28 oktyabr 2024 23:46
75

Qəhrəmanlıq salnaməsini yazan igid

Azərbaycanın yeni, şanlı tarixini yazan zəfər şəhidlərindən biri də Hüseyn Xanhüseyn oğlu Bəşirzadədir. 44günlük haqq savaşımızda Vətən, torpaq uğrunda can qoyub və mərdliklə vuruşan Hüseyn cismən aramızdan getsə də, milyonların qəlbinə köç etməklə müqəddəs, əbədi ömür qazanıb. Lənkəranın Qumbaşı kəndində halal bir ailədə boy-başa çatan Hüseyn indi bütöv Azərbaycan xalqının əzizi olmaqla, həm də qürur yeri, iftixar mənbəyidir. Həmçinin qismətində 26 yaşında şəhidlik zirvəsindən boylanmaq səadəti olan Vətən sevdalısının dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın və Qubadlının azadlığına görə medalları doğmalarına təsəllidir.

Müqəddəsliyinə tapındığı müdriklər beşiyi, qəhrəmanlar yurdu Azərbaycanı canından əziz tutan, ürəyi düşmən tapdağında olan Qarabağımızı azad görmək istəyi ilə döyünən Hüseyn Bəşirzadə Vətən müharibəsinə könüllü yollanıb. Birbaşa səngərə, erməni dığalara qarşı döyüşə girib. Rəşadət nümunəsi göstərərək onların xeyli canlı qüvvəsini, texnikasını məhv edərək ilk ciddi sınaqdan alnıaçıq çıxıb. Döyüşdən-döyüşə bərkiyən, hər dəfə yağının üstünə qartal tək şığıyan Hüseyn Cəbrayılın, Füzulinin azadlığı uğrunda sözün əsl mənasında tarix yazıb. Hünəri onunla çiyin-çiyinə vuruşan yoldaşlarına da nümunə olub. Hər günü zəfərlə dolu döyüş yolu Qubadlıya qədər davam edib. Burada şəhidlik zirvəsinə ucalsa da, səngər yoldaşları ilə verilən tapşırıqların öhdəsində layiqincə gəlib, mənfur yağıya yaxşı divan tutub. Ürəyi Vətən eşqli qəhrəman doğma Qumbaşı kəndində torpağa tapşırılıb. Öz oğlunun hünərinə, qeyrətinə bələd olan, həmişə xatirəsini əziz saxlayan kənd sakinləri buradan keçəndə məzarı önündə baş əyirlər.

Zəfər şəhidi Hüseyn Bəşirzadənin anım günündə də uyuduğu müqəddəs yerə xeyli sayda adam toplanmışdı. Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, digər rəsmi şəxslər, yerli ictimaiyyətin nümayəndələri, şəhid ailəsinin üzvləri Hüseyn Bəşirzadənin xatirəsinə ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hördülər. Həmçinin çıxışlar zamanı bildirildi ki, Hüseyn çətin gündə Vətən uğrunda ölməyi hər şeydən uca tutdu. Vətəni öz qanı, canı hesabına alınmaz qalaya çevirən igidlərdən oldu. Belə ölümsüzlüyə qovuşan qəhrəmanla fəxr etməyə dəyər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü