KÖŞƏ

Elçin Zaman

İqtisadi və siyasi böhran Ermənistanda kriminogen durumu da ağırlaşdırıb

26 dekabr 2017 14:27
3382

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının apardığı araşdırmalara görə, işğalçı ölkədə çox ciddi demoqrafik böhran mövcuddur

Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi onun iqtisadi və siyasi böhranını daha da dərinləşdirib. Bu gün de-fakto Rusiyanın forpostuna çevrilmiş Ermənistan neçə illərdir ki, xaricdən gələn ianələrin ümidinə qalıb. Bu barbar və işğalçı ölkə indi  ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. İllərdir davam edən dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün beynəlxalq ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.

Şübhəsiz, işğalçı ölkədə dərin sosial-iqtisadi tənəzzül meyilləri Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyin artmasını şərtləndirib. Hakimiyyətdə olan hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların dərin etirazına səbəb olmaqla yanaşı, ölkədə yeni xaos və qarşıdurmalara rəvac verir. Ermənistanın “Armenia Today” saytı yazır ki, Serj Sarkisyan hakimiyyəti siyasi manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır.

Eyni zamanda, Serj Sarkisyan rejimi repressiya siyasətini daha da kəskinləşdirərək müxalifətə və ictimai-siyasi fəallara qarşı davamlı təzyiqlər göstərir. Ermənistan KİV-nin məlumatına görə, hakimiyyətin yanlış siyasətinə etiraz əlaməti olaraq bu ölkədə aksiyalar davam edir. Yeri gəlmişkən, Ermənistanda kiçik və orta bizneslə məşğul olan şəxslər dəfələrlə ölkədə baş alıb gedən korrupsiyaya etiraz edərək Sarkisyan hakimiyyətini istefa verməyə səsləyiblər. Erməni ekspertlərin qənaətincə, Ermənistanda etiraz aksiyaları bundan sonra daha da geniş miqyas alacaq.

Ermənistan KİV-ləri yazırlar ki, insanlar hazırkı hakimiyyətin siyasətindən ciddi şəkildə narazıdırlar: “Ölkəni uçuruma sürükləyən bu siyasətin perspektivi olmadığı hər kəsə bəllidir. Hökumət isə sosial-iqtisadi durumu yaxşılaşdırmaq və müvafiq tədbirlər görmək əvəzinə, etiraz edən şəxslərə qarşı repressiya siyasətini davam etdirir. Artıq vətəndaşlar onlara münasibətdə güc tətbiqinə adekvat cavab verirlər. Beləliklə, ölkə xaosa sürüklənir”.

Neqativ hallar Ermənistanda cinayət hallarının artmasını sürətləndirib. Əlbəttə, bütün bu neqativ hallar işğalçı ölkədə cinayət hadisələrinin artmasını şərtləndirib. Yeri gəlmişkən, Ermənistan polisi ötən il ölkədə baş verən cinayətlərin sayı ilə bağlı açıqlama verib. Həmin açıqlamalarda 2017-ci ildə Ermənistanda xüsusilə ağır və mütəşəkkil cinayətlərin sayının kəskin şəkildə artdığı bildirilir. Həmçinin qətl hadisələrinin və qətlə cəhdlərin sayında da çoxalmanın müşahidə olunduğu qeyd edilir. Xüsusilə açıqlamada dəqiq bildirilib ki, mərkəzi şəhərlərdə adam, ev, cib oğurluğu, qarət, quldurluq, dələduzluq hadisələri xeyli artıb.

Təbii ki, sadalanan bu kimi kriminal olaylar və korrupsiyanın tüğyan etməsi xaos içində çapalayan Ermənistanın, onun mövcud hakimiyyətinin  sonunu sürətləndirir. Bu arada  Ermənistan müxalifəti Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etirazlar dalğasının başlanması üçün birləşmək qərarını gözdən keçirir. Onların qəti fikri belədir ki, Serj Sarkisyan hakimiyyəti nəinki tezliklə istefaya getməlidir, eyni zamanda, erməni xalqı qarşısında cavab verməlidir. Erməni müxalifətinin liderləri iddia edirlər ki, ölkələri son 15 ildə nəinki inkişaf edib, əksinə tamamilə beynəlxalq təcridə məruz qalıb.

Xüsusilə iqtisadi iflasın astanasında olan Ermənistanda əhalinin sayında azalma baş verir. Ermənilər bu tendensiyanı ölkə vətəndaşlarının sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqələndirirlər. Eyni zamanda, son 15 ildə əhali kütləvi şəkildə ölkəni tərk edir. Ermənistanın rəsmi dövlət orqanlarının açıqladığı rəqəmə görə, hər il 30 minədək erməni ailəsi ölkəni tərk edərək Avropaya və MDB məkanına üz tutublar. Bu rəqəm eyni zamanda BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının ölkələr üzrə apardığı araşdırmalarda da öz əksini tapıb.

Erməni analitiklərin qənaətincə, Ermənistanın beynəlxalq təcridinin və iqtisadi iflasının səbəbi onun Rusiyanın vassalı olmağındadır. Onlar iddia edirlər ki, Serj Sarkisyan öz hakimiyyətini qorumaq üçün Rusiyanın qucağından düşmək istəməsə də, ancaq Rusiya da anlayır ki, artıq dünyanın indiki iqtisadi və siyasi böhranı dövründə Ermənistan kimi kiçik, gələcəyi olmayan bir ölkə ilə əməkdaşlıq ona yaxşı heç nə vəd etmir. Ona görə də artıq Rusiya hakimiyyətində də Ermənistana qarşı ciddi bir laqeydlik mövcuddur.

Məhz bu amilləri nəzərə alan erməni müxalifəti başda “İrs” partiyası olmaqla yeni antirusiya hərəkatı yaratmağı planlaşdırır. Yeni hərəkatın əsas devizi “rus koloniyasından azadlıq”dır. Bu hərəkata əvvəllər rusiyayönümlü mövqeyi ilə tanınan erməni ziyalılarının da  qatıldıqları bildirilir.