Bir sıra Qərb dövlətləri və qurumları Azərbaycan əleyhinə qərəzli bəyanatlar səsləndirməkdə, qətnamələr qəbul etməkdə, hesabatlar hazırlamaqda davam edirlər. Ölkəmizə qarşı həmişə qərəzli mövqe nümayiş etdirən “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının bu günlərdə həqiqətdən çox-çox uzaq olan hesabatını buna misal göstərmək olar. Bu təşkilat növbəti dəfə heç bir fakta əsaslanmadan Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edib. Halbuki birgünlük lokal antiterror əməliyyatı zamanı bölgədə yaşayan erməniəsilli şəxslərə qarşı heç bir zor tətbiq olunmayıb. Ərazini tərk edən zaman bir nəfər də olsun mülki erməninin burnu qanamayıb. Hətta bu faktlar BMT-nin faktaraşdırıcı missiyasının hesabatında da yer alıb. Amma “Amnesty International” öz hesabatında buna əsla məhəl qoymayıb. Halbuki, ermənilər tərəfindən etnik təmizləməyə, soyqırımına məruz qalan azərbaycanlılar olub. Bunu təsdiqləyən çoxlu sayda faktlar da mövcuddur. Hesabatda isə 1987-ci ildən başlayaraq Ermənistandan zorla qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsinə əsla diqqət yetirilməyib. Bu təşkilat, həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının sonrakı taleyi ilə bağlı təcavüzkar ölkənin hər hansı məlumat verməməsinin üstündən də sükutla keçib.
Bütün bunlar azmış kimi, “Amnesty International” Qarabağı “mübahisəli” bölgə adlandırmaqdan da çəkinməyib. Halbuki artıq münaqişəyə son qoyulub. Azərbaycan öz ərazisində suverenliyini beynəlxalq hüquqa və konstitusiyasının tələbinə uyğun olaraq bərpa edib. Bu mənada artıq Qarabağ əsla mübahisəli bölgə sayıla bilməz. Qarabağ tarixi, əzəli, hüquqi Azərbaycan torpağıdır.
Göründüyü kimi, anti-Azərbaycan qüvvələrin xidmətində olan “Amnesty International” bu cür cəfəng iddiaları ilə Cənubi Qafqazda sülh və əmin-amanlığın yaradılmasına əngəl olmağa çalışır. Məlumdur ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin bütün bəndləri üzrə razılığa gəliblər. Hazırda sənədin imzalanması üçün İrəvanın Bakının iki şərtini (ATƏT-in Minsk qrupunun rəsmən ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik) yerinə yetirməsi qalıb.
Şübhəsiz, Ermənistan, eləcə də bu ölkənini xaricdəki havadarları bu kimi məsələləri şişirtməklə rəsmi Bakını mövqeyindən çəkindirməyə çalışırlar. Amma Azərbaycan mövqeyində qətidir. Rəsmi Bakı hansısa təzyiqlər, cəfəng idddialar qarşısında haqq yolundan dönən deyil.
Qeyd edək ki, rəsmi Bakı “Amnesty International”ın, həmçinin onun kimi ermənilərə xidmət edən, ölkəmizə qarşı hədyanlar yağdıran digər təşkilatların (“Human Rights Watch”, “Freedom House”, “Transparency”) fəaliyyətini dəfələrlə sərt tənqid edib. Hətta Prezident İlham Əliyev çıxışlarının birində demişdi: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Amnesty International”ın hesabatında açıq-aydın görünür ki, bu təşkilat Ermənistanın və onun havadarlarının maraqlarına xidmət edir: “Elə bu kimi səbəblərdan hadisələrə real yanaşmır. Bu da “Amnesty International”ın Azərbaycana qarşı ənənəvi qərəzli siyasətindən xəbər verir. “Amnesty International” və onun kimi digər təşkilatlar bununla öz imiclərinə xələl gətirirlər”.
Yeri gəlmişkən qeyd edək ki, sözügedən hesabatla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatının baş katibi Aqnes Kallamarda açıq etiraz məktubu ünvanlayıb. Ombudsman məktubunda beynəlxalq qeyri-hökumət təşkilatları da daxil olmaqla, bütün təşkilatları insan hüquqlarına dair hesabatlar hazırlayarkən beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmağa, ədalətlilik, qərəzsizlik prinsiplərini pozmamağa, yalnız obyektiv və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”