Məclisin rəhbərliyi, Milli Məclis Aparatının məsul şəxsləri, dövlət qurumlarının vəzifəli şəxsləri, QHT nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər, alimlər və media nümayəndələri iştirak etmişlər. Həmçinin bir çox ölkə parlamentlərinin müvafiq komissiyaları ilə görüşlərimiz olub, qarşılıqlı şəkildə təcrübə mübadiləsi aparılıb. 2023-cü ildə “Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb. Bu sənədə əsasən, iştirakçılar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qadın və kişilər üçün bərabər imkanlar, ailə, gənclər və uşaqlarla bağlı məsələlər ətrafında,  digər sahələrdə əməkdaşlığın möhkəmlənməsinə və inkişafına töhfələrini verməyə davam edəcəklər.

- Son illərdə qəbul olunan qanunvericilikdə ailə və uşaq hüquqlarının qorunması istiqamətində hansı əhəmiyyətli dəyişikliklər olub?

- İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur.  Ən Ali hüquqi sənəddə- Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilib. Həmin sənədin 17-ci maddəsində göstərilir ki,  cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu, bir daha ailə institutunun  dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur. Dövlətimizin əsas sənədində  ümumbəşəri dəyərlərlə milli dəyərlər harmoniya şəklində  təqdim olunur. Yəni, biz qanun, aliliyi prinsipinə və milli adət-ənənələrimizə  eyni münasibət bəsləyirik. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.  Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.  Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Digər tərəfdən isə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Yəni, valideynə hörmət, qayğı bizim mədəniyyətimizdir.

Bu sənədin müddəaları əsas tutulmaqla  2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunub. Həmin Məcəllənin 29-cu maddəsində  qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Nikah yaşının  tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı Ailə və Cinayət məcəllələrinə edilən əlavə və dəyişikliklər, həmçinin nikahdan öncə tərəflərin tibbi müayinədən  keçməsinin məcburi olması, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması, bununla bağlı sanksiyaların tətbiq olunması, Himayədar ailə institutunun hüquqi bazasının yaradılması,  Gender bərabərliyinin təminatları, Məişət zorakılığının qarşısının alınması,  Uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi ailə institutunun müdafiəsi sahəsində mühüm uğurlar hesab olunur. Qeyd etməliyəm ki, ailələrimizin sağlam mühitinin təşkili və bütövlüyü, hər bir şəxsin hüququnun qorunması üçün qanunvericilik bazamız davamlı olaraq təkmilləşdirilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə çox saylı layihələrini misal göstərmək olar. Bir məsələni də unutmaq olmaz ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu daha bir stereotipi qırdı.  Fərqli uşaqlar - daun sindromlu, autizm spektr pozuntulu  və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər, xüsusi  və qarışıq tipli mərkəzlər açdı. Uzun illər idi ki, belə uşaqlar cəmiyyətdən təcrid olunmuşdu. Ancaq Mehriban xanımın sayəsində  həmin uşaqlar inkişaf edir, bacarıqlar əldə edir, təhsil alır, əylənir, bir sözlə, cəmiyyətə inteqrasiya olunurlar. Bu, onların valideynləri və ailələri üçün inanılmazdır.  

- Qadınların ictimai və iqtisadi həyatda rolunu artırmaq üçün hansı təşəbbüslər həyata keçirilir?

- Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Bununla da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və  digər) təsbit olunub. Azərbaycan gender bərabərliyi və qadın hüquqlarını təmin edən beynəlxalq konvensiyalara qoşulub, kişilər və qadınlar üçün bərabər hüquq və imkanlar Konstitusiya və qanunlarda təsbit edilib. Ekosistemi inkişaf etdirmək üçün ilk addım koordinasiya səviyyəsini yüksəltməkdir. Hazırda ekosistem dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, gender resurs mərkəzləri və təlim mərkəzlərindən ibarətdir. Qanun və qərarların implementasiyasına  xüsusi diqqət yetirilir. Qeyd etməliyəm ki, qəbul olunan bütün normativ- hüquqi aktlar gender ekspertizasından keçirilir.  Bu sənədlərə  davamlı olaraq əlavə və dəyişikliklər edilir.

Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulması üçün mövcud qanunvericilikdə  qadınların əməyi qadağan olunan  peşə, vəzifə və iş yeri azaldılaraq 204 müəyyən edilib. Əvvəllər onların sayı 674 idi.  Eyni zamanda,  qadağan edilən bu peşə, vəzifə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu dəyişiklik  əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasına mühüm töhfədir. Həmçinin ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha yüksək templə yaxınlaşması təmin ediləcəkdir. Statistik göstəricilərdən də bunu görmək mümükündür. 2020‐ci ildə qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2023-cü ildə isə 68,8 faizini təşkil edib. Bununla yanaşı, qadınların kişilərlə bərabər qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə cəlb edilmə və istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə onların yazılı razılığı ilə icazə verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliyə əsasən, qadınlarla yanaşı, kişilər də uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyalarının tətbiqində  gender bərabərliyinin təmin olunması həm də vətəndaşlarımızn konstitusion hüquqlarının müdafiəsi deməkdir. 2009-cu ildə  Əmək Məcəlləsinə edilən dəyişikliyə görə ataların övladı dünyaya gəldiyi zaman 2 həftə, yəni 14 gün  ödənişsiz məzuniyyətə çıxmaq hüququ var.  Bu qanun həm dövlət, həm də özəl şirkətlərə şamil olunur. Qeyd edim ki, bu məzuniyyətin ödənişli əsaslarla  verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Biz bu layihənin tezliklə qəbul edilməsinin şahidi olacağıq.

Əlbəttə ki, qadınların kişilərlə bərabər iştirakçılığı üçün  həm evdə, həm də iş yerlərində təhlükəsiz şərait olmalıdır. Onların gender əsaslı zorakılığa və məişət zorakılığına məruz qalmaması üçün müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və  qaydalar təsdiqlənib.  2023-cü ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” , “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət‐Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində çox mühüm dəyişikliklər olundu. Nəticədə məişət zorakılığının bu və digər formasından zərər çəkmiş şəxsin  hüquqlarının  müdafiəsi gücləndirildi; zərər çəkmiş şəxsin tələbi ilə dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edildi; zərər törədən şəxsin hərəkətlərinə dair  sanksiyalar sərtləşdirildi; qısamüddətli  və uzunmüddətli mühafizə orderlərinin müddəti artırıldı; məişət zorakılığından zərər çəkmiş şəxslər üçün qurumlararası əlaqələndirmə mexanizmi yaradıldı; zorakılıq hallarının şahidi və qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi daha gücləndirildi.

- Bəs, ailə dəyərlərinin qorunması və maarifləndirmə sahəsində hansı yeni layihələr planlaşdırırsınız?

- "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu fikri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır. Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir. Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün onların ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir.

Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Milli Məclisin sədri Sahibə xanım Qafarovanın dəstəyi ilə biz ailə institiutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir çox  ictimai dinləmələr keçirmişik. Payız sessiyasında da belə tədbirlərin keçirilməsini nəzərdə tuturuq. Digər bir mühüm məsələ qəbul olunmuş qanunların tətbiqi, icra mexanizmində yaranmış çətinliklərin müəyyən edilməsi kimi məsələlərlə bağlı görüşlərin keçirilməsi, icraedici orqanlarla müzakirələrin aparılmasına da xüsusi diqqət  yetiririk. Amma cəmiyyət də bunu dərk eləməli, buna biganə qalmamalıdır. Cənab Prezident dəfələrlə bu sözü istifadə edir: ictimai qınaq. Bu, o deməkdir ki, qonşu ailədə problem var. Biz deməməliyik ki,  bu,  bizim problemimiz deyil. Düşünməliyik ki, həmin ailədə olan problem bizim də ailəmizə təsirini göstərə bilər. Ona görə burada mütləq ictimai qınaq olmalıdır. Biz narahat olmalıyıq, problemi olan ailələrə dəstək verməliyik. Ümumiyyətlə, cəmiyyət bu məsələlərə münasibətini bildirməlidir. Heç kimə biganə qalmamalıyıq. Deməli, biz daha çox işləməliyik, insanları maarifləmdirməliyik.

- Hicran xanım, komitə olaraq uşaqların sağlam inkişafı və təhsil hüquqlarının qorunması üçün hansı konkret layihələr həyata keçirilir və gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız?

