Mahir Rəsuloğlu |
Künc zərbəsi
Separatçıların Azərbaycanın sərvətlərini talamalarına son qoyulmalıdır
Ermənistan rəhbərliyinin və Qarabağdakı separatçıların Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyətdə mənfi fikir formalaşdırmaq, Laçın yolunda hərəkətin qismən məhdudlaşdırılmasını “humanitar böhran” yaratmaq cəhdi kimi təqdim etmək planları baş tutmadı. Əvvəla ona görə ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin iştirakı ilə dekabrın 12-dən fasiləsiz davam edən etiraz aksiyaları sözügedən yolda hərəkətin dayanmasına səbəb olmayıb. Etirazçılar dəfələrlə bəyan ediblər ki, Qarabağdakı mülki ermənilər yoldan dinc və ya humanitar məqsədlərlə istifadə edə bilərlər. Necə ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin təminat avtomobillərinin hərəkəti üçün şərait yaradılır. Dekabrın 19-da isə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və ermənilərin təcili yardım avtomobili də Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundan istifadə etdilər. Qeyd edək ki, BQXK-nın 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə etdiyi müraciət dərhal müsbət cavablandırılıb və keçid uğurla təşkil olunub. Göründüyü kimi, dinc aksiya iştirakçıları yolu bağlamayıblar və hər hansı “humanitar böhran”dan söhbət belə gedə bilməz. Ermənistan rəhbərliyinin və separatçıların yalançı hay-küylərinin, çoxsaylı müraciətlərinin beynəlxalq səviyyədə cavabsız qalması da bununla bağlıdır. Azərbaycana qərəzi olmayan beynəlxalq təşkilatlar və dövlətlər məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Bəs Azərbaycanın QHT nümayəndələrinin, ekofəalların, könüllülərin və ictimaiyyət nümayəndələrinin etirazlarına səbəb olan məsələnin əsl mahiyyəti nədən ibarətdir?
Bir daha xatırladaq ki, Laçın yolunda keçirilən aksiya və hərəkətin məhdudlaşdırılmasının mülki əhaliyə aidiyyəti olmayan konkret səbəbləri var və Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsə keçid məhdudiyyəti də davam edəcək. Qərbin sanksiyalarından yayınmaq məqsədilə Rusiyadan qeyri-qanuni Azərbaycan ərazisinə gələrək Qarabağda gizlənən cinayətkar Ruben Vardanyan və digər separatçılar sərvətlərimizi talamaqla məşğuldurlar. Təbii ki, buna göz yummaq mümkün deyil.
Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, separatçılar tərəfindən “Qızılbulaq” qızıl yatağında 2002-ci, “Dəmirli” mis-molibden yatağında isə 2013-cü ildən istismar işlərinə başlanılıb: “Faktiki olaraq ermənilər “Qızılbulaq” yatağını 18 ilə yaxın istismar ediblər. Baxmayaraq ki, onlar 5 ildir həmin yataqda istismar aparılmadığını deyirlər. Fərq etməz əsas odur ki, qanunsuz fəaliyyət var. Kimsə deyə bilməz ki, həqiqətən də 5 ildir yataqda heç bir iş aparılmır, lakin İkinci Qarabağ müharibəsinə qədər ermənilər həmin yataqları işlədiblər. “Dəmirli” yatağında istismarın davam etdiyi isə dəqiqdir.”
Ə.Əliyevin sözlərinə görə, 2021-ci ildə “Dəmirli” yatağının yerləşdiyi ərazidən keçərkən vizual müşahidə xarakterli baxış olub: “Bu il dekabrın 10-da həmin ərazidən keçərkən hərəkət boyu apardığım müşahidələrdən belə qənaətə gəldim ki, yataqda çox ciddi fəaliyyət gedir. Ötən ilə nisbətən istismar ərazisi iki dəfəyə qədər böyüyüb.”
Qeyri-rəsmi məlumatlara görə, 2019-cu ildə dağ-mədən sənayesinin gəliri marionet rejimin ÜDM-nin 13,7%-ni, yaxud təxminən 47 milyard dram (97,6 milyon ABŞ dolları) təşkil edib. Hazırda isə il ərzində “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarından əldə edilən qazancın təxminən Qarabağdakı qondarma qurumun illik “büdcəsinin” üçdə ikisinə bərabər olduğu bildirilir. Vardanyanın və digər quldurların Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin sözügedən yataqlarda monitorinq keçirməsinə hər vəchlə mane olmaq istəmələrinin əsas səbəbi də bununla bağlıdır. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanın milli sərvətlərini oğurlamaq imkanları əllərindən çıxmaqla separatçı rejimin maliyyələşməsi də mümkünsüz olacaq.
“Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarı onların yerləşdiyi ərazilərin ekosisteminə də ciddi ziyan vurub. Hektarlarla meşə zolaqları məhv edilib, ağaclar kəsilib. Üstəlik, yataqların ərazisində və yaxınlığında olan tarixi irs nümunələrimiz də erməni vandalizminin qurbanına çevrilib. Laçın yolunda günlərdir fasiləsiz davam edən aksiyaların əsas səbəbi də milli sərvətlərimizə, təbiətimizə və ekologiyamıza qarşı bu qanunsuz fəaliyyətə son qoyulmasıdır.
Göründüyü kimi, məsələnin əsas mahiyyətinin Qarabağdakı erməni mülki əhaliyə qarşı “humanitar böhran” yaratmaqla heç bir əlaqəsi yoxdur. Bu gün hansısa erməni Laçın yolunda hərəkətin məhdudlaşdırılmasından əziyyət çəkirsə, bunun günahkarları da separatçı araiklər, vardanyanlardır. Və onların bütün bu kimi əməllərinə görə cavab verəcəyi vaxt yetişib. Özü də həm mülki erməni əhalisinə cavab verəcəklər, həm də Azərbaycanın hüquq-mühafizə orqanlarına.