29 aprel 2025 18:15
248

Bu yubiley media üçün yeni imkanların başlanğıcı ola bilər - Rauf Arifoğlu

Milli Mətbuat-150

Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda milli mətbuatın zəngin tarixi yüksək qiymətləndirilir, yubiley münasibətilə mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“İki sahil” olaraq mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun fikirlərini öyrəndik:

Sərəncam milli jurnalistikaya verilən böyük dəyərin göstəricisidir

Rauf Arifoğlu bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamı media qurumları böyük razılıqla qarşılayır: “Sərəncamın əsaslandırıcı mətni çox dolğun və mükəmməldir. Burada həm mətbuatın klassik dövrünə, həm də müasir mərhələsinə obyektiv yanaşma var. Bu sənəd dövlətin media sahəsinə göstərdiyi etimad və hörmətin rəsmi ifadəsidir. Prezident İlham Əliyev hər zaman mətbuatın yanında olub, onun sosial-iqtisadi dayanıqlığını artırmaq üçün ciddi təşəbbüslərlə çıxış edib.”

Bu yubiley media üçün yeni imkanların başlanğıcı ola bilər

Media rəhbəri hesab edir ki, Sərəncamdan irəli gələn tədbirlər təkcə yubileyin qeyd olunması ilə məhdudlaşmamalı, medianın mövcud problemlərinin həllinə də təkan verməlidir: “Azərbaycan jurnalistləri bu gün sosial təminat baxımından cəmiyyətin ən həssas təbəqələrindən biridir. Redaksiyalar DSMF və vergi öhdəlikləri səbəbilə əmək müqavilələrini minimum əməkhaqqı üzərindən rəsmiləşdirməyə məcbur qalır. Bu isə yüzlərlə jurnalistin gələcək pensiya hüquqlarına ciddi zərbə vurur.”

Təkliflər

Rauf Arifoğlunun konkret təklifləri belədir:

MEDİA Agentliyinin reyestrində olan media qurumları üçün DSMF ödənişlərinin 10 il müddətinə dövlət tərəfindən subsidiyalaşdırılması;

Redaksiyaların ötən dövrlərə aid vergi və sosial fond borclarının silinməsi;

Tanınmış jurnalistlərə “Əməkdar jurnalist” adı, “Tərəqqi” medalı və digər dövlət mükafatlarının təqdim edilməsi.

O xatırladıb ki, 25 il əvvəl Ümummilli Lider Heydər Əliyev mətbuatın maliyyə yükünü yüngülləşdirmək üçün eyni addımı atmışdı və bu, medianın inkişafına böyük töhfə vermişdi.

Bu həm təşəkkür, həm də gələcək nəsil üçün örnək olar

“Mətbuat tariximizə adını yazdırmış jurnalistlərin dövlət səviyyəsində təltif olunması, gənc nəsil üçün də bir stimul və yol göstəricisi ola bilər. Mən bu təklifləri yaxın günlərdə MEDİA Agentliyinə və digər müvafiq strukturlara təqdim etməyi düşünürəm” deyən R.Arifoğlu vurğuladı ki, milli mətbuat 150 illik tarixi ilə bu diqqətə və qayğıya layiqdir: Prezidentin bu Sərəncamı medianın daha sağlam, peşəkar və sosial cəhətdən təminatlı gələcəyinə doğru atılmış mühüm bir addımdır.”

Orxan Vahidoğlu, “İki sahil”