- Müasir dövrdə uşaq hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı istiqamətində addımların atılması bütün bəşəriyyəti düşündürür. Uşaqlar onların gələcək və müsbət inkişafına, yaxşı təhsil alması və sağlam böyüməsinə yönəlik cəmiyyətdə yaşamağa layiqdirlər. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab  İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Ölkəmiz uşaq hüquqları sahəsində bir sıra beynəlxalq sənədlərə qoşulub, uşaq hüquqlarının müxtəlif aspektllərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb. Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qoşulduğu beynəlxalq sənədlərdən biri məhz “Uşaq hüquqları haqqında” Konvensiya olub. Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə qəbul edilmiş Dövlət proqramları uşaq hüquqlarının müdafiəsində mühüm əhəmiyyət daşıyır. Cəmiyyət inkişaf etdikcə təbii ki, tələblər dəyişir, yeni çağırışlar meydana gəlir. “Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır.” Cənab Prezidentin bu fikirləri uşaq hüquqlarının müdafiəsi sahəsində prioritetləri müəyyən edir. 2018-ci ildə qəbul edilən və 2020-ci ildə qüvvəyə minən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun bu sahədə çox mühüm rol oynayır. 2019-cu ildə Azərbaycan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub. Bununla bağlı bir çox normativ-hüquqi aktlarda dəyişikliklər edilib. Ümumiyyətlə, zorakı davranış,  xüsusilə də uşaqlara qarşı belə halların  təkcə hüquqi məsuliyyəti yoxdur, burada həm də əxlaqi və mənəvi məsuliyyət məsələsi də var. Erkən nikahların qarşının alınması sahəsində çox mühüm dəyişikliklər etdik.   Ümumiyyətlə, müvafiq  sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Qeyd edim ki,  son illər uşaq hüquqlarının müdafiəsi  istiqamətində bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Əlbəttə ki, bilirsiniz ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"na edilən dəyişikliyə əsasən, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Onu da əlvə edim ki, biz müxtəlif vaxtlarda Milli Məclisin rəhbərliyinin dəstəyi ilə uşaqlarla görüşürük, onları dinləyirik. Qeyd edim ki, onlar bir çox maraqlı məsələləri qaldırır, təkliflər verirlər. Onların mühüm hissəsi qanunvericilikdə öz əksini tapır.

- Oxucularımıza ailə siyasəti və qanunvericiliklə bağlı hansı əsas mesajı çatdırmaq istərdiniz?

- Ailə mövzusu çox həssasdir. Həm də strateji əhəmiyyət kəsb edir. Uzunmüddətli sabitliyə, ictimai harmoniyaya və tərəqqiyə can atan hər bir dövlət  ailə institutunu  qorumalıdır. Bu, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və mədəni irsin müdafiəsi deməkdir. Hazırda dünyamız demoqrafik dəyişikliklərdən tutmuş dağıdıcı ideologiyaların  təsirlərinə  qədər  ciddi çağırışlarla  üz-üzədir. Biz tez-tez belə suallar eşidirik: Ailə cəmiyyət üçün hansı mənanı ifadə edir?  Ailənin dəyəri nədir? Ailədə münasibətlər necə formalaşmalıdır?  Əlbəttə ki, bizim hər birimiz üçün bu məsələ aktualdır. Çünki biz özümüz də  bir ailəni təmsil edirik. Bir ailənin üzvüyük. Övladlar yetişdiririk. Adət-ənənələrimizi, mədəniyyətimizi övladlarımızın, nəvələrimizin vasitəsi ilə nəsildən nəslə ötürürük.  Demək, ailə insanın  bir şəxsiyyət kimi formalaşdığı başlanğıc mühitdir. Ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.  Bu baxımdan ailəyə olan münasibət  dövlətin öz vətəndaşına olan münasibətin əsas tərkib hissəsidir.

Mən əvvəldə həm Konstitusiyamızdan, həm də müxtəlif Məcəllə və qanunlarımızdan misallar çəkdim. Nə görürük? Qanunlarımız həm ailələrimizi, həm də ayrı-ayrılıqda ailə üzvlərinin hüquqlarının qorunması üçün bütün məsələləri nəzərə alır və zamanla  təkmilləşir. Dövlətimiz ailə institutunun qorunması üçün müdafiə mexanizmləri yaradır. Lakin hər bir nikaha girən cütlüyün də yanaşması olmalıdır,  özünə suallar verməlidir: Nə üçün ailə qururam?  Ailə qurmağa hazırammı? Ailədə ən vacib məsələ bir-birinə hörmət etməkdir. Sosial və mənəvi məsuliyyət daşımaq,  güzəşt etmək, qarşısındakı insanı anlamaq lazımdır.  Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Biz güclü ailə deyəndə həm də ailədə uşaqlara verilən tərbiyəni nəzərə almalıyıq. 44 günlük Vətən müharibəsində döyüşən, öz torpağını qoruyan, kənd və şəhərlər, hətta bir qarış torpaq üçün şəhid olan gənclərimiz əsl vətənpərvərlik ruhunda böyümüşdülər. Qarabağı heç vaxt görməyən, lakin  müqəddəs mübarizəyə qalxan gənclər işğala son qoydu, bütün şəhidlərin ruhunu şad etdilər. Ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan yüzlərlə uzunömürlü ailələrimiz var. Biz belə nümunəvi ailələri daha çox təbliğ etməliyik. Biz hamımız ailələrimizin möhkəm olmasını arzulayırıq. Biz istəyirik ki, ailələrimiz uğurlu və uzunömürlü olsun. Ona görə də ailələrimizi  qorumaq və daha da möhkəmləndirmək üçün səylərimizi birləşdirməliyik.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), “İki sahil”