21 oktyabr 2025 19:28
329

“PeşəFest” - gənclərin qarşısında açılan yeni pəncərə - MÜSAHİBƏ

Hasil Abbasov: “Peşə öyrən, gələcəyini qur!” devizi gənclərə öz gələcəklərinə sahib çıxmaq məsuliyyətini aşılayan strateji mesajdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov “PeşəFest” layihəsi ilə bağlı “İki sahil” qəzetinə müsahibə verib.

- Artıq 10 rayonda “PeşəFest-2025” layihəsi çərçivəsində festivallar təşkil olunub. “PeşəFest” layihəsinin mahiyyətini izah etməyinizi xahiş edirik. Bu layihənin davamlı xarakter alması dövlətin gənclərin peşə seçiminə və məşğulluğuna yanaşmasında hansı yenilikləri və sistemli yanaşmanı əks etdirir?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “PeşəFest” layihəsinin ardıcıl şəkildə müxtəlif bölgələrdə həyata keçirilməsi dövlətin gənclərin peşə seçiminə və məşğulluğuna yanaşmasında sistemli və daimi yanaşmanın formalaşdığını göstərir. Əvvəllər peşə seçimi daha çox təsadüfi seçimlərə əsaslanırdısa, indi dövlət bu prosesi məqsədyönlü şəkildə idarə olunan, məlumat və təcrübə əsaslı mexanizmə çevirir. Bu layihə vasitəsilə gənclərin əmək bazarının tələbləri ilə erkən yaşda tanış olmaları, praktiki bacarıqları əyani şəkildə sınamaları və real peşə sahibləri ilə təmasda olmaları üçün şərait yaradılır. Bu da peşə və ixtisas seçiminin rasional və məlumatlı qərarlara əsaslanmasını təmin edir.

“PeşəFest”in müntəzəm xarakter alması həm də regionlarda karyera yönümlü maarifləndirmənin birdəfəlik təşəbbüs deyil, davamlı təhsil və məşğulluq siyasətinin bir hissəsinə çevrildiyini göstərir. Bu yanaşma gənclərin potensialını düzgün istiqamətə yönəltməklə yanaşı, əmək bazarının strukturlaşması, yeni bacarıqların formalaşması və regionlar üzrə inklüziv inkişafın təmin olunmasına xidmət edir.

- Bu gün gənclərin peşə seçiminə təsir edən əsas amillər – maraq, sosial nüfuz, valideyn təsiri və əmək bazarının real tələbləri – bəzən bir-biri ilə toqquşur. “PeşəFest” bu balansı necə qurur və peşə istiqamətləri hansı meyarlara əsasən müəyyənləşdirilir?

- Bu gün gənclərin peşə seçiminə təsir edən amillər arasında yaranan ziddiyəti aradan qaldırmaq üçün “PeşəFest” layihəsi məlumat əsaslı qərarvermə modelini ön plana çıxarır. Layihə çərçivəsində gənclər həm öz maraq və meyillərini kəşf etmək imkanı qazanır, həm də bu maraqları real peşə və bacarıq tələbləri ilə praktik şəkildə müqayisə edə bilirlər. Peşə istiqamətləri isə təsadüfi deyil, əmək bazarının dinamikası və gələcək trendlər nəzərə alınmaqla müəyyən edilir. Dövlət Məşğulluq Agentliyinin əmək bazarı üzrə təhlilləri, beynəlxalq araşdırmalar və prioritet sektorlar əsasında seçilən peşələr həm gənclərin maraq dairəsini genişləndirir, həm də onları real iş imkanlarına uyğun bacarıqlarla tanış edir.

Beləliklə, “PeşəFest” gənclərin yalnız arzuladıqları peşələri deyil, həm də əmək bazarının tələb etdiyi peşələri yaxından tanımalarına şərait yaradır. Nəticədə şəxslərin fərdi maraqları ilə əmək bazarında mövcud olan reallıq arasında daha sağlam balans formalaşır.

- “Peşə öyrən, gələcəyini qur!” devizi sadəcə bir çağırış deyil, həm də strateji mesajdır sanki. Bu devizlə gənclərə hansı dəyərləri və perspektivləri aşılamaq istəyirsiniz?

- “Peşə öyrən, gələcəyini qur!” devizi gənclərə öz gələcəyinə sahib çıxmaq məsuliyyətini aşılayan strateji mesajdır. Devizin əsas mesajı ondan ibarətdir ki, uğur təsadüfi yox, bilik, bacarıq və əzm sayəsində formalaşan davamlı inkişaf yoludur. Burada əsas dəyər əməyə, bacarığa və öyrənməyə hörmət prinsipidir. Gənclər anlayırlar ki, peşə öyrənmək yalnız bir iş tapmaq vasitəsi deyil, öz potensialını reallaşdırmaq, cəmiyyətə dəyər qatmaq və iqtisadi müstəqillik qazanmaq yoludur. Bu mesaj həm də onu göstərir ki, hər bir gənc yaşadığı regiondan və sosial vəziyyətindən asılı olmayaraq sahib olduğu bilik və bacarıqla öz gələcəyini formalaşdıra bilər. “PeşəFest” layihəsi gənclərə öyrənmək, öyrəndiklərini təcrübədən keçirmək və gələcəyini öz əli ilə qurmaq fürsəti yaradır.

