KÖŞƏ

Vəli İlyasov

Terror onu törədənin özünə qənim olur?

07 yanvar 2024 23:45
3937

Hazırda dünya gündəmində yer alan Kirman hadisəsinin İran hakimiyyət dairələri tərəfindən təşkil edildiyi barədə informasiyalar gəzir. Çünki hadisə ilə bağlı mövcud rejim tərəfindən müxtəlif iddialar irəli sürüldü. Əvvəl 4 bomba partlaması xəbəri yayıldı, ardınca iki elədilər. Daha sonra qaz partlayışı ilə əlaqələndirdilər. Bu cür şübhəli açıqlamalar cəmiyyətdə müxtəlif şayiələrin yaranmasına səbəb oldu.

Bu fikirləri güneyli jurnalist, siyasi şərhçi Əli Süleymani söyləyib.

Süleymani bildirib ki, bu hücumda nə İŞİD, nə İsrail, nə də digər adıçəkilən ölkələr günahkardır. Jjurnalistin fikirlərində diqqət çəkən əsaslar var: “Hadisədən öncə və sonra baş verən olaylara nəzər salsaq, görərik ki, bir çox şübhəli məqamlar ortaya çıxır. Niyə hücum baş verməzdən bir neçə gün əvvəl İran hakimiyyəti xəstəxanaların hazırlıq vəziyyətinə gətirildiyini elan edib? Hadisə baş verən yerdə bir həftə boyunca pulsuz ehsan paylayıb imkansız insanların orada qarnını doyururdular. Belə izdihamlı yerdə təhlükəsizlik qüvvələri yoxlanış aparmalı idi. Lakin necə olub ki, iki kamikadze gözlərindən yayınıb? Bunlar hamısı sual doğurmaqla yanaşı, partlayışda hakimiyyətin barmağının olduğu şübhəsini doğurur. Hələ də ölənlərin dəqiq sayını demirlər. Müxtəlif rəqəmlər səsləndirirlər. Qeyri-rəsmi mənbələr ölənlərin sayının azı 150 nəfər olduğunu bildirir. İsrail İranda mülki əhalini öldürməklə, qorxutmaqla nə əldə edir? Yaxud da Amerikanın bu cür qanlı hadisəni törətməkdə məqsədi aydın deyil. Bu hücumda yeganə maraqlı tərəf Tehran rejimi özüdür. Terror onun siyasətidir və bundan da öz maraqları üçün istifadə edir”.

Onun sözlərinə görə, əvvəllər İran əhalisi dəfələrlə bu cür hadisələrdə rejimin əlinin olmasının şahidi olub: “Keçmişdə də belə hadisələr çox olub. İmamiyyənin hərəmini partladıb xalq mücahidlərini günahlandırdılar. Bu hadisədən 6 ay öncə zindana atdıqları bir nəfərin əli ilə partlayışın baş verdiyini iddia etdilər. Bu haqda İran hakimiyyətinə yaxın olan Əkbər Gənci adlı bir nəfər öz kitabında yazmışdı. Rejim onun yazdıqları ilə bağlı heç bir açıqlama vermədi. Sadəcə, həmin kitab müəlifini başqa ittihamla tutub, həbsə atdılar. Şirazda da bomba partlaması zamanı yüzlərlə günahsız insanın ölməsində hakimiyyətin özünün əli var idi. Gah İŞİD-i, gah Azərbaycan Respublikasının vətəndaşını günahlandırdılar. Yaxud İran parlamentinə hücumda İŞİD-i günahkar bildilər. Ört-basdır etdilər. Sonradan üzə çıxdı ki, bu hücumların hamısını İran hakimiyəti özü planlaşdırıb”.
Kirmanda baş verən hadisənin, sadəcə, cəmiyyəti, xarici qüvvələri çaşdırmaq məqsədi ilə törədildiyini deyən siyasi şərhçi hesab edir ki, rejim problemlərdən yayınmaq üçün bu addımı atıb.

İran daxilində sosial və iqtisadi problemlər durmadan artır. Səfalət, uşaqların zibil qablarında qida axtarması, azyaşlıların özünü satması, intiharların artması, işçilərin etirazları, büdcədən oğurluq, tiryək alveri, korrupsiya adi hal alıb. Hətta Xameneinin bu yaxınlarda Allahla birbaşa danışdığını iddia etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Dindarlar da buna qətiyyətlə etiraz etdi ki, heç Məhəmməd Peyğəmbər özü belə Allahla birbaşa danışmayıb, Xameneinin belə bir iddiası qəbuledilməzdir. Cəmiyyətdə biabır olduqları ortadadır. Onları qınayanların sayı getdikcə artır. Ölkədə baş verən ikinci partlayış isə şübhələri bir qədər də artırır.

İranın cənubundakı Şiraz şəhəri ətrafında yerləşən Baxteqan gölü yaxınlığında səbəbi hələ müəyyən edilməyən güclü partlayış olub. İranın dövlət televiziyasına danışan Fars vilayətinin Böhran İdarəetməsi Departamentinin baş direktoru Qulamrza Qulami Şirazda güclü partlayış səsinin eşidildiyini təsdiqləyib. İran rəsmisi partlayışın bölgədə təyyarə və ya helikopter qəzası nəticəsində baş verdiyi barədə iddiaları rədd edib: "Partlayışın səbəbi məlum deyil. Lakin Şiraz hava limanından verilən məlumata görə, bölgədə təyyarə və helikopter qəzası baş verməyib. Ordunun hava hücumundan müdafiə bölməsi də bu ərazidə güclü partlayış səsini təsdiqləyib. Yerli hakimiyyət orqanları və polis faktla bağlı araşdırma aparır".

İran rəsmisi bildirib ki, hadisə ilə bağlı əlavə məlumat daha sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ölkənin cənubunda Şiraz şəhəri yaxınlığında yerləşən Baxteqan gölünün ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Yaşayış məntəqəsinin olmadığı ərazidə  partlayış törətmək kimə lazımdır? Yəqin ki, bu müəmmalara İranın hakimiyyət orqanları nə vaxtsa aydınlıq gətirəcəklər.

Nəql olunanlar erməni məkrini xatırladır. Onlar da eynən farslar kimi qanlı fəndlərdən istifadə ediblər. 1988-ci ildə Sumqayıt hadisələri də təxminən belə ssenari üzrə qurulmuşdu. Orada azərbaycanlıları günahlandırmaq üçün daşnaklar başkəsən Eduard Qriqoryanın əli ilə öz ermənilərini amansızlıqla öldürmüşdülər. Həmin cinayətlərlə əlaqədar təqsirləndirilən xeyli azərbaycanlı tutulub Moskvaya aparılmış, orada bəzilərinə ölüm cəzası verilmiş, bəziləri isə uzun müddətə həbs olunmuşdular. İrəvan türməsinə göndərilən cəllad Qriqoryanı qısa müddətdə həbsdən azad edib hayların milli qəhrəmanı kimi təntənə ilə qarşıladılar. Dediyimiz odur ki, dünyada açılmayan sirr qalmır. Kirman hadisələri də açılacaq, günahsız insanların qanını tökənlərin sifəti görünəcək.