07 iyul 2026 21:54
123

Bakı bu gün beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edir - ŞƏRH

Zaur İbrahimli: Azərbaycanın sülh diplomatiyası çağdaş dövrümüzün ən uğurlu nümunələrindən biri kimi öyrənilir. Sülh diplomatiyası bu gün praqmatik, qlobal miqyasda, regionda baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlərin transformasiyasının, əsas trendlərin dərin təhlilinə əsaslanan peşəkarlıqla güclü reputasiya qazanıb

 Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və təminatçısı Azərbaycandır. Bakı Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən münaqişənin ardından regionda davamlı sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində tarixi addımlar atır.  Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uğurlu diplomatiyası sayəsində başladılan sülh prosesi regionda sabitlik, qarşılıqlı anlaşma və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Ölkəmizin başçısının uzun illərdən bəri sülh, dialoq və qarşılıqlı anlşamanın təşəbbüskarlarından və fəal təşviqatçılarından biri kimi çıxış etməsi sülh şəraitində yaşamağın bütün insanların, dünya xalqlarının müqəddəs haqqı olduğunu bir daha təsdiq edir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfəri çərçivəsində iyulun 1-də Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib: “İcazə verin, Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik”.

Siyasi şərhçi, Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ müharibəsində ölkəmizin tarixi Zəfərindən sonra diplomatik mübarizədə əhəmiyyətli qələbələrə imza atıb: “Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, bütün diplomatiya müharibənin başqa vasitələrlə davamıdır. Müasir beynəlxalq proseslər yüksək dinamika, sərt rəqabət, qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu, diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir”.

Siyasi şərhçi qeyd etdi ki, əldə olunmuş uğurlar, diplotamatik qələbələr deməyə əsas verir ki, Azərbaycan tarixin bu çətin sınağından uğurla keçib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün çağdaş qlobal proseslərdə, beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edir, sabitlik və təhlükəsizlik ixrac edir. Güclü diplomatik mövqelərə malik olan ölkəmiz sülh təşəbbüsləri ilə Cənubi Qafqaz regionunun transformasiyasını həyata keçirir: “Bu strateji kurs Azərbaycanın gələcək onilliklər üçün iqtisadi dayanıqlığını, müstəqil xarici siyasətini və beynəlxalq nüfuzunu sığortalayır. Bu kurs, həmçinin səriştəli, peşəkar diplomatiya ilə həyata keçirilir. Azərbaycanın beynəlalq nüfuzunun ən real göstəriciləri beynəlxalq təşkilatlarda, platformalarda təmsilçilik, diplomtik uğurlardır. Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür”.

Z.İbrahimli vuruladı ki, bundan əvvəlki dövrdə Prezident İlham Əliyevin irəli sürdüyü “hücum diplomatiyası” doktrinası ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirdi, tarixi Zəfərdən sonra xarici siyasət, diplomatiyamız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası, sülh gündəliyinin inkişaf etdirilməsi, regionumuzun yeni reallıqlarının tanınması istiqamətində yüksək məharət nümayiş etdirdi. Artıq Azərbaycanın sülh diplomatiyası çağdaş dövrümüzün ən uğurlu nümunələrindən biri kimi öyrənilir: “Azərbaycan diplomatiyası bu gün praqmatik, qlobal miqyasda, regionda baş verən geosiyasi proseslərin, beynəlxalq münasibətlərin transformasiyasının, əsas trendlərin dərin təhlilinə əsaslanan peşəkarlıqla güclü reputasiya qazanıb. Azərbaycan diplomatiyasının reputasiyası, peşəkarlığı Azərbaycanın xarici siyasətinin əsas vəzifələrini- balanslaşdırılmış və çoxtərəfli tərəfdaşlığa söykənən xarici siyasət kursunun davam etdirilməsinə, həm Qərb, həm də Şərq qütbləri ilə münasibətlərini paralel, səmərəli şəkildə inkişaf etdirməsinə, Türk Dövlətləri Təşkilatı coğrafiyasında inteqrasiyanın sürətləndirilməsinə, Cənubi Qafqazın sülh gündəliyi ilə transformasiyası kimi strateji məqəsədlərə nail olunmasına əhəmiyyətli töhfə verir”.

Zahid Rza, “İki sahil”