29 oktyabr 2024 00:58
254

İnkişaf və dayanıqlı gələcək yolunda yeni addımlar - Qarabağ və Şərqi Zəngəzur

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə icrasına başlanan Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin əsas məqsədi işğal dövründə dağıdılmış sosial-iqtisadi infrastrukturun yenidən qurulması, bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin yüksək rifah səviyyəsinin təmin olunmasıdır. Ölkəmizin maliyyə gücünün artması Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin genişlənməsinə daha çox vəsait ayırmağa imkan yaradır. Bu torpaqlarda həyatın əvvəlki axarına qaytarılması üçün dövlət büdcəsindən ayrılan böyük məbləğlər görülən nəhəng işlərin miqyasını göstərir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilib. Artıq bölgədə 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulub. Dəmir yolları, 2 beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib. Bu infrastruktur layihələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin digər bölgələri ilə inteqrasiyasını sürətləndirməklə yanaşı, regionun beynəlxalq iqtisadi və turizm mərkəzi kimi inkişaf etməsinə töhfə verir. Hava limanları, avtomobil və dəmir yolları inşa edilərək bu məntəqələrin ölkənin digər bölgələri ilə əlaqələndirilməsi təmin edilir. Füzuli və Zəngilan hava limanları beynəlxalq əhəmiyyət daşıyır. Bu hava limanları yalnız yerli əhali üçün deyil, həm də Qarabağa xarici investisiya və turizmin cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Laçın Beynəlxalq Hava Limanının isə inşası davam edir. Bu hava limanının tamamlanması bölgənin turizm və iqtisadi potensialını artıracaq və Qarabağın digər ərazilərinə beynəlxalq giriş-çıxışı asanlaşdıracaq.

Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara uyğun müasir nəqliyyat infrastrukturunun qurulması ilə yanaşı, bu ərazilərdə müasir texnologiyaların tətbiqi ilə yeni yaşayış məskənlərinin formalaşdırılması da xüsusi diqqət mərkəzindədir. Bunun nəticəsində Qarabağ və Şərqi Zəngəzurda müasir texnologiyalara əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Ağdamda geniş məhəllələrin salınması işləri davam etdirilir. Bu rayonun Baş Qərvənd kəndində Slovakiya mütəxəssislərinin iştirakı ilə “ağıllı kənd” layihəsi icra olunur. Layihə çərçivəsində ərazisi 476 hektar olan bu yaşayış məntəqəsi müasir “ağıllı həllər”in tətbiqi ilə yenidən qurulur. Bu kənddə yaşıl enerji texnologiyalarından istifadə ediləcək, təbii resurslara qənaət edən su təmizləmə və kanalizasiya sistemləri yaradılacaq. Evlərin inşasında təbii materiallar və ekoloji təmiz texnologiyalar tətbiq ediləcək. “Ağıllı kənd” konsepsiyası ilə inşa olunan bütün tikililər enerji səmərəliliyini təmin edəcək.

Bu cür “ağıllı kənd” layihələrinin həyata keçirilməsi azad edilmiş ərazilərdə modern və dayanıqlı yaşayış mühitlərinin qurulmasına nümunədir. Paralel olaraq Füzuli şəhərində də genişmiqyaslı inkişaf işləri davam edir. Füzulidə tikilən 4 su anbarından üçünun (ikisinin tutumu 8 500 kubmetrdən və birisinin 2 500 kubmetrdən olan) tikintisi yekunlaşmaq üzrədir. Hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb, abadlıq işləri aparılır. Bundan əlavə, Füzuli şəhərində Zəfər yolu boyunca həyata keçirilən tikinti işləri ilə şəhərin mərkəzində yüzlərlə mənzil istifadəyə verilib və burada minlərlə ailə məskunlaşıb. Şəhərdə məktəblər, yaradıcılıq mərkəzləri, klub və icma mərkəzləri, ailə sağlamlıq mərkəzləri, məişət xidməti obyektləri və müxtəlif iaşə obyektlərinin inşası da sürətləndirilib.

Özbəkistanın dəstəyi ilə Füzulidə 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstanın dəstəyi ilə isə Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilib. Bu məktəb və mərkəz bölgədəki uşaqların müasir təhsil və yaradıcılıq imkanları ilə təmin olunmasına xidmət edir. Eyni zamanda, Qarabağda mədəni irsin inkişaf etdirilməsi və gənc nəsillərin yaradıcı inkişafına təkan verir.

Qarabağda təhsil və mədəniyyət sahəsində əldə edilən uğurlarla yanaşı, Xocavənd rayonunun Tuğ kəndində  turizm potensialının artırılması məqsədilə əhatəli infrastruktur layihələri həyata keçirilir. Tuğda ilkin mərhələdə 30 fərdi yaşayış evi, 360 yerlik məktəb və 50 yerlik uşaq bağçası istifadəyə veriləcək, eləcə də turistlər üçün avtomobil dayanacağı yaradılacaq. Bu kənddə mövcud olan mədəniyyət mərkəzlərinin otel, aptek kimi obyektlərə çevrilməsi planlaşdırılır ki, bu da turizm infrastrukturu üçün vacib addımdır.

Atılan addımlarla yanaşı, Hadrut qəsəbəsində də bərpa işləri intensiv şəkildə davam etdirilir. Hadrutda 11 yaşayış binasının bərpası nəzərdə tutulub. Burada istirahət sahələri, meydanlar, çay bağçası, uşaq oyun meydançaları və kitabxana kimi mədəni obyektlərin tikintisi planlaşdırılıb. Bu cür kompleks bərpa işləri Hadrut qəsəbəsinin həm yaşayış, həm də turizm cəhətdən əhəmiyyətini artıracaq.

Nəticə etibarilə bu ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri yalnız fiziki infrastrukturu yeniləməklə qalmır, həm də yerli iqtisadiyyatın dirçəldilməsi və bölgələrin reinteqrasiyası üçün əlverişli şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, ağıllı texnologiyaların tətbiqi və yaşıl enerji mənbələrinin istifadəsi bu ərazilərin uzunmüddətli iqtisadi sabitliyini və əhalinin rifahını təmin edəcək. Azərbaycanın işğaldan azad edilən ərazilərinin yenidənqurulması və reinteqrasiyası, regionun dayanıqlı inkişafı və əhalinin yüksək rifahına doğru mühüm addım olacaq.

Nigar Orucova, “İki sahil”