KÖŞƏ

Mahir Rəsuloğlu

Tarix və ləyaqət dərsi!

21 fevral 2023 02:15
2251

Prezident İlham Əliyev sülh danışıqlarının Münxen raundunda da Nikol Paşinyan üzərində tam üstünlüklə qələbə qazandı

Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müxtəlif platformalarda aparılan danışıqlarda hökm sürən fasiləyə nəhayət ki, Almaniyada son qoyuldu. Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, bunun ardınca isə elə həmin gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas sülh müqaviləsinin şərtlərinin razılaşdırılması istiqamətində atılmış mühüm addımlar olmaqla yanaşı, danışıqlarda yeni formatın yaranması ilə yadda qaldı. Keçirilən görüşlərin və müzakirələrin ən mühüm nəticəsi isə Azərbaycanın Münxen raundundan da Ermənistan üzərində tam qalib tərəf kimi ayrılması oldu.

Üçtərəfli görüşdən sonra televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev danışıqların konstruktiv keçdiyini bildirdi. Bir çox məsələlərin, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün şərtlərin müzakirə edildiyi görüşdə dövlətimizin başçısı həmişə olduğu kimi, konkret mövqe və qətiyyət nümayiş etdirərək bildirdi ki, müqavilə beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Sənəddə Qarabağ haqqında hər hansısa müddəanın olması isə qəbuledilməzdir. Bununla da, Azərbaycan Prezidenti Ermənistanın baş nazirinə görüşün kimin vasitəçiliyi ilə, hansı formatda təşkil edilməsindən asılı olmayaraq öz qəti mövqeyindən geri çəkilməyəcəyini növbəti dəfə nümayiş etdirdi. Bu, eyni zamanda, Ermənistanın havadarlarına da ünvanlanmış mesaj oldu. Yəni, Münxen görüşünün təşkilatçısı ABŞ da, özünü zorla Cənubi Qafqazdakı proseslərə dürtüşdürmək istəyən ermənipərəst Fransa da anlamalıdır ki, Azərbaycan sülh çağırışlarına sadiqdir, ancaq özünün haqlı mövqeyi və ədalət prinsipləri təmin edilməklə.

Prezident İlham Əliyev müsahibəsində sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın təkliflərinə Ermənistandan cavab alındığını və ilk baxışda Ermənistanın mövqeyində müəyyən tərəqqi olduğunu diqqətə çatdırdı. Ancaq bu tərəqqi kifayət qədər deyil və deməli, Paşinyan hökuməti yenə də lazımi səviyyədə konstruktivlik nümayiş etdirə bilmir və ya bunu istəmir.

Üçtərəfli görüşdə müzakirə olunan digər məsələ isə Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı idi. Burada diqqətçəkən məqam Ermənistan rəhbərliyinin sözügedən mövzunu Azərbaycan əleyhinə “fakt”a çevirmək cəhdlərinin iflasa uğraması ilə bağlıdır. Prezident İlham Əliyev bu mövzuda da bir daha Azərbaycanın haqlı mövqeyini ortaya qoydu və Ermənistanın iddialarının şər və böhtan olduğunu konkret sübutlarla əsaslandırdı: “Hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər.”

Münxen görüşündə dövlətimizin başçısı tərəfindən irəli sürülən yeni təklif də Laçın yolunda yaranmış vəziyyətin həlli, bu yoldan yalnız humanitar məqsədlər üçün istifadə olunmasının təmin edilməsi, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun müəyyən hissəsindəki qeyri-qanuni silahlı erməni birləşmələrinə silah-sursat daşınması faktlarının aradan qaldırılması baxımından xüsusi önəm daşıyır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, görüşdə Ermənistan və Azərbaycanın Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib: “Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün. Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.”

Beləliklə, Azərbaycan Münxendə Laçın yolunun və Zəngəzur dəhlizinin eyni statusda olacağı ilə mövqeyini rəsmi şəklində bəyan etdi və bununla da Ermənistanı fakt qarşısında qoymuş oldu. Çünki yeni təklif  ABŞ və Avropada məntiqli hesab edilir. Üstəlik bu təklifin reallaşması Azərbaycanın maraqları çərçivəsindədir.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın ən diqqətçəkən məqamlarından biri Cənubi Qafqazın üç dövlətinin – Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin ilk dəfə olaraq bir araya gəlməsi oldu və yeri gəlmişkən, bu format sülh danışıqları üçün yeni platformaya da çevrilə bilər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə əsl tarix və ləyaqət dərsi keçərək məşhur “kokeyşn büro” rüsvayçılığını fərqli formada yenidən yaşatdı. Yəqin belə debatlarda məğlubiyyətinin qaçılmaz olduğunu özü də bildiyi üçün Paşinyan əvvəlcə sözügedən plenar iclasda iştirakdan imtina etmiş, yalnız son anda müzakirələrə qatılmağa razılıq vermişdi. Ancaq ehtimal ki, razılaşdığı üçün peşman olmamış da deyil. Çünki Azərbaycan Prezidenti səlis, məntiqli və konkret faktlara söykənən çıxışları ilə ingilis dilində höccələyə-höccələyə “dərdini” anlatmaqda çətinlik çəkən Nikol Paşinyanı susdurmağın və məğlub etməyin onun üçün nə qədər asan olduğunu bütün dünyaya göstərdi. Göstərdi ki, o, döyüş meydanında Müzəffər Ali Baş Komandan olduğu kimi, siyasət meydanının da qeyd-şərtsiz qalibidir.