08 noyabr 2026 10:17
89

Zəfərimizin zirvəsi

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr Zəfəri xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və rəşadətli Ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu möhtəşəm Qələbənin zirvəsində isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa dayanır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinin strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayırdı. Dövlətimizin başçısı dəfələrlə bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar.

44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin yüksək döyüş hazırlığı, sarsılmaz iradəsi və Vətən sevgisi Şuşa əməliyyatında özünün ən parlaq ifadəsini tapdı. Sıldırım qayaları, keçilməz hesab edilən dağ cığırlarını aşan igidlərimiz ağır döyüşlər bahasına 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edərək xalqımıza misilsiz sevinc və qürur yaşatdılar. Həmin gün Prezident İlham Əliyevin Şəhidlər xiyabanından böyük fəxarətlə Şuşanın işğaldan azad olunduğunu bəyan etdi.

Şuşanın azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də dövlətimizin başçısının Şuşaya səfəri zamanı şəhərdə Azərbaycan Bayrağının ucaldılması isə milli qürurumuzun və suverenliyimizin rəmzinə çevrildi.

Şuşa Zəfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına aparan yolun mühüm mərhələsi oldu. 2023-cü il sentyabrın 19–20-də keçirilən və 23 saat 48 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri də bu tarixi prosesin davamı idi. Azərbaycan Ordusunun qətiyyətli fəaliyyəti nəticəsində Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu, ölkəmizin konstitusiya quruluşu və suverenliyi bütün ərazilərimizdə bərpa edildi.

Şuşanın azad edilməsi ilə xalqımızın qarşısında yeni bir vəzifə dayandı: qədim şəhəri yenidən dirçəltmək, onun tarixi-mədəni irsini qorumaq, dağıdılmış infrastrukturunu bərpa etmək və şəhəri əvvəlki şöhrətinə qovuşdurmaq. Şuşanın tarixi simasının bərpası çərçivəsində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstləri yenidən öz əvvəlki yerlərinə qaytarılıb. Bu addım təkcə mədəniyyət abidələrinin bərpası deyil, həm də milli yaddaşımıza, görkəmli şəxsiyyətlərimizin irsinə və tarixi həqiqətlərə ehtiramın ifadəsidir. Şəhərdə turizm infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib. Modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, eləcə də Zəfər yolu üzərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Bu obyektlər şəhərin sosial-iqtisadi həyatının canlanmasına, turizm imkanlarının genişlənməsinə və Şuşanın ölkənin mühüm mədəniyyət mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Şuşanın dirçəldilməsində əsas istiqamətlərdən biri də yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Şəhərdə yeni yaşayış binaları tikilir, mövcud mənzil fondu bərpa olunur, insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri şərait yaradılır. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 yaşayış binası sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksinin inşası da davam etdirilir. Bütün bunlar Şuşanın dayanıqlı inkişafına, şəhər həyatının canlanmasına və əhalinin doğma yurda qayıdışının sürətlənməsinə xidmət edir. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə olmaqla, 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla, 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə Şuşa şəhəri və ətraf kəndlərdə 420 ailənin, 1579 nəfərin yaşayışı təmin edilib. Bu rəqəmlər Böyük Qayıdış Proqramının ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Bir sözlə, vaxtilə işğalın ağrı-acısını yaşayan şəhər indi quruculuğun, dirçəlişin və gələcəyə inamın ünvanına çevrilib. Burada keçirilən beynəlxalq və respublika əhəmiyyətli tədbirlər, mədəniyyət festivalları, konsertlər və müxtəlif görüşlər Şuşanın tarixi missiyasını yenidən ön plana çıxarır. Şəhər Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim edir, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verir.

Bəli, Şuşa Zəfərimizin zirvəsidir. Bu zirvəyə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın birliyi, şəhidlərimizin müqəddəs qanı və dövlətimizin qətiyyətli siyasəti sayəsində yüksəlmişik. Şuşanın azadlığı ilə başlayan dirçəliş prosesi bir daha göstərir ki, Azərbaycan qazandığı qələbəni möhkəmləndirməyi, tarixi torpaqlarını bərpa etməyi və gələcəyə inamla addımlamağı da bacaran dövlətdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”