28 oktyabr 2024 17:00
540

Sosial mediada yeni tələlər: Oxuyun ki, düşməyəsiniz

Son günlər “X”, “İnstagram” və “Facebook”un “Messenger” kimi sosial media platformalarında fırıldaqçılıq hallarının sayı artıb. Adi hədiyyələr, saxta müsabiqələr, saxta ianə kampaniyaları və saxta profillərlə tələyə düşənlərin sayı azaldığından, fırıldaqçılar bu dəfə yeni tələ metodundan - süni intellektdən isifadə ediblər. “Etibarını” təzələməyə çalışan saxtakarlar bu yolla real insanlara inanılmaz dərəcədə bənzər profillər yaradaraq böyük kütlələri sürətlə aldatmağa başlayıblar. Onların tələsinə düşməmək üçün bəzi qeyri-adi üsullara nəzər yetirək ki, aldanmayaq.

Süni intellektin dəstəyi ilə real şəkildə təqdim edilən investisiya imkanları...

Bu cür saxtakarlıq adətən  məşhurların holoqramlarını və ya real rəqəmsal təqlidlərindən istifadə edərək saxta canlı yayın açmaq və izləyicilərdən ianə və ya maliyyə dəstəyi istəməyi əhatə edir. Saxtakarlar süni intellektlə məşhurların şəkillərini və səslərini təqlid edərək holoqram yaradırlar. Qabaqcıl video redaktə üsullarından istifadə edərək, bu rəqəmsal imitasiyalar canlı yayımlar kimi göstərilir.

Fırıldaqçılar istifadəçilərin emosional vəziyyətini təhlil edən süni intellektə əsaslanan alətlərlə hədəflənmiş reklamlar təqdim edirlər. Məsələn, ayrılıq yaşayan və ya depressiv paylaşımlar edən birinə "Həyatını dəyiş" və ya "Yeni bir başlanğıc et" kimi fərdi mesajlar olan reklamlar göstərilir. Bu reklamlarda istifadəçilər saxta fərdi inkişaf kursları və ya saxta müalicələr sataraq aldadılır.

Dipfeyk, süni intellektdən istifadə edilməklə yaradılmış, real görünən, lakin real olmayan foto, video və ya audio materialların səs sintezi texnologiyasıdır. Fırıldaqçılar bu texnologiyadan da istifadə edərək, insanların üzlərini, səslərini və ya bədənlərini digər insanların üzərinə qoyur və beləliklə, qeyri-real məzmun yaradırlar. Başqa sözlə, vətəndaşların şəxsi fotoşəkilləri və səsləri manipulyasiya edilib uyğun olmayan görüntülər yaradılır. Daha sonra bu görüntülər sosial şəbəkələrdə paylaşılmaqla hədələnir və fidyə (girovun azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait) tələb olunur.

Süni intellektlə bir neçə dəqiqəlik səs yazısı üzərində insanın səs nümunələri təhlil edilərək, həmin şəxsin səs tonunu, danışıq tərzini və hətta səsləndirilən sözün vurğusunu təqlid edə bilən səs modeli yaradılır. Bu, dostlar və ya tanışlar kimi səslənən mesajlar yaratmaq üçün istifadə olunur. Məsələn, Əli “İnstagram”da dostundan mesaj alır. Göndərilən bu səsli mesajda dostunun səsinə oxşayan bir səs “Əli, pulqabımı itirdim, təcili pul lazımdır” deyir. Əli mesajın real olduğunu düşünüb pul göndərir.

Taymer ilə özünü məhv edən saxta bağlantılar istifadəçiləri tələsik hərəkətə keçməyə sövq edən bir üsuldur. Bu saxtakarlıqda bir keçid və ya məzmun paylaşılır və bu məzmunda "Link qısa zamanda bağlanacaq, indi klikləyin!" kimi ifadələr yer alır. İstifadəçilər linkin əslində yox olacağını və fürsəti əldən verəcəklərini düşünərək bu linkə daxil olmağa tələsirlər. Əslində, bu bağlantılar saxtadır və həmin saytlara yönləndirmək və şəxsi məlumatları oğurlamaq, pul tələb etmək və ya zərərli proqram quraşdırmaq üçün istifadə olunur.

Bu sistemdə saxtakarlar istifadəçilərin maraqlarını, gözdən keçirdikləri paylaşımları və alış-veriş seçimlərini təhlil edirlər. Sonra bu məlumatdan onlara qarşı hədəflənmiş fişinq hücumları etmək üçün istifadə edirlər. Məsələn, istifadəçi daim texnologiya və mobil cihazlarla əlaqəli paylaşımları nəzərdən keçirirsə, fırıldaqçılar bu məlumatdan istifadə edərək “Yeni “iPhone” hədiyyəsinə daxil olmaq üçün klikləyin!” deyərək saxta link göndərirlər.

Vüsal Cahanov, “İki sahil”