KÖŞƏ

Elçin Zaman

İslam həmrəyliyinin Azərbaycan nümunəsi

01 may 2017 23:56
2967

Beynəlxalq aləmdəki geosiyasi qarışıqlıq, böyük dövlətlərin siyasi qarşıdurması və hətta nüvə silahı ilə qarşılıqlı təhdidlər bir daha göstərir ki, bəşəriyyətin başının üstünü çox ciddi təhlükələr “Domokl qılıncı” kimi almaqdadır. Xüsusən son bir neçə ayda fövqəlgüclərin dərinləşən qarşıdurması planetimizin yeni dünya müharibəsinin astanasında olması qənaətini yaradır.

Əslində bu gün ən dəhşətli hadisə dövlətlərin və xalqların böyük güclərin hərbi poliqonuna çevrilməsidir. Təəssüf ki, məhz son 15 ildə islam ölkələri böyük dövlətlərin savaş poliqonuna çevrilib. İraq, Liviya, Misir və ən nəhayət Suriyada baş verən inqilablar sonradan uzunmüddətli vətəndaş müharibləri yaratdı.

Neçə illərdir ki, ABŞ-ın, Rusiyanın, İranın, Türkiyənin və digər ölkələrin geosiyasi maraqlarının toqquşduğu Suriyada dövlət adına ciddi bir şey qalmayıb. Bu ölkənin viran edilməsi, əhalisinin 80 faizinin qaçqın və məcburi köçkünə çevrilməsi, yüz minədək vətəndaşının həlak olması, onlarla şəhərinin tamamilə dağıdılması prosesini hələ də durduran yoxdur.

Bu bir gerçəklikdir ki, məhz Qərb İslam dövlətlərinə “Ərəb baharı” adlı iqilablar ixrac etməklə həmin ölkələrdəki dinc, sakit həyatı birdən-birə cəhənnəmə çevirdi. Tarixi qanunauyğunluğa görə, inqilablar ixrac edilmir,  onun üçün tarixi  şərait yaranır.

Məhz ixrac olunan inqilablarda cəmiyyət eyforiyaya qapılır, ölkədə xaos yaranır, az müddət sonra inqilabın acı nəticələri özünü göstərməkdə davam edir.  Daha doğrusu, cəmiyyət inqilablara hazır olmayanda ictimai hadisələr gözləntilərdən yan ötərək cəmiyyətin iflasını sürətləndirir.

Təbii ki, o islam ölkələri  bu tip inqilablardan yan keçə bildilər ki, orada güclü iqtisadi inkişaf, xalqla hakimiyyətin birliyi və müasir dünyaya inteqrasiya mövcuddur. Məhz zaman-zaman Qərbdən Azərbaycana da “rəngli inqilablar” “ixrac” edilmək cəhdləri oldu.

Xaricdən maliyyələşən “5-ci kolon”un bütün cəhdlərinə rəğmən Azərbaycanda siyasi  sabitliyi pozmaq, ölkədə vətəndaş qarşıdurması yaratmaq istəkləri iflasa uğradı. Ona görə ki, ölkəmizdə həm güclü xalq-hakimiyyət birliyi mövcuddur, həm də Prezident İlham Əliyevin timsalında qətiyyətli siyasi iradə...

Bu gün Azərbaycanın beynəlxalq aləmə çoxtərəfli inteqrasiyası, iqtisadi və geostrateji maraqlarımızın təmin edilməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə prioritet məsələdir. Ölkəmizin başçısının dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarının dəqiqliklə uzlaşdırılması, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müsbət nəticələrin əldə olunmasını şərtləndirib.

Prezident İlham Əliyev ötən 14 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərib.

Çox mühüm məsələlərdən biri də son illər Bakıda beynəlxalq əhəmiyyətli tədbirlərin davamlı keçirilməsidir. İndi Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Multikulturalizm dəyərlərinə sadiq qalan, fərqli mədəni sivilizasiyaların toqquşduğu deyil, qovuşduğu bir məkana çevrilən ölkəmiz dünyada sülh və barış nümunəsi kimi göstərilir.

Ən mühüm cəhət isə odur ki, İslam ölkələrini bürüyən xaos və vətəndaş müharibələrinə rəğmən Azərbaycan dövləti 10 gündən sonra müsəlman dünyasını sülhə və həmrəyliyə  səsləyən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Eyni zamanda, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi ölkəmizin bəşəriyyətə mütərəqqi, xoşniyyətli yeni mesajıdır.

Bununla da “Tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan örnəyi”, “Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi” kimi  qlobal təşəbbüslərin davamı olaraq Azərbaycan dövləti öz üzərinə islam ölkələrinin həmrəyliyinə nail olmaq kimi çox şərəfli bir missiyasını götürüb. Təbii ki, ölkəmiz bu məsulliyyətli missiyanı da uğurla yerinə yetirəcəkdir. Ona görə ki, indi dünyada “İslam həmrəyliyinin və inkişafının Azərbaycan nümunəsi” mövcuddur.