08 noyabr 2026 09:30
86

Qətiyyətli Liderin, milli iradənin, birliyin və dövlətçilik gücümüzün təntənəsi

Tarixdə elə günlər var ki, onlar yaddaşlarda əbədi yaşayır və yaşayacaqdır. 2020-ci il noyabrın 8-i Azərbaycan xalqı üçün məhz belə bir tarixdir. Həmin gün rəşadətli Ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti sayəsində Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə xalqımıza illərdir gözlədiyi qələbə sevincini yaşatmaqla yanaşı, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu Qələbə təkcə bir şəhərin azad edilməsi deyildi. Bu, 30 ilə yaxın davam edən işğala son qoyulmasının, tarixi ədalətin və milli qürurun təntənəsi idi.

Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edilib. Artıq altıncı ildir ki, xalqımız bu möhtəşəm tarixi dövlət bayramı kimi qeyd edir. 

Bəli, altı il əvvəl Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək yolunda tarixi Qələbə qazandı. Bu gün həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri ölkəmizin quruculuq əzminin göstəricisidir. Uzun illər doğma yurdlarının həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz evlərinə qayıtması isə Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.
Prezident İlham Əliyevin Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bildirib ki, Azərbaycan cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarıb və onlar üçün mümkün olan ən yaxşı şəraiti yaradıb. Bu, doğrudan da, qısa müddətdə həyata keçirilmiş nəhəng quruculuq işinin nəticəsidir. Beləliklə, Azərbaycan Zəfərdən sonra qarşıya qoyduğu hədəflərə inamla irəliləyir. Dünən döyüş meydanında öz gücünü nümayiş etdirən ölkəmiz bu gün quruculuq meydanında yeni uğurlara imza atır. 

Azərbaycanın qazandığı tarixi Qələbə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri və regionda davamlı sülhün təmin olunması istiqamətində atdığı addımlar beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Hər il Zəfər Günü münasibətilə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini ünvanlayırlar.
Bu təbriklər sırasında Azərbaycanın ən yaxın müttəfiqi və qardaş ölkəsi Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu xüsusi məna daşıyır. Türkiyə Prezidentinin dövlətimizin başçısına ünvanladığı təbrikdə Azərbaycanın tarixi Qələbəsinin yalnız ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün böyük qürur mənbəyi olduğu vurğulanır.

Türkiyə Prezidentinin məktubunda diqqət çəkən digər mühüm məqam regionda davamlı sülh, əmin-amanlıq və sabitliyin təmin olunması ilə bağlıdır. Bildirilir ki, iki qardaş ölkənin əlaqələndirilmiş fəaliyyəti nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf məkanı kimi tanınmağa başlayır. Bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini bir daha nümayiş etdirir. 
Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, lakin 8 Noyabr tarixinin Azərbaycan xalqı üçün daşıdığı məna heç vaxt dəyişməyəcək. Çünki bu Qələbə həm də milli iradəmizin, birliyimizin və dövlətçilik gücümüzün təntənəsi kimi tariximizə düşüb.

Qvami Məhəbbətoğlu, “İki sahil”