12 may 2026 13:57
216

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində nümayiş etdirdiyi siyasi iradənin və prinsipial mövqeyin növbəti dəfə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən bu toplantıda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər regionda yaranmış yeni geosiyasi reallıqların mahiyyətini, sülh prosesinin hazırkı mərhələsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. 

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan postmünaqişə dövründə sülh gündəliyinə sadiq qalan tərəfdir və bütün çətinliklərə baxmayaraq, regionda sabitliyin təmin olunması üçün konstruktiv təşəbbüslərlə çıxış edir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanan münasibətlərin formalaşmasını dəstəkləyir və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atır. Bununla yanaşı, Prezident bəzi qüvvələrin regionda davamlı sülhün əldə olunmasına mane olmağa çalışdıqlarını da diqqətə çatdırdı. Bu qüvvələr müxtəlif siyasi manipulyasiyalar, ikili standartlar və informasiya təxribatları vasitəsilə Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlı olduqlarını nümayiş etdirirlər. 

Çıxış zamanı Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri də Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan 2026-cı ildə Ermənistanın “Avropa Siyasi Birliyi” Zirvə görüşünə ev sahibliyi etməsini dəstəkləyib və qarşılıqlı etimadın formalaşması baxımından bu addım mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə növbəti Zirvə görüşlərindən birinin 2028-ci ildə Azərbaycanda keçirilməsi təklif olunub və bu təklif qəbul edilib. Ermənistanın da bu namizədliyi dəstəkləməsi Prezident tərəfindən regionda sülhün real olmasının göstəricisi kimi qiymətləndirildi. 

Bu məqam Azərbaycanın diplomatik siyasətinin nə qədər uzaqgörən və balanslaşdırılmış olduğunu göstərir. Çünki uzun illər davam edən münaqişədən sonra qarşılıqlı etimad mühitinin yaradılması asan proses deyil. Buna baxmayaraq, Azərbaycan revanşist ritorikadan uzaq dayanaraq regionda əməkdaşlıq və iqtisadi inteqrasiyanın inkişafını prioritet hesab edir. Prezident İlham Əliyevin çıxışında “biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri xüsusi diqqət çəkdi. Bu ifadə bir tərəfdən regionda yeni mərhələnin başlandığını göstərirsə, digər tərəfdən sülh prosesinin hələ həssas və kövrək olduğunu nümayiş etdirir. 

Azərbaycanın sülh gündəliyinə sadiqliyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Son illər ərzində ölkəmiz regionda kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat layihələrinin inkişafı və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən təşəbbüslər regionun iqtisadi xəritəsini dəyişə biləcək strateji layihə kimi qiymətləndirilir. Azərbaycan hesab edir ki, iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq sülhün daha dayanıqlı olmasına xidmət edə bilər.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqamlardan biri Avropa institutları ilə münasibətlər məsələsi idi. Azərbaycan Avropa ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu açıq şəkildə bəyan edir və enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik sahələrində tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir və ölkənin həyata keçirdiyi enerji siyasəti Avropa üçün strateji əhəmiyyət daşıyır. Bu amil də Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir.

Eyni zamanda Prezidentin çıxışı onu göstərdi ki, Azərbaycan regionda yaranmış yeni reallıqların qəbul edilməsini istəyir və keçmiş münaqişə ritorikasının davam etdirilməsinin əleyhinədir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, artıq müharibə dövrü geridə qalıb və region ölkələri gələcəyə baxmalıdır. Lakin bəzi xarici dairələr və revanşist qüvvələr müxtəlif vasitələrlə bu prosesi ləngitməyə çalışırlar. Buna baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmir və beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzalanmasını əsas məqsəd hesab edir.

“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı həm regional, həm də beynəlxalq səviyyədə mühüm siyasi mesajlarla yadda qaldı. Bu çıxış Azərbaycanın sülhə sadiq dövlət olduğunu, regionda davamlı təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması üçün ardıcıl siyasət həyata keçirdiyini bir daha nümayiş etdirdi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq və inkişaf platformasına çevrilməlidir. Məhz bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirilir.

Arif Qasımov,
YAP Sədərək rayon təşkilatın sədri