03 may 2025 02:32
200

Qarşılıqlı etimad üzərində qurulan tərəfdaşlıq

SSRİ-nin süqutundan sonra Azərbaycan aparıcı beynəlxalq təşkilatlar, o cümlədən  Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlığa başladı. Bu qurumla əlaqə 1992-ci ildən başlasa da, tərəfdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində nizama salınmasının əsası Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyuldu. Elə o vaxtdan ölkəmiz NATO hərbi strukturları ilə tərəfdaşlıq etmək, birgə təlimlər keçirmək, bir sözlə, bu blokun təcrübəsindən bəhrələnmək imkanları qazandı. Ötən illər ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO-nun bir sıra təlimlərində, o cümlədən Kosovoda, İraqda, Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak etmələri bunun təsdiqidir.

Bu gün də ölkəmiz dünyanın yüksək nüfuzlu siyasi-hərbi təşkilatı sayılan  NATO ilə əməkdaşlığı uğurla inkişaf etdirir.  Belə ki, hazırda Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir. Təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması,  təşkili üzrə hazırlığının artırılmasıdır. Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hər bir inkişaf etmiş ölkənin ordusu çalışır ki, öz arsenalını müasir hərbi texnikalarla zənginləşdirsin, onlardan baş çıxarmaq vərdişinə yiyələnsin: “Bu prosesdə müxtəlif praktiki çalışmalar, döyüş hazırlığı məşğələləri, taktiki təlimlər mühüm rol oynayır. Azərbaycan-NATO əməkdaşlığı müddətində ölkəmiz çoxsaylı müxtəlif təyinatlı təlimlərdə, treninqlərdə, təhsil və digər proqramlarda iştirak edib.  NATO-nun, həmçinin ölkəmizdə də çoxsaylı tədbirləri və treninqləri keçirilib. Hazırda dünyada terror, nüvə silahlarının yayılması, dezinformasiya və iqlim dəyişikliyi kimi çox saylı müxtəlif təhlükələr mövcuddur. NATO-nun baş katibi Mark Ruttenin də dediyi kimi, belə halların qarşısını almaq üçün hazırlaşmaq lazımdır. Elə Gürcüstanda xüsusi ssenariyə və prosedurlara əsasən keçirilən "NATO-Georgia 2025" taktiki komanda-qərargah təlimi də bundan irəli gəlib. Sevindirici haldır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da həmin təlimlərin iştirakçısıdır. Həm də bunu Azərbaycanla NATO arasındakı münasibətlərin inkişafı kimi dəyərləndirmək olar. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycan Ordusunda NATO standartlarına uyğun olaraq, islahatlar aparılır, təlimlər həyata keçirilir. İslahatlar çərçivəsində Prezident İlham Əliyev Azərbaycan Ordusunda Türkiyə modelinin tətbiq olunması ilə bağlı göstəriş verib. Dövlət başçımızın bu sözlərini də xatırlatmaq yerinə düşərdi: “Yəni, biz Türkiyə Ordusunun kiçik modelini qururuq. Bu isə ordumuzda islahatların davam etdirilməsi deməkdir. Hətta mən deyərdim ki, 44 günlük müharibədə əldə edilmiş Qələbə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb, bu da orduda aparılan islahatların nəticəsidir”. Demək istəyirəm ki, NATO ilə münasibətlərimizdə Türkiyə böyük rol oynayır. Məhz qar­daş Türkiyə vasitəsilə bu hərbi blokun standartları ordumuzda tətbiq olunur. Əməkdaşlıq azərbaycanlı hərbçilərin Türkiyə hərbi məktəblərində təhsil almasına da şərait yaradıb. Bütün bunlar da Ordumuzun daha da güclənməsi, onun peşəkarlıq səviyyəsinin artması ilə nəticələnir.  Dövlət başçısının da dediyi kimi, biz İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. Orduda aparılmış islahatların, görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında özünəməxsus yer tutur”.

Müsahibimiz, həmçinin bildirdi ki, ölkəmizin Avropanın enerji təh­lükəsizliyinə verdiyi töhfə də  NATO-nun ölkəmizə diqqətini artırır: ”Mənim fikrimcə, Azərbayca­nın NATO ilə tərəfdaşlığı məhz bu formatda bundan sonra da davam etdi­riləcək. Sevindirici haldır ki, tarixi uzun illərə dayanan Azərbaycan ilə NATO münasibətləri qarşılıqlı etimad üzərində qurulub. Amma bu kimi addımlar Azərbaycanın NATO-ya üzv olmaq istəyi kimi anlaşılmamalıdır. Hazırda ölkəmiz müstəqil kursuna sadiqdir və hər hansı hərbi bloka, o cümlədən NATO-ya üzv olmaq niyyətində də deyil”.

Qvami Məhəbbətoğlu, “İki sahil”