- Bölgələrdə gənclərin məşğulluq imkanlarını artırmaq üçün “PeşəFest”dən sonra hansı konkret addımlar atılacaq? Bu təşəbbüs yalnız maarifləndirici xarakter daşıyır, yoxsa davamlı peşə hazırlığı proqramlarına da yol açır?

- “PeşəFest” layihəsinin əsas məqsədi həm də gənclərin peşələrlə bağlı məlumatlılıqlarını artırmaq, onlara bu peşələri yerindəcə sınamaq və özlərinə uyğun istiqaməti müəyyənləşdirmək imkanı yaratmaqdır. Layihə çərçivəsində iştirakçılar müxtəlif peşə sahələrini əyani şəkildə tanıyır, bacarıqlarını yoxlayır, öz suallarına cavablar tapır və hansı sahəyə daha uyğun olduqlarını kəşf edirlər. Peşələrini seçdikdən sonra gənclər və digər iştirakçılar Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı kurslarına və ya peşə məktəblərinə müraciət edərək həmin sahə üzrə təhsil ala, bacarıqlarını inkişaf etdirə bilərlər. “PeşəFest” yalnız maarifləndirici bir layihə, həm də gənclərin əldə etdikləri praktik məlumatları peşə hazırlığı ilə tamamlamalarına şərait yaradan bir başlanğıcdır.

- Gənclərin karyera planlamalarında texnologiya və rəqəmsallaşmanın rolu artır. Kibertəhlükəsizlik, data analitika kimi yeni peşələrə bölgələrdə maraq səviyyəsi necədir və bu sahələrdə təlim imkanları yaradılırmı?

- Kibertəhlükəsizlik, data analitika və proqramlaşdırma kimi sahələr nisbətən yeni olsa da, regionlarda bu istiqamətlərə maraq sürətlə artmaqdadır. “PeşəFest” layihəsi zamanı hər peşə stendinə yaxınlaşan iştirakçıların sayı və ünvanlanan suallar əsasında gənclər arasında texnoloji peşələrə marağın yüksək olduğu müşahidə edilir.

Eyni zamanda, Dövlət Məşğulluq Agentliyi tərəfindən texnologiya və rəqəmsallaşma istiqamətində peşə hazırlığı kursları da təşkil olunur. Bu kurslar çərçivəsində müraciətçilər kompüter elmləri, data analitika, dizayn və digər müasir sahələr üzrə təlimlərdə iştirak edərək öz bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.

- “PeşəFest”in növbəti mərhələlərində iştirakçıların bacarıqlarının inkişafı, praktiki təcrübə və işlə təminat mexanizmləri hansı istiqamətdə genişləndiriləcək? Layihənin uzunmüddətli strateji hədəfi nədir?

- “PeşəFest” layihəsinin icrası zamanı vətəndaşlar gələcəyin peşələri və əmək bazarında tələbat artan bacarıqlar barədə məlumatı praktiki və interaktiv şəkildə əldə etmək fürsəti qazanırlar. Layihə çərçivəsində nümayiş olunan peşə istiqamətləri müəyyən edilərkən uzunmüddətli tədqiqatların nəticələri, həmçinin Dünya İqtisadi Forumunun hesabatları və əmək bazarı proqnozları nəzərə alınır. Bu məlumatların təhlili əsasında gələcək dövrdə tələbatın artacağı peşə və bacarıq sahələri müəyyənləşdirilir və festivalda iştirakçılara təqdim olunur. Layihənin uzunmüddətli strateji hədəfi məktəbliləri, onların valideyn və müəllimlərini, eləcə də layihədə iştirak edən ixtisas seçimi, ixtisas dəyişmə və ya qərarvermə mərhələsində olan hər kəsi gələcəyin peşələrinə uyğun ixtisas seçimi barədə məlumatlandırmaq, eyni zamanda, düzgün ixtisas seçimi üsulları barədə maarifləndirməkdir. Məqsəd odur ki, vətəndaşlar öz maraq və potensiallarını nəzərə alaraq peşə və ixtisas seçsinlər, gələcəkdə isə seçdikləri sahə üzrə peşəkar fəaliyyət göstərə bilsinlər. Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə fəaliyyəti bundan sonra da davam edəcək.

Orxan Vahidoğlu, “İki sahil”