03 may 2025 01:26
173

Ermənistan sülh prosesini ləngidir: Nə vaxtadək?...

Ermənistan rəhbərliyi son vaxtlar tez-tez sülh çağırışları etsə də, real siyasətləri və hərbi addımları bu bəyanatlarla ziddiyyət təşkil edir. Bu ölkə uzun illərdir ki, Cənubi Qafqazda sabitliyə və əməkdaşlığa ciddi təhdid yaradan təxribatçı siyasət yürüdür. Bu siyasət müxtəlif mərhələlərdə özünü hərbi, siyasi və informasiya sahələrində göstərir.

Bu gün də Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi (delimitasiya və demarkasiya) prosesi işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi üzündən ləngiyir. Təcəvüzkar ölkə sülh çağırışlarına rəğmən tez-tez sərhəd mövqelərində hərbi gərginlik yaradır, təxribatlara əl atır. “Sülh ritorikası” fonunda Ermənistan ordusu və ya ona tabe olan silahlı qruplar tez-tez Azərbaycan mövqelərini atəşə tutur. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, mart və aprel aylarında atəşkəs rejimi dəfələrlə pozulub. Bu hallar Ermənistanın danışıqlarda qeyri-səmimi olduğunu sübut edir.

Azərbaycan isə hər zaman sülh mövqeyindən çıxış edib. Rəsmi Bakı problemin danışıqlar yolu ilə həllinə sadiqliyini dəfələrlə göstərib. Amma Ermənistanın davranışları bu prosesi çətinləşdirir. Xüsusilə müdafiə sahəsində Ermənistanın Qərbdəki tərəfdaşlarından müasir hücum silahları əldə etməsi narahatlıq doğurur. Üstəlik bu silahların bəzən ödənişsiz təqdim edilməsi, Ermənistanın yenidən bölgədə gərginlik yaratmaq niyyətindən xəbər verir. Belə vəziyyətdə Ermənistanın sülhpərvər imic yaratmağa çalışması inandırıcı görünmür.

Digər tərəfdən, Ermənistan Minsk qrupunun fəaliyyəti ilə bağlı da aydın mövqe ortaya qoymayıb. Halbuki, Azərbaycan bu formatın artıq öz aktuallığını itirdiyini və tarixə qovuşduğunu açıq şəkildə bəyan edib. Göründüyü kimi, Ermənistanın ikiüzlü siyasəti nə sülhə, nə də regional sabitliyə xidmət edir. Bu yanaşma tərəflər arasında etimadın formalaşmasına da ciddi əngəl yaradır. Rəsmi Bakı isə sülh sazişinin imzalanması üçün ardıcıl və prinsipial addımlar atır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır.

Ermənistan bu gün də beynəlxalq aləmdə Azərbaycan əleyhinə yalan və təhrif olunmuş məlumatlar yaymaqla məşğuldur. O, xüsusilə Qərb dairələrində Azərbaycanı “təcavüzkar” kimi təqdim etməyə çalışır. Halbuki, beynəlxalq hüquq normalarına görə Qarabağ Azərbaycan ərazisidir və ölkə öz suveren hüquqlarını həyata keçirib.

Rəsmi İrəvanın mövqeyinə əsasən Ermənistan konstitusiyasına dəyişiklik məsələsi yalnız 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra gündəmə gətirilə bilər. Bu da faktiki olaraq real hüquqi dəyişikliklərin yalnız 2027-ci ildə mümkün olacağını göstərir. Siyasi təhlilçilər bu yanaşmanı Ermənistanın sülh danışıqlarını süni şəkildə uzatmaq və əlavə zaman qazanmaq niyyəti kimi dəyərləndirirlər. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar saxlanıldıqca, hər hansı sənədin gerçək nəticələr doğurması qeyri-mümkün görünür. Reallıq ondan ibarətdir ki, İrəvan hələ də sülh sazişinin imzalanmasına ciddi yanaşmır və  beynəlxalq ictimaiyyəti yalandan inandırmağa çalışır. Ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan davamlı sülh yalnız qarşılıqlı etimad və səmimiyyətlə mümkündür.

Göründüyü kimi, Ermənistanın təxribatçı siyasəti təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaza mənfi təsir göstərir. Beynəlxalq ictimaiyyət bu siyasəti qətiyyətlə pisləməli, Ermənistanı sülh və əməkdaşlıq yoluna dəvət etməlidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”