Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında açıqladığı rəqəmlər Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin miqyasını aydın göstərir. Bu gün işğaldan azad edilmiş ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Qısa zamanda bu göstəricinin 100 mini keçəcəyi gözlənilir. Beş il əvvəl böyük hissəsi tamamilə dağıdılmış ərazilərdə 96 min insan üçün yaşayış, əmək, təhsil və sosial xidmət imkanlarının yaradılması dövlətimizin gücünün və Prezident İlham Əliyevin məqsədyönlü quruculuq strategiyasının real nəticəsidir. Bu rəqəmin arxasında yeni evinə köçən ailələr, doğma yurdunda məktəbə gedən uşaqlar, fəaliyyət göstərən müəllimlər, həkimlər, sahibkarlar və müxtəlif sahələrdə çalışan insanlar dayanır.
Bu sözləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, hazırda 48 şəhər, qəsəbə və kənddə keçmiş məcburi köçkünlər məskunlaşıblar. Hər bir yaşayış məntəqəsinin bərpası yalnız evlərin tikilməsi demək deyil. Burada yollar, elektrik, qaz, su və rabitə xətləri çəkilir, məktəblər, tibb müəssisələri və digər sosial obyektlər yaradılır, məşğulluq imkanları formalaşdırılır. Buna görə də 48 yaşayış məntəqəsi rəqəmi görülən işlərin böyük miqyasını ifadə edir.
Cəsarət Hüseynzadə qeyd edib ki, ərazilərin minalarla çirkləndirilməsi, infrastrukturun və yaşayış məntəqələrinin dağıdılması bərpa prosesini olduqca çətinləşdirib. Buna baxmayaraq, Azərbaycan qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda müasir və təhlükəsiz həyatın əsaslarını yaratmağa nail olub.
Prezident İlham Əliyevin açıqlaması göstərir ki, Böyük Qayıdış qarşıdakı illərdə daha da sürətlənəcək. Məqsəd yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların həmin ərazilərdə təhlükəsiz, layiqli və davamlı həyatını təmin etməkdir. Beş ildə əldə olunan nəticələr Azərbaycanın bu strateji vəzifəni öz gücü və imkanları hesabına uğurla həyata keçirdiyini təsdiqləyir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi fikirlər göstərir ki... - AÇIQLAMA
Xarici mənbələrdən Azərbaycan dilində yayılan məzmuna qarşı ayıq-sayıq olmalıyıq - Ramil İskəndərli