Elçin Zaman |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Avropanın qardaş ölkəyə qarşı illərdir apardığı təxribat planlarının yeni mərhələsidir. Qeyd edək ki, Türkiyə Cümhuriyyəti 1949-cu ildə Avropa Şurasını yaradan ölkələrdən biri kimi avropadakı demokratik dəyərlərin inkişafına ciddi dəstək verib.
Eyni zamanda, bir mühüm məqamı da qeyd etmək lazımdır ki, istər Avropa Birliyi, istərsə də AŞ ilə Türkiyənin münasibətləri son bir neçə ildə daha da kəskinləşməyə başlayıb. Xüsusən, Avropa 15 ildir ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti dönəmində güclənən Türkiyəni qəbul etmək istəmir. Bu, həmin Türkiyədir ki, son 10 ildə iqtisadi qüdrətini artıraraq “G-20 lər”in ən önəmli üzvlərindən birinə çevrilib. Məhz bu iqtisadi inkişafın nəticəsidir ki, 2014-cü ildə başlanan böyük iqtisadi böhran bir çox Avropa ölkələrini vursa da Türkiyə bu problemdən yan keçməyi bacardı.
Türkiyənin iqtisadi qüdrətinin artması artıq Avropada bir qorxu hiss yaradıb. Bütün imkanlarını Türkiyənin inkişafını əngəllməyə yönəldən Avropa qardaş ölkəni beynəlxalq terror təşkilatları ilə vuruşmağa və Suriyadan axın edən milyonlarla miqrantlarla məşğul olmağa məcbur etdi.
Beynəlxalq terrorizmə qarşı mübarizə təşkilatlarının açıqladığı məlumatlara görə, son 5 ildə dünyada Türkiyə dövləti qədər terrora məruz qalan ikinci bir ölkə yoxdur. 40 ilə yaxındır PKK, ASALA və digər terror təşkilatları ilə mübarizə aparan Türkiyə dövləti son 4 ildir ki, İŞİD kimi ən dəhşətli bir terror təşkilatı ilə də üz-üzədir.
Qeyd edək ki, həm PKK, həm də ASALA terror təşkilatlarının arxasında duran dövlətlərin sırasında bir çox Avropa ölkələri də yer alıb. Bu gün məhz PKK-ya öldürücü zərbələr vuran Türkiyə Silahlı Qüvvələri sanki Avropanın yuxusunu ərşə çəkb.
Avropa Şurası Parlament Assambleyasının, ümumilikdə Avropanın Türkiyəyə qarşı saxta ittihamlarından biri də 16 apreldə Konstitusiya islahatlarına dair keçirilən referendum aktı ilə bağlıdır. Əslində Konstitusiya islahatları hər bir ölkənin öz daxili işidir. Digər tərəfdən, Böyük Britaniyada Avropa Birliyindən ayrılmağa dair keçirilən referendumda -”Brexit”də bu ölkənin vətəndaşları öz siyasi iradələrini ortaya qoyaraq az fərqlə Avropa Birliyindən ayrılmalarına qərar verdilər. Avropalılardan soruşulur ki, bəs bu referenduma nə üçün kəskin reaksiya verilmədi?
Türkiyədə Konstitusiya islahatları güclü dövlət və güclü hakimiyyət prinsipini önə çəkir. Yəni parlamentli ölkələrdə hər tərəfdən terrora məruz qalan bir dövlət üçün bu bəla ilə mübarizə aparmaq geniş effekt vermir. Hətta Avropanın özündə belə, Fransada, Rusiyada, eyni zamanda ABŞ-da prezident üsul- idarəsi mövcuddur. Haqlı olaraq sual olunur ki, belə bir idarəçiliyin Türkiyədə tətbiqi nə üçün Avropanı narahat etməlidir?..
Türkiyədəki referendumdan sonra ATƏT-in beynəlxalq müşahidə qrupları da qardaş ölkəyə qarşı ikili standartlarla çıxış etdilər. Həm də o avropalı deputatlar Türkiyəyə qarşı çıxırlar ki, onlar PKK terror təşkilatının Avropadakı siyasi təşkilatları ilə əməkdaşlıq edirlər. Demək, PKK terror təşkilatının güclənməsinə siyasi və hərbi yardım edən ölkələr Türkiyənin Avpopada artan qüdrətini qəbul edə bilməyənlərdir.
Türkiyəyə qarşı ikili standartların daha bir nümunəsi- Avropa Türkiyədəki Konstitusiya islahatları üçün keçirilmiş referendumdan ciddi narahatlıq duyursa, bəs işğal edilmiş Azərbaycan torpaqlarında- qondarma “Dağıq Qarabağ Respublikası”nda keçirilən “referendum”u nə üçün pisləmədilər? Çünki işğalçı Ermənistan xristian ölkəsidir və bunun məntiqi nəticəsi olaraq Avropadakı xristian təəssübkeşliyi davamlı olaraq islamofobiyaya və qatı millətçiliyə çevrilir.
Bütün hallarda bu gün Türkiyə Avropanın ən güclü dövlətinə çevrilməkdədir. Bu ölkənin 2023-cü il üçün strateji hədəfləri ixracın həcmini 500 milyard dollara çatdırmaqdır. Eyni zamanda, ordu quruculuğundakı müasirləşmə və qüdrətlənmə türk düşmənlərini qıcıqlandırır.
Xüsusən, dünyanın İstanbulda heyranlıqla izlədiyi Avrasiya tunelinin başa çatması (bu tunel bir möcüzə hesab edilir və dənizin 110 metr dərinliyindən keçməklə Avropa ilə Asiyanı birləşdirir), ikinci böyük Osman Qazi körpüsünün inşası bir daha göstərir ki, Türkiyə inkişafın ən yeni mərhələsindədir.
Bütün bunlar isə xristian klubuna çevrilmiş AŞPA-nı və Avropa Birliyini daim narahat edir. Onlara Türkiyə kimi inkişaf edən İslam ölkəsi deyil, cəhalətdə və səfalətdə qalmış müsəlman dövlətləri lazımdır ki, istədikləri siyasi şərtləri qəbul etdirə bilsinlər.