02 may 2025 19:43
240

Azərbaycanın Çinlə strateji tərəfdaşlığı regional müstəvidə önəmli tarixi hadisədir - Soltan Məmmədov

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin nəticələri çoxvektorlu xarici siyasətin təzahürü olmaqla yanaşı, qlobal iqtisadiyyatda önəmli yer tutan bir ölkə strateji tərəfdaşlığın dərinləşməkdə olduğunu göstərir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, beynəlxalq münasibətlər sistemində, o cümlədən dünya iqtisadiyyatında həlledici rol oynayan Çinin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi dövlət başçımız tərəfindən aparılan siyasətin nə qədər müdrik qərarlara əsaslandığınını bir daha təsdiq edir: “Cənubi Qafqazda gedən iqtisadi və siyasi proseslərdə həlledici təsirə malik Azərbaycanın Çin kimi qüdrətli dövlətlə strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də regional müstəvidə önəmli tarixi hadisə kimi qiymətləndirilməlidir”.

Deputat xatırladıb ki, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,7 milyard dollara çatıb.  Bu gün Çin Xalq Respublikası ölkəmizin 4-cü ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan və Çin bir-birilərinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə hər zaman həssas yanaşıblar.  Ölkəmiz “Vahid Çin” siyasətinə fəal şəkildə dəstək veir. Çinin “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyənlərdən biri də Azərbaycan olmuşdur.

S. Məmmədov vurğulayıb ki, ötən dövrdə “yaşıl enerji” sahəsindəki tərəfdaşlığımız istiqamətində də bir sıra mühüm addımlar atılıb. Bu sahədə əməkdaşlıq əlaqələri genişləndirilməkdədir: “Belə ki, Pekində bir sıra Çin şirkətləri ilə Energetika Nazirliyi arasında 6 sənəd imzalandı. Bu 6 sənəd ümumilikdə 2,4 qiqavatlıq yaşıl enerji istehsalını nəzərdə tutur”.

Deputat qeyd edib ki, Azərbaycan və Çin müxtəlif sahələrdə fəal qarşılıqlı fəaliyyət göstərən iki dost ölkədir. Dünya nizamının sürətlə dəyişdiyi indiki tarixi mərhələdə bu münasibətlərin inkişafı və möhkəmlənməsi yaşadığımız regionda sülhün, təhlükəsizliyin və iqtisadi rifahın təmin olunmasına xidmət edir. 

Yaqut Ağaşahqızı,”İki sahil”