Bu dövlət xırda xalqların azadlıqlarını əllərindən alaraq sərvətini amansızcasına talayır
Fransa dünyanın o ölkələrindəndir ki, dörd yüz il əvvəl burada ağlagəlməz ölüm və dəhşətli işgəncə alətləri tətbiq olunurdu. Fransız cəlladlar elə cəza növlərindən istifadə edirdilər ki, şeytanın belə ağlına gəlməzdi. Dünya dəyişdikcə zamana uyğun olaraq canavar sifətlərini mələk maskası ilə gizlətdilər. Ancaq xislətlərini dəyişə bilmədilər.
Beynəlxalq tədbirlərdə, görüşlərdə, xarici səfərlərində demokratiyadan, insan hüquqlarından, ədalətdən dəm vuran Fransa rəsmiləri belə insani dəyərlərin əleyhinə çıxmalarından danışsalar daha düzgün olardı. Ən azı, bir sifətli olardılar.
Otuz iki il davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründə Fransa ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi demokratik və bəşəri dəyərləri bir daha əzib keçdi və işğalçıya dəstək verdi. 250 min nəfər soydaşımızın Ermənistandan zorla deportasiya olunması, Azərbaycanda 700 mindən artıq insanın öz yurdundan didərgin salınması, iki müharibədə 40 mindən çox hərbi və mülki soydaşımızın öldürülməsi Fransada heç bir narahatlıq yaratmadı. Fransa Ermənistanın Azərbaycan ərazilərində təşkil etdiyi qətliamlara nəinki reaksiya vermədi, pisləmədi, əksinə hətta 1915-ci ildə olmuş hadisələri "erməni soyqırımı" adı ilə tanıdı. Halbuki haylar Birinci Dünya müharibəsinin gedişində torpağında yaşadıqları Türkiyəyə həm ölkənin içərisindən, həm də xaricindən zərbə vurdular. Hökumətin qərarı ilə sərhəddəki xəyanətkar hay ailələri ölkənin içərilərinə köçürüldü və bu prosesdə bir neçə erməni öldü. Hay-küyçü daşnaklar ölənlərin sayını süni surətdə şişirdərək fantastik rəqəmə çatdırdılar. Daşnakları susduran Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana və onun havadarlarına bildirdi ki, arxivlər açılsın, ölən haylar haqqında dəqiq məlumat alınsın. Bu təklifdən sonra iddiaçılar və böhtançılar susdular.
İkinci Qarabağ müharibəsi zamanı prezident Emmanuel Makron və nazirləri Fransanın daim "kiçik bacısı” Ermənistanın yanında olacağını bildirdilər. Paris şəhərinin qadın meri Ann İdalqo özü ilə İrəvana yardım karvanı gətirdi və “bacısının” dərdlərinə ağladı. Biz bunları ona görə xatırladırıq ki, otuz iki il ərzində Fransadan olmazın pislikləri gördük. Ancaq özü təcavüzkar olan bu dövlət Afrikada yaşayan ada dövlətlərini yüz illərdir ki, əsarətdə saxlayır, xalqların ən adi insani hüquqlarını tapdalayır.
Bakı Təşəbbüs Qrupunun (BTQ) hazırladığı sənəddə dənizaşırı ərazilərdə insan hüquqlarının, söz və ifadə azadlığının, seçki hüququnun pozulması, onların öz iradəsini ifadə etməsinə maneələrin mövcudluğu əks olunub.
BTQ-nin icraçı direktoru Abbas Abbasov hesabatın təqdimatı ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib ki, Fransanın mədəni assimilasiya siyasəti yerli mədəniyyətlərə mənfi təsir edir. Bunun fonunda təhsil sistemində fransız dili üstün tutulduğundan yerli dillərin qorunması ilə bağlı təhlükələr mövcuddur.
Konfransda qeyd olunub ki, Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi nüvə sınaqları və pestisid istifadəsi həmin bölgələrin ekoloji çirklənməsinə, mədənlərdən atılan zəhərli maddələrin neytrallaşdırılmaması yerli əhalinin sağlamlığına ziyan dəyməsinə səbəb olur.
Fransa müstəmləkələri olan Qvadelup, Martinika və Mayot bölgələrinin təmsilçiləri çıxış edərək öz dövlətlərində mövcud olan problemlərə toxunublar. Bildiriblər ki, Fransanın müstəmləkə siyasəti, iqtisadiyyat, mədəniyyət, ekologiyaya nəzarət və müdaxilə addımları sosial-ekoloji problemlərin dərinləşməsinə, meşələrin qırılmasına, su qıtlığı kimi fəsadlara, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur kimi sahələrdə ciddi problemlərə səbəb olur. Fransa öz müstəmləkələrində xalqların öz dillərində yazıb-oxumasını qadağan edərək millətləri assimilyasiyaya uğratmaq siyasəti yeridir. Ancaq həmin xalqlar oyanıb zülmkarlara qarşı mübarizəyə qalxıblar.
Bir neçə gün əvvəl Qvadelupun Azadlığı Naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb. Bəyanatda deyilir ki, Qvadelupun Azadlığı Naminə Xalq Birliyi (UPLG), 23 oktyabr 2024-cü ildə BMT-nin Cenevrə qərargahında keçirilən missiyadan qayıdarkən, Baş katibi Jan-Jakob BICEP-in Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir.
Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilmişdir.
Bundan əvvəl, Baş katib ABŞ-də BMT qərargahına səfər etməyi planlaşdırarkən, Martinikdən keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.
UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.
Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olana qədər mübarizəmizi davam etdirəcəyik.
UPLG Qvadelup xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.
Onu da xatırladaq ki, uzun illər haqsızlığa məruz qalmış Azərbaycan öz azadlığını tələb edən ada dövlətlərinə təmənnasız yardımlar edib və onların yanında olduğunu bildirib.
Fransa haqqında danılmaz faktların ortalıqda olması onu göstərir ki, başqalarına demokratiya dərsi keçməyə cəhd edən bu təcavüzkar dövlət öz gözündəki tirləri görsə və nəticə çixarsa daha düzgün olardı.
"Özü meymun ola-ola"...Yaddaşınızda olarsa tamaşalardan birində zümzümə edilən belə bir musiqi parçası vardı...
Vəli İlyasov, "İki sahil"