28 oktyabr 2025 14:26
137

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edib.

Tərəflər Azərbaycan və Belarus arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Komissiyanın fəaliyyətinin ötən dövr üzrə nəticələri nəzərdən keçirilib, 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ilə bağlı müzakirələr aparılıb.

Sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində konkret nəticələr və irəliləyişlər, eləcə də Gəncə Avtomobil Zavodunda Belarus tərəfi ilə birlikdə kənd təsərrüfatı və xüsusi təyinatlı texnikanın yığılmasının davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, Belarusla lift istehsalı və təchizatı sahəsində uzunmüddətli əməkdaşlıq çərçivəsində Azərbaycanda "Moqilyovliftmaş" ilə lokal istehsalın genişləndirilməsi üzrə işlər davam etdirilir, bu il 200 liftin modernləşdirilməsi və quraşdırılması nəzərdə tutulur.

Azad edilən ərazilərdə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində Belarus tərəfi ilə birgə agroşəhər layihəsi üzərində işlərin davam etdiyi, baş planın təsdiqləndiyi və aqrar istehsalat klasterinin yaradılması üzrə işçi qrupun formalaşdırıldığı qeyd olunub.

Farmasevtika sahəsində Belarus texnologiyasının Azərbaycan ərazisində tətbiqi, dərman və vaksinlərin yerli istehsalına dair əməkdaşlıq istiqamətində müzakirələr yekunlaşma mərhələsində olduğu bildirilib.

Tərəflər peşə təhsili sahəsində əməkdaşlığı da mühüm istiqamət kimi dəyərləndiriblər. 2024-2025-ci illər üçün Birgə Fəaliyyət Planının icrasının davam etdiyini, Bakıda "Qida texnologiyası" ixtisası üzrə Belarus tədris modeli əsasında kadr hazırlığı həyata keçiriləcəyini vurğulayıblar.

Eyni zamanda Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib.

İclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib. Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon ABŞ dollarına çatıb. Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.

Mədəniyyət, təhsil, idman və gənclər siyasəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılıb. Əməkdaşlıq çərçivəsində qarşılıqlı olan mədəniyyət günlərinin keçirilməsi, gənclər forumlarının təşkili və şəhərlər arasında qardaşlaşma təşəbbüslərinin genişləndirilməsinin iki ölkə arasında humanitar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.

İclasın yekununda Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Birgə Protokol imzalanıb. Sənəddə yeni layihələrin icrası, birgə işçi qruplarının fəaliyyətinin koordinasiyası və konkret tədbirlərin həyata keçirilməsi üzrə öhdəliklər əksini tapıb.