24 noyabr 2024 01:57
80

Azadlığına qovuşmuş Kəlbəcər yenidən qurulur və dirçəldilir

Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Ermənistan silahlı birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin daha aktiv şəkildə məskunlaşdırılmasına başlanılmışdı. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə nəticəsində tarixi ədalət bərpa edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə belə atılmadan  işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub.

Bu gün dünya Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr  yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.

Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. "Yaşıl enerji" strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su elektrik stansiyası tikilir. Kiçik su elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən Kəlbəcərdə yeni tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər" SES silsiləsi azad edilən ərazilərdə 42 meqavatlıq "Zəngilan" SES silsiləsindən sonra tikilən ikinci böyük silsilədir.

Kəlbəcərin  ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcəkdir.

Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcəkdir. Rayonun Yanşaq və Zallar kəndlərində yaşayış məntəqələrinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla müvafiq olaraq 121 və 137 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Kəndlərə əhalinin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır.

Göründüyü kimi, cəmi 4 il ərzində görülən bütün bu möcüzəvi işlər isə bir daha  dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini  göstərir.

Şəmsiyyə Əli qızı, “İki sahil”