Mahir Rəsuloğlu |
Künc zərbəsi
Erməni lobbisinin oyuncağına çevrilmiş rusiyalı “ekspert”lər layiq olduqları cəzaları alacaqlar
Qonşu ölkələrlə dostluq münasibətlərinin, həmçinin siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı, sülhün və sabitliyin təmin edilməsi ilə regionun davamlı tərəqqisinə nail olunması Azərbaycan hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bunun üçün Azərbaycan mütəmadi olaraq lazım olan bütün addımları atır, ikitərəfli və çoxtərəfli platformalarda imzalanmış müqavilələr, əldə edilmiş razılaşmalar üzrə öhdəliklərinə sadiqlik nümayiş etdirir. Normal olaraq qarşılığında da münasibətlərin inkişaf etdirildiyi ölkələrdən eyni davranışın sərgilənməsi gözlənilir. Yəni, dostluq əlaqələrinə kölgə salan addımlardan yayınmaq, buna edilən cəhdlərin qarşısını vaxtında və qətiyyətlə almaq dövlətlərarası münasibətlərin inkişafını şərtləndirən mühüm amillərdəndir. Bu baxımdan son günlər Rusiyanın bəzi üzdəniraq “ekspert”lərinin Azərbaycan əleyhinə açıq düşmənçilik çağırışlarının, böhtan, hədə və hədyan dolu çıxışlarının qarşısının alınması üçün də şimal qonşumuzun aidiyyəti qurumları tərəfindən qəti addımlar atılmalıdır. Söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) hərbi-siyasi araşdırmalar mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun və Rusiyanın Raket və Artilleriya Elmləri üzrə İnformasiya Siyasəti Akademiyasının prezident müavini, hərbi elmlər doktoru Konstantin Sivkovun sərsəm bəyanatlarından gedir.
Məlum olduğu kimi, M.Aleksandrov dekabrın 13-də Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində yer alan, geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq cinayət xarakterli çağırışlar edib. Bildirib ki, bu yolla Azərbaycan neftinin Qərbə tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq, həmçinin “Rusiya sülhməramlılarına qarşı təxribat” kimi qiymətləndirdiyi Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası məsələsinin həllinə kömək etmək olar.
Ermənilərin çaldıqları havaya oynayan K.Sivkov da Azərbaycanı hədələyərək “Kiyevdən sonra Bakı ilə məşğul olacağıq” açıqlamasını verib.
Erməni lobbisinin marionet kuklalarına çevrilmiş belə “ekspert”lərin və “alim”lərin sərsəm açıqlamalarına görə cəzalandırılmaları vacibdir. Və bu istiqamətdə müəyyən addımlar da atılıb. MDBMİ artıq ağzının danışığını bilməyən M.Aleksandrovu vəzifəsindən uzaqlaşdırıb, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından M.Aleksandrovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, barəsində həbs qətimkan tədbiri seçilməklə “İnterpol” vasitəsilə beynəlxalq axtarışı elan edilib. Eyni zamanda, bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycana təhvil verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib. K.Sivkovla bağlı da eyni addımların atılması gözlənilir.
Əlbəttə, ermənipərəst rus “ekspert”lərin açıqlamaları mahiyyət etibarilə heç nəyi dəyişdirmir. Necə ki, zaman-zaman marqarita simonyanlar, konstantin zatulinlər, vladimir solovyovlar erməni lobbisinin çirkli pulları hesabına Azərbaycan əleyhinə böhtanlar yağdırmaqla, işğalçı Ermənistanı öz “auditoriyalarına” məsum və əzilən tərəf kimi təqdim etməyə çalışmaqla Azərbaycan xalqının nifrətini qazanmaqdan başqa heç nəyə nail olmayıblar, ola da bilməzlər. Ancaq nəzərə almaq lazımdır ki, M.Aleksandrovun və K.Sivkovun açıqlamaları, eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə kölgə salmaq cəhdidir. Bu isə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında 2022-ci il fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 43 bənddən ibarət Bəyannamənin müddəalarına ziddir.
Yeri gəlmişkən, M.Aleksandrovun cəzalandırılmasını bəzi rusiyalı politoloqlar da düzgün addım kimi qiymətləndiriblər. Rusiyanın Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib ki, M.Aleksandrovun Azərbaycana qarşı “hücumları” tamamilə yolverilməzdir: “Rusiyanın ekspert tədqiqat mərkəzləri çox vaxt erməni lobbisinin güclü təsiri altında olan korporasiyalar tərəfindən maliyyələşdirilir. Bəzən rusiyalı xadimlərin Ermənistanın maraqlarına xidmət edən mövqeyi o həddə çatır ki, bu, Rusiya hakimiyyətini qıcıqlandırır. Erməni sistemi onlara anti-Rusiya və anti-Azərbaycan mövqeyinə görə pul ödəyir.”
Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan istənilən bəyanatlar rəsmi Moskva ilə Bakı arasında əsas razılaşmalara qarşıdır və bunların müəllifləri cəzalandırılmalıdır: “Rusiya media məkanında həm Azərbaycanın ərazi bütövlüyünə qəsdlə bağlı çağırışlar, həm də Rusiyadakı bəzi xəstə təfəkkürlü insanların Azərbaycana qarşı tələb etdiyi qeyri-dost hərəkətlərlə bağlı istənilən bəyanatlar, şübhəsiz ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə ziddir. Rusiya hüquq-mühafizə orqanları və strukturları buna reaksiya verməlidir.”
Öz şərəfi kimi peşəsinin də şərəfini, haqqı və ədaləti erməni lobbisinin cinayət yolu ilə qazanılmış çirkli pullarına satanlar əməllərinə görə cavab verməlidirlər. Və verəcəklər. Azərbaycanın Qələbəsini, uğurlarını, inkişafını gözü götürməyən, bizə düşmən mövqe sərgiləyən hər kəsi elə yanlarında dayandıqları “yan”ların aqibəti gözləyir. Bir az tez, bir az gec...