Müasir dünyada şəhərsalma siyasəti artıq yalnız memarlıq və tikinti anlayışı ilə məhdudlaşmır. Bu gün şəhərlər dövlətlərin iqtisadi gücünü, sosial rifahını, milli kimliyini, texnoloji inkişaf səviyyəsini və strateji baxışını nümayiş etdirən əsas göstəricilərdən birinə çevrilib. İqlim dəyişiklikləri, urbanizasiya, miqrasiya, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf çağırışları fonunda şəhərsalma məsələləri qlobal gündəliyin ən mühüm istiqamətləri sırasında dayanır. Məhz bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycanın təqdim etdiyi inkişaf modeli xüsusi maraq doğurur. Çünki Azərbaycan son illərdə dünyaya təkcə iqtisadi inkişaf nümunəsi deyil, həm də müasir, milli dəyərlərə söykənən, innovativ və humanist şəhərsalma modeli təqdim edib.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O bildirib ki, bu modelin əsasında isə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik və quruculuq fəlsəfəsi dayanır:
“Ümummilli Lider Heydər Əliyev şəhərlərin və regionların inkişafını ölkənin gələcəyinə yönəlmiş strateji məsələ kimi qiymətləndirirdi. Məhz buna görə də Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən quruculuq işləri sadəcə tikinti prosesi deyildi. Bu siyasətin məqsədi ölkənin sosial rifahını yüksəltmək, milli memarlıq ənənələrini qorumaq, regionların inkişafını təmin etmək və Azərbaycanı müasir dövlət kimi formalaşdırmaq idi. Ulu Öndərin rəhbərliyi dövründə Bakı böyük inkişaf mərhələsinə qədəm qoydu. Yeni yaşayış massivləri salındı, geniş prospektlər və yollar çəkildi, sənaye müəssisələri yaradıldı, metro infrastrukturu genişləndirildi, parklar və ictimai məkanlar abadlaşdırıldı. Paytaxtla yanaşı regionların inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ən ucqar bölgələrində məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, inzibati binalar və istehsal müəssisələri tikildi. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətində balanslı inkişaf modelinin əsasını formalaşdırdı. Ən mühüm məqamlardan biri isə milli memarlıq irsinin qorunması idi. Ulu Öndər Heydər Əliyev modernləşməni milli kimlikdən ayrı təsəvvür etmirdi. O, Azərbaycanın qədim memarlıq ənənələrinin yaşadılmasını, şəhərlərin tarixi simasının qorunmasını vacib hesab edirdi. Bu baxış sonradan müstəqil Azərbaycanın şəhərsalma strategiyasında da əsas istiqamətlərdən birinə çevrildi”.
Deputat qeyd edib ki, bu siyasi kurs bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir: “Cənab Prezidentin rəhbərliyi və tapşırığı ilə Azərbaycanın bütün bölgələrində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, Azərbaycan faktiki olaraq yenidən qurulub. Bu gün Bakı dünyanın ən gözəl və modern şəhərlərindən biri kimi tanınır. Paytaxtın siması tamamilə dəyişib. Yeni bulvarlar, parklar, körpülər, tunellər, yol qovşaqları, sosial obyektlər, müasir yaşayış kompleksləri və beynəlxalq tədbirlərin keçirildiyi möhtəşəm məkanlar yaradılıb. Bakı artıq yalnız regionun deyil, Avrasiyanın mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilib. Bu prosesdə Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Tarixi-mədəni irsin qorunması, qədim memarlıq abidələrinin bərpası, sosial və humanitar layihələrin həyata keçirilməsi Azərbaycanın müasir şəhərsalma siyasətinə xüsusi estetik və mənəvi dəyər qazandırıb. Bakının tarixi hissəsinin qorunması, mədəniyyət ocaqlarının yenidən qurulması, parkların və ictimai məkanların müasirləşdirilməsi bu siyasətin mühüm tərkib hissəsidir”.
S.Salmanova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi şəhərsalma siyasətinin əsas xüsusiyyətlərindən biri isə regionların kompleks inkişafıdır: “Son illərdə Azərbaycanın bütün bölgələrində müasir yollar, körpülər, hava limanları, məktəblər, xəstəxanalar, idman kompleksləri, sənaye parkları və aqroparklar istifadəyə verilib. Bu gün Azərbaycanın ən ucqar kəndlərinə qədər uzanan müasir yol infrastrukturu dövlətin insan amilinə verdiyi yüksək dəyərin göstəricisidir. Lakin Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi ən böyük nailiyyət işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən misilsiz quruculuq layihələridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq dünya miqyasında nümunə kimi təqdim olunur. Tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması, ən müasir standartlara uyğun yaşayış məntəqələrinin yaradılması Azərbaycanın gücünü və siyasi iradəsini nümayiş etdirir. Bu gün Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın və Şuşada həyata keçirilən layihələr müasir şəhərsalmanın ən qabaqcıl prinsiplərinə əsaslanır. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı inkişaf konsepsiyalarının tətbiqi Qarabağı dünyanın ən innovativ regionlarından birinə çevirmək məqsədi daşıyır. Xüsusilə “yaşıl enerji zonası” konsepsiyası Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını açıq şəkildə göstərir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının rekord müddətdə inşa olunması, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yaşayış məntəqələrinin qurulması dövlətin təşkilati imkanlarının və iqtisadi qüdrətinin real təcəssümüdür. Şuşanın tarixi-mədəni simasının qorunaraq bərpası isə Azərbaycanın milli-mənəvi dəyərlərinə bağlılığının göstəricisidir”.
Parlamentari qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi həm də Prezident İlham Əliyevin quruculuq fəlsəfəsinin beynəlxalq səviyyədə təqdimatı və təntənəsidir: “Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri artıq beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Bu gün Azərbaycan yalnız inkişaf edən ölkə deyil. Azərbaycan müasir şəhərsalma düşüncəsini milli dəyərlərlə birləşdirən, insan amilini ön plana çıxaran, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan güclü dövlətdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksələrək Azərbaycanın müasir simasını formalaşdırır. Müasir yolları, abad şəhərləri, inkişaf edən regionları və yenidən dirçələn Qarabağı ilə Azərbaycan bu gün güclü dövlət modelinin canlı nümunəsidir. WUF13 isə bu böyük inkişaf yolunun beynəlxalq miqyasda təqdim olunduğu mühüm platformadır”.