Mahir Rəsuloğlu |
Künc zərbəsi
“Sənə kim icazə verib ki, insanların taleyi ilə oynayasan?”
Sabah Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə keçirilən aksiyaların başlanmasının bir ayı tamam olacaq. 30 gündür fasiləsiz davam edən bu aksiyalar, eyni zamanda, xalqımızın birliyinin, əzmkarlığının, qətiyyətinin nümayişidir və bizi addım-addım hədəflərimizə yaxınlaşdırır. İki gündür Azərbaycanın əksər bölgələrinə olduğu kimi, Şuşaya da qar yağıb. Dağların qoynunda yerləşən bu gözəl şəhərimizin sərt iqlimini, qış gecələrinin iliklərə işləyən şaxtasını nəzərə alsaq cəsarətlə demək olar ki, ürəyi Vətən sevgisi ilə dolu hər bir aksiya iştirakçısı bu gün qəhrəmanlıq nümunəsi göstərir. Yorulmadan, usanmadan milli sərvətlərimiz, təbiətimiz, torpağımız naminə növbəti haqq savaşına çıxmış QHT üzvləri, ekofəallar, könüllülər bu mücadilədən dönməyəcəyimizi bütün dünyaya sübut edirlər. Dünya birliyi haqlı tələblərimizi nə qədər eşitməzlikdən gəlsə də...
Məlum olduğu kimi, etiraz aksiyasının mahiyyəti humanitar xarakterlidir. Ermənilərin yalandan hay-küy salmalarına rəğmən Laçın yolunda bu vaxta qədər nəqliyyatın hərəkətinin dinc məqsədlərlə istifadəsinə hər hansı problem yaranmayıb. Artıq ermənilərin özləri də etiraf edirlər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ağır xəstələrin daşınmasını həyata keçirən təcili tibbi yardım avtomobillərinin, ərzaq və dərman daşıyan maşınların Xankəndidən Ermənistana və əks marşrut üzrə hərəkəti üçün şərait yaradılır. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin təminat avtomobillərinin sərbəst hərəkət imkanına malik olması da bir daha göstərir ki, Laçın yolu bağlanmayıb və hər hansı “humanitar böhran”dan söhbət belə gedə bilməz. Vəziyyəti yalandan gərginləşdirmək cəhdləri Qarabağdakı separatçılara, onların sadə insanların taleyi ilə oynamaqla öz qondarma “hakimiyyətlərini” qoruyub-saxlamağa çalışan “rəhbərləri” cinayətkara - Araik Arutyunyana və Ruben Vardanyana lazımdır.
Ancaq bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə yaşayan mülki erməni Toros Qazaryanın Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəməsi göstərir ki, Qarabağdakı dinc ermənilər artıq Vardanyan- Arutyunyan cütlüyünün oyunlarından, onları təzyiq altında saxlamağa çalışmalarından beziblər.
Qeyd edək ki, ordumuzun şəxsi heyəti tərəfindən T.Qazaryana qayğı ilə yanaşılıb, onun yemək və digər zəruri ehtiyacları təmin edilib. Bu qayğının nəticəsi olaraq yanvarın 8-də Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilən Qazaryan aksiya ərazisindən keçən zaman ekoaktivistlərə “sağ ol” deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Ermənistan mətbuatının məlumatına görə, Rusiya sülhməramlıları tərəfindən Xankəndiyə gətirilən Qazaryan Qarabağdakı separatçı rejimin qondarma “təhlükəsizlik xidməti”nin əməkdaşları tərəfindən dindirilib. Ona müəyyən təzyiqlərin ediləcəyi də istisna deyil. Ancaq Arutyunyan da, Vardanyan da yaxşı başa düşürlər ki, Qarabağın mülki erməni əhalisini uzun müddət əsir saxlamaq mümkün olmayacaq və Azərbaycandan yardım istəyən ermənilərin sayı gündən-günə artacaq.
Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını və yolun humanitar məqsədlər üçün bağlı olmadığını göstərir. Digər tərəfdən, erməni sakininin kömək üçün müraciəti Qarabağda Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin yalnız və yalnız Azərbaycan dövlətinə bağlı olmasının nümunəsidir.
Zaman keçdikcə Vardanyan-Arutyunyan cütlüyünün cinayətlərinə qarşı həm Qarabağda, həm də Ermənistanda etirazlar da artmaqdadır. Qarabağ sakini Armine Vardanyan öz “Facebook” səhifəsində yazır: “Bu gün mən çətin vəziyyətdən danışmaq istəyirəm. Bizim rəhbərliyin yolun “kəsilməsinin” qrafiki ilə bağlı heç bir məlumatı yoxdur, üstəlik, əhalini uzunmüddətli böhrana hazırlayır. Yaxşı, nə vaxta qədər?”
Ermənistanın “Hraparak” qəzetində Artur Qazaryanın qısa məqaləsi də təxminən eyni məzmundadır: “Danışıqlar aparın. Çətindir, amma ikitərəfli danışıqlar aparın. Biz sizin üçün bu problemi həll edə bilmərik”. Bunu həm Rusiya, həm də ABŞ bir ağızdan deyir.
Dünyanın qüdrətli adamları belə bu uşaqlıqdan beziblər. Bu dünya güclülərin dünyasıdır. Biz isə 200 ildir ağlayırıq. Bu kifayət deyilmi? Və Vardanyan dünən dedi ki, danışıqlar yoxdur. Nəyə ümid edirsən? Sənə kim icazə verib ki, insanların taleyi ilə oynayasan?”
Ermənilər onların taleyi ilə oynayan Vardanyandan, digər separatçılardan hesab sormağa başlayıblar. Bu, hələ başlanğıcdır...