KÖŞƏ

Mahir Rəsuloğlu

İranın fars-molla rejimi quduzlaşıb

17 yanvar 2023 02:15
1831

Mollakratiya qətlə yetirdiyi insanların şəriət qaydalarına uyğun dəfn edilməsinə də imkan vermir

İranda hakimiyyətin zülmünə, insan hüquqlarının kobud şəkildə pozulmasına, gündən-günə ağırlaşan yaşayış səviyyəsinə və sosial problemlərə xalq etirazları davam etdikcə fars-molla rejiminin qəddarlığı da artır. Ölkənin hər yerində, o cümlədən 40 milyonadək soydaşımızın yaşadığı Güney Azərbaycanda öz azad yaşamaq haqqı naminə aksiyalara qoşulan, milli mücadilə verən sadə insanlar, ziyalılar, idmançılar İranın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən oğurlanaraq həbs edilir, təzyiqlərə və işgəncələrə məruz qalır, oyuncaq məhkəmələrdə saxta ittihamlarla barələrində edam hökmləri çıxarılır.

2006-cı ildə yaradılmış və qərargahı ABŞ-ın Virciniya ştatında yerləşən İranda Hüquq Müdafiəçiləri Təşkilatının son məlumatına görə, ölkədə etirazların başlandığı 17 sentyabrdan bu günə qədər fars rejiminin qurbanlarının sayı 524 nəfərə çatıb. Dəhşət doğuran faktdır ki, öldürülənlərdən 71-i yaşı 18-dən az olan uşaq və yeniyetmələrdir. Ölkənin 164 şəhərini əhatə edən aksiyalarda 4 ayda 19 401 nəfər həbs olunub. Onlardan 4 973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. İranın xüsusi xidmət orqanı olan ETTELAT-ın və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları tərəfindən oğurlanan həmin 5 minə yaxın fəala insanlığa sığmayan işgəncələrin verildiyi, onların bir qisminin bu işgəncələrə dözməyərək həyatlarını itirdiyi ehtimal edilir. Həbs olunanlardan 713 nəfəri tələbədir. Ölkədə nümayişlərə 144 universitetin tələbələri qoşulub.

İranda tələbələrə qarşı təzyiqlər haqda başqa mənbələrin də məlumatları yayılır. Belə ki, “Azad İran” kanalı xəbər verir ki, 2023-cü ilin ilk günü SEPAH qüvvələri Sari şəhərinin Fərhəngian Universitetinin tələbəsi, kikboksinq üzrə milli komandanın üzvü Məhəmməd Mehdi Pənahianı evinin qarşısından qaçırıblar və 17 gündür ondan heç bir xəbər yoxdur.

Hicaba görə saxlanılan daha bir təbrizli tələbə soydaşımız da həbs cəzasına məruz qalıb. Belə ki, İranın İnqilab Məhkəməsi Təbrizin Tibb Elmləri Universitetində təhsil alan Nazlı Səidi barəsində həbs və əlavə cəzalar barədə qərar çıxarıb. N.Səidi “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün iğtişaşçılarla əlbir omaq” ittihamı irəli sürülərək 15 ay həbs, 10 milyon tümən cərimə və iki il müddətinə ölkədən çıxışına qadağa cəzası verilib. Məlumata görə, güney azərbaycanlı fəal daha əvvəl də İran hakimiyyətinin zülmünə məruz qalıb. O, 2022-ci ilin oktyabrında saxta ittihamla həbs edilmiş, dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Özünü İslam dövləti adlandıran, əslində isə İslamın üz qarası, davranışları ilə dinimizin müqəddəsliyinə xələl gətirməklə məşğul olan İranın fars-molla rejimi o qədər quduzlaşıb ki, hətta qətlə yetirdiyi insanların şəriət qaydalarına uyğun dəfn edilməsinə də imkan yaratmır. “Azad İran”ın məlumatına görə, hakimiyyət rəsmiləri Tehranda edam olunmuş etirazçı Mohsen Şekariyə onun ailəsi tərəfindən baş daşı qoymağa icazə verməyib. Bax budur İranın əsl siması, İslama, Qurani-Kərimə hörməti. İndi daha çox aydın olur ki, niyə fars mollaları ermənilərin uzun illər işğal etdiyi torpaqlarımızda müsəlman qəbirlərini dağıtmalarına, dinimizi təhqir etmələrinə, müqəddəs məscidlərimizdə donuz saxlamalarına bir dəfə də olsun etiraz səslərini ucaltmadılar. Əksinə, işğalçı xaçpərəstlərə hər cür kömək göstərdilər, onlarla qucaqlaşdılar, öpüşüb-görüşüb qardaş oldular.

İran hakimiyyəti hüquq və azadlıqları uğrunda mübarizəyə qalxmış vətəndaşlarını dinləmək, onların problemlərini həll etmək, dinc aksiyaçılara qarşı amansız davranan güc strukturları əməkdaşlarını cəzalandırmaq əvəzinə baş verənləri gizlətmək və məlumatların kənara çıxmasına mane olmaq üçün hər vasitəyə əl atır. Ancaq ölkədə internetin məhdudlaşdırılması, sosial şəbəkələrin və kütləvi informasiya vasitələrinin fəaliyyətinin ciddi nəzarətə götürülməsi belə hakimiyyətin cinayətlərinin ört-basdır edilməsinə kifayət etmir. Müxtəlif mənbələrdən məlumat əldə etməyi bacaran bir sıra hüquq müdafiəsi təşkilatları və KİV İranda baş verənlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını qismən də olsa təmin edə bilirlər.

Öz daxili problemlərini həll edə bilməyən fars-molla rejiminin Azərbaycana qarşı təxribatları da dayanmır. Ermənipərəst deputat, Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhmədi Biğəş parlamentdə çıxışı zamanı yenidən ölkəmizə qarşı qərəzli fikirlər səsləndirib, onların əsl dostunun Ermənistan olduğunu deyib. Azərbaycanı İranın andlı düşmənlərinin yuvası adlandıran Ə.Biğəş əlavə edib ki, Azərbaycan Respublikasının İrana qarşı mövqeyi qonşuluq və dostluq deyil, lakin Ermənistan dostluq münasibətində olub və həmişə onu qoruyub saxlayıb. Ermənipərəst deputat bizi Amerika, İsrail kimi “Azərbaycanı inadla müdafiə edən ölkələrin maraqlarını müdafiə etməkdə” də günahlandırıb.

Olsun. Ermənilərlə qardaş olan, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, yüzillərdir milyonlarla soydaşımıza zülm edən fars mollalarındandırsa 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsində bizə hər cür kömək göstərmiş İsrail bizim üçün İrandan daha çox dəyərlidir. Özü də lap çox. İran adlı şər yuvasının dağılmasına isə çox qalmayıb...