22 oktyabr 2024 23:57
901

Cənubi Qafqaz Qərbin avantürasından qurtula biləcəkmi?

Son günlər Cənubi Qafqazdakı proseslər bir qədər mürəkkəbləşib.  Hətta  belə demək olar ki, bölgəyə nəzarət uğrunda mübarizə daha amansız xarakter almağa başlayıb. Belə ki, Qərb, o cümlədən ABŞ regionda möhkəmlənmək məqsədilə bütün vasitələrdən yararlanmağa çalışır. Daha doğrusu, ABŞ, Avropa İttifaqı, o cümlədən Fransa bu regionu özlərindən asılı vəziyyətə salmaq məqsədilə dəridən-qabıqdan çıxır. Bununla da bu gün Azərbaycan və Ermənistanı sülhə çağıran  ölkələr qeyri-səmimi davranış sərgiləyirlər.

Onlar   bu məsələdə öz istəklərinə nail olmaq üçün Ermənistandan alət kimi istifadə etməkdə davam edirlər. Təcavüzkar ölkəni mütəmadi silahlandıran, hərbi əməkdaşlığa  yeni çalarlar əlavə edən, təcavüzkarı sülhdən yayındıran Qərb bu yolla Azər­baycana təzyiq göstərməyə çalışır. Şübhəsiz, bu proses davam edərsə, Cənubi Qafqazda hərbi-siyasi gərginlik qaçılmaz ola bilər. Amma bu gün real görünən budur ki, Qərb İrəvanın vasitəsilə re­giondakı sabitliyi pozmaq və nəticədə Ermənistanı  Ukrayna, Suriya, yaxud Liviyanın gününə salmaqda israrlı görünür.  Problemlər məngənəsində boğulan Ermənistan da sanki özünün belə gələcək taleyi ilə barışıb.

Ermənistanı əlinin içində saxlayan, amma ona nəzarət imkanlarını yetərli hesab etməyən Qərb, Cənubi Qafqazın digər ölkəsində, yəni Azərbaycanla strateji tərəfdaşlığının yüksək səviyədə olduğu Gürcüstanda yaxın günlərdə, daha doğrusu, oktyabrın 26-da keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində xarici dairələrin agenturasına çevrilən radikal müxalifətin əli ilə “rəngli inqilab”a, yəni mövcud Gürcüstan hakmiyyətni devirməyə, sözəbaxanları hakimiyyətə gətirməyə cəhd göstərməklə bölgədəki vəziyyəti  gərginləşdirməyə cəhdlər göstərir.  Yəni, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq, bölgədə hegemonluq etmək üçün sözügedən ölkədə də bütün imkanlarını səfərbər edib. Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Qərbin çirkin niyyətinin qarşısını almaq məqsədilə öz daxili imkanlarından yararlanır. Çünki bu ölkənin rəsmiləri yaxşı dərk edirlər ki, Qərbin istəkləri nəinki Gürcüstanın, həmçinin Cənubi Qafqazın gələcək taleyinə birbaşa təsir göstərə bilər. Bu, həm də təxribatlara ara verməyən Ermənistanın əl-qolunu açmaqla yanaşı, ABŞ və Qərbin Cənubi Qafqazda təsir dairəsini genişləndirər.

Bu mənada demək olar ki, Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri Cənubi Qafqaz üçün mühüm əhəmiyyət kəsb edir. Amma Gürcüstanın bu çətin sınaqdan milli maraqlarına uyğun çıxacağı əksər siyasətçilərdə şübhə doğurmur. Hətta hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Imedi” televiziya kanalına müsahibəsində söyləyib ki, biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Bu isə o deməkdir ki, Gürcüstan Cənubi Qafqazı qarışdırmaq istəyən Qərbə yerini göstərəcək.

Bəli, Ermənstandan fərqli olaraq Gürcüstan müəyyən mənada Qərbə təslim olmaq, onun quluna çevrilmək istəmir. Bu mənada demək olar ki, Gürcüstan Azərbaycanla eyni siyasət yürüdür. Elə Qərbin israrına baxmayaraq, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdırmaq məqsədilə Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu bunu bir daha təsdiq edir. Gürcüstandakı qeyri- hökumət təşkilatlarına Avropadan və ABŞ-dan gələn külli miqdarda maliyyə vəsaitlərinin (qrantların) hesabatının verilməsini özündə əks etdirən bu sənədin qəbulundan sonra Qərbin, həmçinin ABŞ-ın bu ölkəyə münasibəti birmənalı şəkildə radikallaşıb. Hətta cəza kimi Gürcüstana maliyyə yardımları  dondurulub, bu ölkənin rəsmilərinə qarşı viza sanksiyaları tətbiq edilib. Üstəlik, ölkənin Avropa İttifaqına inteqrasiya prosesi üzrə müzakirələri tamamilə dayandırılıb. Şübhəsiz, bu təzyiqlər ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlib. Bütün bunlar bir daha sübut edir ki, Qərb istər Gürcüstanda, istərsə də Ermənistanda öz çirkin məqsədləri, maraqları naminə hər cür üsullara əl atmaqdan çəkinmək istəmir. 

Qərbin bütün təziyiqlərinə baxmayaraq,  44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatları ilə Ermənistanın 200 illik “böyük Ermənistan” ideyasını cəhənnəmə göndərən, ərazilərində separatizmin kökünü kəsən, öz suverenliyini tam bərpa edən, Cənubi Qafqazda yeni reallıqlar yaradan, bölgədə söz sahibi olan Azərbaycan isə müstəqil siyasət yürütməkdə davam edir. Üstəlik, rəsmi Bakı Cənubi Qafqazda geosiyasi gərginliyi azaltmaqda, stabil şəraitin bərqərar olmasına doğru addımlar atmaqdadır. Elə rəsmi Bakının bu mövqeyi  Qərbi qıcıqlandırır. Odur ki, hər vəchlə ölkəmizə qarşı qərəzli hesabatlar hazırlanır, saxtakarlıqlarla dolu açıqlamalar verir, siyasi təzyiqlər olunur.

Bütün bunlar da sözdə özünü  demokratiya tərəfdarı adlandıran, əslində isə dünyanın bir neçə bölgəsində milli münaqişələrə  rəvac verən Qərbin  Azərbaycanın  Cənubi Qafqazda yaratdığı yeni reallıqları, həmçinin sülh, əmin-amanlıq urğrundakı mücadiləsini hələ də həzm edə bilmədiyini bir daha göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”