KÖŞƏ

Mahir Rəsuloğlu

Salam, dar ağacı...

13 dekabr 2022 00:14
1417

Künc zərbəsi

Fars cəlladlarının edam etdikləri azadlıq aşiqlərinin xatirəsinə ehtiramla  

Dünən İranda növbəti cinayət törədildi. Daha bir dinc vətəndaş fars-molla rejiminin zülmünə qarşı çıxdığı üçün insanlığa sığmayan qəddarlığın qurbanına çevrildi. Öz azad yaşamaq, dini yumruğa çevirib başlarına endirənlərin əzab-əziyyətinə etiraz hüququndan istifadə etmək istəyən Məcid Rza Rahnəvərd dünyanın laqeyd baxışları altında Məşhəd şəhərində ictimaiyyətin gözü qarşısında dar ağacından asıldı. İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi isə öz qanlı əməllərinə haqq qazandırmaq üçün edam hökmünün “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunduğunu bildirdi...

Əslində isə molla rejiminin qaniçəninin “qiyamçı”, “qanunu pozan” kimi təqdim etdiyi zülm və boyunduruq altında yaşamaqdan bezmiş sadə vətəndaşlardır. İstibdad zəncirləri xalqın boynuna ağırlıq edir, və bu ağırlığa dözməyənlər təkcə Cənubi Azərbaycan türkləri deyil, həm də farslardır, bəlluclardır, kürdlərdir, digərləridir. Deməli, ölkədə baş verənlərin xarici aktorlarla heç bir əlaqəsi yoxdur. Dünən edam edilən Məcid Rza Rahnəvərd “quyamçı” idisə bəs 2020-ci ildə asılaraq öldürülən 260 nəfərin, 2021-ci ildə isə 14 nəfəri qadın olmaqla 310 nəfərin günahı nə idi görəsən?

Qeyri-rəsmi məlumatlara görə, İranda xalq etirazları başlayandan həyatlarını itirən insanların sayı 489 nəfərə çatıb. Ancaq İran Hüquq Müdafiəçiləri Təşkilatının  bu məlumatının da reallığı tam əks etdirmədiyi və qurbanların daha çox olduğu ehtimal edilir. Məlumatda bildirilir ki, ölənlərin, daha dəqiqi öldürülənlərin 64-nün yaşı 18-dən aşağı olub. Sentyabrın 17-dən bəri 18 259 nəfər həbs olunub. Onlardan 3 784 nəfərin kimliyi və saxlanma yeri bəlli deyil. Eyni zamanda, etiraz aksiyalarına 143 universitetin tələbələrinin qoşulduğu və onlardan 625 nəfərinin həbs edildiyi bildirilir. Ən dəhşətlisi isə odur ki, zindanlara atılan gənc qızların, qadınların hər cür insanlığa sığmayan fiziki işgəncələrə, hətta cinsi təcavüzə məruz qaldıqları haqqında da məlumatlar yayılır. Bax, budur İran rejiminin əsl siması...

Fars-molla rejiminin zülmündən baş götürüb qaçmaq, başqa ölkələrdən sığınacaq almaq istəyən İran vətəndaşlarının sayı da sürətlə artmaqdadır. Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) “Report”un Avropa bürosuna bildirilib ki, bu ilin yanvar-noyabr ayları arasında federal idarəyə İran vətəndaşları tərəfindən ümumilikdə 6 392 sığınacaq ərizəsi daxil olub. Onlardan 5 447-si ilk dəfə, 945-i isə ikinci dəfə üçün edilən müraciətlərdir. Məlumata görə, sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən iranlıların sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

Belə ki, İran vətəndaşları tərəfindən sözügedən quruma bu ilin sentyabr ayında 613, oktyabrda 892, noyabda isə 1039 nəfər qaçqın statusu üçün müraciət edib. Bunun yalnız bir Avropa ölkəsi ilə bağlı məlumat olduğunu nəzərə alsaq İrandakı acınacaqlı vəziyyəti təsəvvür etmək mümkündür.

Artıq İranın fars-molla rejiminin təmsilçiləri də ölkədə xalq etirazlarının nəzarətdən çıxdığını etiraf etməyə başlayıblar. Bu ölkənin parlamentinin sədri Məhəmməd Bağır Qalibaf dekabrın 12-də İslam Şurasının Araşdırma Mərkəzində keçirilən tədqiqat həftəsində bildirib ki, vaxtında lazımi addımlar atmayıblar, sonradan görülən tədbirlər isə öz dəyərini itirir: “Biz bu gün etiraf etməliyik ki, bir sıra sahələrdə problemi həll etmək qüdrətinə malik deyilik.”

Dünən həm də Cənubi Azərbaycanın Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 77-ci, İran rejiminin riyakarlığı və xain planı sayəsində süqut etməsinin isə 76-cı ildönümü idi. Məlum olduğu kimi, tarixə “21 Azər hərəkatı” kimi də düşmüş həmin milli mücadilə qanlı sonluqla başa çatmışdı. Belə ki, 1946-cı ildə süquta uğradılmamışdan öncə İran mərkəzi hökuməti Azərbaycan Milli Hökuməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanımışdı. Ancaq il başa çatmamış, dekabrın 12-də Pəhləvi rejiminin ordusu Azərbaycana hücum edərək Milli Hökumətin mövcudluğuna son qoymuşdu. İşğal nəticəsində minlərlə günahsız Azərbaycan türkünə qarşı qətliam həyata keçirilmiş, on minlərlə soydaşımız sürgünə göndərilmişdi. Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəri 1945-ci ilin sentyabr ayında “Azərbaycan” (21 Azər hərəkatı dövründə Cənubi Azərbaycanda nəşr olunan qəzet) qəzetində yazırdı: “Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur) Tehranla bir yerdə əsir Hindustan olmaqdansa, özü üçün azad İrlandiya olmağa üstünlük verir. Tehran pozğun və küçə gözəlləri kimi hər gün bir lotunun qucağına atıla bilər. Azərbaycan isə namus və heysiyyətinə maraqlıdır. O bir daha biganələrin alçaq nökəri olan rzaxanların boyunduruğu altına girməz və gündə bir lotuya təslim olmaz.”

Bəli, İranın qaniçən fars-molla rejiminin edamları Cənubi azərbaycanlıların istiqlal əzmini qıra bilməz və öz namus və heysiyyətinə düşkün bu böyük xalqın “rzaxanların” boyunduruğunu qırıb-atması, öz hürriyətinə qovuşması zamanı gəlmişdir. Azadlıq mücadiləsi ilə keçən hər gün yeni bir üçrəngli türk bayrağının göylərə ucalacağı anı bir az da yaxınlaşdırır. Çünki biz bütöv Vətənimizin azadlığı üçün “dar ağacına salam verməyi” gözə almış, qəbullanmış mücahid övladları olan millətik...