Kazan Sammiti bir daha göstərdi ki, etibarlı müttəfiqlərimizin coğrafiyası genişlənir
Azərbaycanın davamlı olaraq həm regional, həm də beynəlxalq platformalara dəvət olunması bir daha göstərir ki, ölkəmizin geosiyasi nüfuzu durmadan artır. Qeyd edək ki, Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu həqiqəti təsdiq etdi. Hazırda 10 üzvü olan bu təşkilat 2006-cı ildə yaradılıb. Təşkilatın Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, həmçinin 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. Bu qlobal təşkilat qarşılıqlı hörmət, bərabərlik, inklüzivlik kimi ciddi prinsiplər əsasında yaradılan bir platformadır. XVI BRICS Sammitinin yekun Bəyannaməsində üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da inkişaf etdirmək əzmində olduqlarını bildiriblər. Sammitdə qəbul olunan sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətləri önə çıxarılır. Təşkilata üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığın dərinləşməsinə özünəməxsus töhfələr verirlər. Lakin bu, son deyil və sənəddə inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi bildirilib.
Bütün bunların fonunda Prezident İlham Əliyevin təşkilatın Kazan Sammitinə dəvət olunması heç də təadüfi deyil. Məlumdur ki, Azərbaycan BMT-dən sonra ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib və hələ də həmin qurumda uğurlu fəaliyyətini davam etdirir. Bundan başqa, COP29 dünyanın diqqətini də ölkəmizə yönəldib. Hazırda bu istiqamətdə həm də BRİCS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. Kazan sammitinin «Outreach»BRICS+” formatının ilk plenar iclasında Prezident İlham Əliyev bu barədə deyib ki, Azərbaycan çoxtərəflilik prinsipinə önəm verir. Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan əlverişli coğrafi məkanda yerləşir və bu, Asiya ilə Avropanın nəqliyyat dəhlizlərinin mərkəzi ola bilər. Xüsusilə Azərbaycan Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da inkişaf etdirib. Yəni, hazırda Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsı fəaliyyət göstərməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına önəmli töhvələr verir və verməkdə davam edəcək.
Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti rentabelli layihə kimi qiymətləndirilir. Eyni zamanda, Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gələndən sonra 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yoluna beynəlxalq hüquqi status verildi. İqtisadçıların hesablamalarına görə, Çinin «Bir kəmər, bir yol» layihəsi tamamilə işə başlayandan sonra Xəzər dənizi vasitəsilə hər il 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artacaq. Digər önəmli məsələ isə bu dəhlizin ən strateji xətlərindən biri olan Naxçıvan ilə quru əlaqələrin bərpası və muxtar respublikanın Xəzər-Aralıq dənizini birləşdirən loqistik məkana çevrilməsidir. Bir sözlə, Naxçıvanla kommunikasiya sisteminin qurulması üçün tarixi İpək Yolunun məsafəsi və yüklərin çatdırılma sürəti daha səmərəli hesab edilir. Həmçinin ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Məhz bütün bu amillər Azərbaycanın BRICS üçün dəyərini xeyli artırır. Ona görə də qürurla deyə bilərik ki, bu təşkilatla ölkəmizin tərəfdaşlığı yaxın gələcəkdə daha da genişlənəcək.
Ümumiyyətlə, son bir neçə ildə Azərbaycanın modern bir dövlət olaraq xarici siyasətdə fəallığının artması, o cümlədən bir çox böyük dövlətlərlə srtateji tərəfdaşlığının genişlənməsi ölkəmizlə müxtəlif sahələr üzrə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırıb. İlk olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın BRICS-ə daxil olmaq üçün rəsmi müraciəti ölkəmiz üçün yeni əməkdaşlıq perspektivləri vəd edir. Belə ki, hələ Kazan sammitindən öncə, yəni bu ilin i yulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində «Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə» qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkdəyib.
Bəs Azərbaycanın gələcəkdə BRICS-ə bərabərhüquqlu üzv kimi qəbulu ölkəmizə hansı inkişaf perspektivləri vəd edir? Məlumdur ki, sözügedən beynəlxalq təşkilatda Çin, Rusiya , Braziliya və BƏƏ kimi iqtisadi cəhətdən çox güclü ölkələr var. Bu isə Azərbaycana yeni iqtisadi əməkdaşlıq imkanları qazandıracaq. Xüsusilə ölkəmiz burada yeni bazarlar, yeni investisiyalar əldə edə biləcək. Daha önəmlisi isə odur ki, Azərbaycan ilə Çin arasında ticarət sahəsində kifayət qədər böyük potensial mövcuddur ki, qalır sadəcə yaxın perspektivdə bundan səmərəli istifadə etmək... Yəni, dövlətimiz nəinki Asiyanın hətta dünyanın həm ərazi və əhali, həm də iqtisadi cəhətdən ən böyük ölkəsi olan Çini yalnız dost ölkə deyil, həm də sürətli texnoloji inkişafın mənbəyi kimi dəyərləndirir. Həmçinin ölkəmiz Çinə özünün milli prioritetlərindən biri olan rəqəmsal və «yaşıl keçid»də də tərəfdaş hesab edir. Bundan əlavə, hər iki ölkə birgə bərpaolunan enerji mənbələri və elektrik avtomobilləri üçün avadanlıq istehsal edə bilər. Bu amilləri nəzərə alan Prezident İlham Əliyev Çinlə əməkdaşlığı Azərbaycanın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
…Bir sözlə, yaxın gələcəkdə BRİCS-ə üzv dövlətlərlə müttəfiqlik Azərbaycana həm iqtisadi, həm də geosiyasi yüksəliş imkanları verəcəkdir ki, bu da Cənubi Qafqazdakı üstünlüyümüzü nəinki qoruyacaq, hətta daha irəli aparacaqdır. Təbii ki, BRICS platformasında Azərbaycanın oynaya biləcəyi rol yalnız iqtisadiyyatla məhdudlaşmır. Cənubi Qafqazdakı sabitlik və təhlükəsizlik məsələləri BRICS ölkələri üçün getdikcə daha böyük aktuallıq kəsb edir. Bu isə o deməkdir ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və və Şərqi Zəngəzur iqtisadi rayonlarında həmin ölkələrin sərmayələrini cəlb etmək üçün yeni alternativlər yaranacaq.
Elçin Zaman, «İki sahil»