Mahir Rəsuloğlu |
Azərbaycanın Laçın yoluna nəzarəti gücləndirməsi separatçıların da, elə sülhməramlıların da əl-qolunu bağlayacaq
Görünür, Azərbaycanın Laçın yolunda nəzarətin gücləndirilməsi, həmçinin aidiyyəti dövlət qurumları tərəfindən Qarabağın ermənilər yaşayan ərazilərində faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırmanın həyata keçirilməsi istiqamətində atdığı addımlar burada müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanlığını da narahat edib. Belə olmasaydı, general-mayor Andrey Volkov dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarının Xocalıda sülhməramlı qüvvələrin qərargahında hərbi kontingentin komandanlığı ilə apardığı müzakirələrdən dərhal sonra Qarabağdakı separatçı qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və qondarma “parlament”in “deputatları ilə görüşüb onlara hesabat verməzdi. Rusiyalı general qorxuya düşmüş erməniləri sakitləşdirib ki, Laçın yolunda Azərbaycanın hüquq-mühafizə və gömrük orqanlarının post qurması ilə bağlı yayılan xəbərlər kontekstdən çıxarılıb və həqiqəti əks etdirmir. Yəni, yolda yeni nəzarət-buraxılış məntəqəsi quraşdırılmayacaq, sadəcə hazırda mövcud olan məntəqələrdə rentgen skaner cihazlarından istifadə ediləcək. Ermənistan mətbuatının yazdığına görə isə sülhməramlıların rəhbərliyi Azərbaycanın tələbinə əsasən Laçın yolunun Ermənistanla sərhəddəki başlanğıcında müasir nəzarət avadanlığı ilə təmin edilmiş mini gömrük postunun qurulmasına razılaşmalı olub. Bildirilir ki, Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də yüklərini onlayn rejimdə izləyə biləcək, Volkovun erməni “nümayəndə heyətinə” dedikləri onların “başlarının altına yastıq qoymaqdan” başqa bir şey deyil.
2020-ci il 10 noyabr Bəyanatında nəzərdə tutulduğunun əksinə olaraq Laçın yolundan yalnız dinc məqsədlərlə istifadə edilməməsi, əcnəbilərin, hətta diversantların və terrorçuların sərbəst şəkildə Azərbaycan ərazisinə daxil olmaları, Qarabağdakı qeyri-qanuni silahlı erməni birləşmələrini təmin etmək, ərazilərimizi kütləvi şəkildə minalamaq üçün hərbi texnika və sursatın sözügedən yolla daşınması ciddi addımlar atılmasını zərurətə çevirib. Hadisələri qabaqlamadan ehtimal etmək olar ki, müasir nəzarət avadanlığı ilə təmin edilmiş mini gömrük postunun qurulması bütün sadalanan və başqa onlarca belə neqativ halların qarşısını tamamilə ala bilməyəcək. Çünki Rusiya sülhməramlılarının komandanlığı bunda maraqlı olmadığını aşkar hiss etdirir. Və əgər general Volkov nəyəsə razılaşıbsa bu, yalnız Azərbaycanın kəskin tələbi nəticəsində mümkün olub. Ancaq rentgen skaner cihazlarından istifadə və yola onlayn nəzarət həm Azərbaycanın növbəti mərhələdə atacağı addımlara zəmin yaradacaq, həm də sülhməramlı kontingentin komandanlığının öz ermənipərəst fəaliyyətlərinə bəraət qazandırmaq və bəhanələr irəli sürmək imkanlarını minimuma endirəcək. Daha sadə desək, bundan sonra rusların Laçın yolundakı qanunsuzluqlar faktı qarşısında texniki imkanların zəif olması bəhanəsi qalmayacaq. Üstəlik, ortaya çıxacaq istənilən növbəti neqativ faktdan sonra yolda Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq.
Qeyd edək ki, Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan qanunvericiliyinin tətbiqi istiqamətində atılan addımlar təkcə Laçın yoluna nəzarəti gücləndirməklə yekunlaşmır. Dekabrın 7-də müxtəlif dövlət qurumlarının əməkdaşlarının Qarabağda mövcud olan yeraltı təbii sərvətlərin, xüsusilə Ağdərə rayonundakı qızıl mədənlərinin ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınması məqsədilə Xocalıya növbəti səfəri, sülhməramlıların qərargahında aparılan danışıqlar, qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün mütəxəssislərin iştirakı ilə yol xəritəsinin hazırlanması Azərbaycanın daha separatçıların nazı ilə oynamaq niyyətində olmadığını göstərir. Baş verənlərdən ermənilərin də nəticə çıxarmaq zamanları yetişib. Artıq Xankəndidə və ətrafında yaşayan ermənilər çənbərin daraldığını, separatizmin sonunun gəldiyini yaxşı başa düşürlər. Çıxış yolu isə qondarma qurumun “prezident”i Araik Arutyunyanın yenə də qanunsuz yollarla İrəvana, oradan da Fransaya kömək istəməyə getməsi deyil. Daha kiminsə Azərbaycanın daxili işlərinə burnunu soxmaq, Qarabağda atılan addımlara müdaxilə etmək səlahiyyəti də yoxdur, imkanı da, haqqı-hüququ da. Hələ Fransanın heç yoxdur. Öz suveren sərhədləri daxilində nəyi nə zaman, necə edəcəyini Azərbaycan, onun Müzəffər Ali Baş Komandanı yaxşı bilir.