KÖŞƏ

Zahid Rza

Fransızsayağı riyakarlığın kulminasiya nöqtəsi

03 dekabr 2022 02:38
7150

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı. Öz ərazi bütövlüyünü bərpa etmək ölkəmiz üçün taleyüklü məsələ idi. Azərbaycan bu məsələni uğurla həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Dünya güclərinin, BMT-nin, artıq gorbagor olmuş ATƏT-in Minsk qrupunun 28 ildə edə bilmədiklərini rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında cəmi 44 gündə yerinə yetirdi. Milli maraqları nəyi tələb edirdisə, Azərbaycan onu da etdi. Ölkəmizin suveren ərazisi bərpa edildi. Döyüş meydanında böyük itki verən, ağır, dağıdıcı zərbələr alan Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkildilər, daha doğrusu qovuldular. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları tarixi sənəd-işğalçı ölkənin kapitulyasiya aktı bunun əyani təsdiqidir.

Bir həqiqət də var ki, Azərbaycanın döyüş meydanında təkcə işğalçı Ermənistanı deyil, ermənilərin havadarlarını da məğlub edərək hərbi, siyasi-diplomatik müstəvidə qələbə qazanması artıq bədxahlarımızı həqiqətləri qəbul etməyə məcbur etdi. Ancaq gizli deyil ki, Azərbaycanın 30 illik işğala son qoyması Ermənistanla yanaşı, uzun müddət təcavüzkarı dəstəkləyən bəzi ölkələrdə ciddi təşviş yaratdı. Belə ölkələrdən biri də Fransadır.  Bu ölkənin prezidenti Emmanuel Makron isə daim Azərbaycana qarşı gizli və aşkar şəkildə düşmənçiliyini ifadə edir. 

Qırx dörd günlük Vətən müharibəsi zamanı, eləcə də postmünaqişə dövründə Fransanın ölkəmizlə bağlı yürütdüyü ikili siyasət bunun əyani təsdiqidir. 2022-ci il noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə isə fransızların siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə layihəsi milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış türkofobiya və islamofobiyanın təzahürüdür.

Məsələ burasındadır ki, zaman-zaman insanlıq əleyhinə əməllər və müharibə cinayətləri törətmiş cinayətkar Fransa müxtəlif platformalarda Azərbaycana qarşı təxribatlarını bu gün də davam etdirir. 2022-ci il noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə bir müddət əvvəl Senatdakı qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatının əyani təsdiqidir. Təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir.

“Qoca qitə”də yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, daim insan hüquqlarından və humanizmdən dəm vuran, qatı ermənipərəst Fransa bu gün də müstəmləkəçilik siyasətindən əl çəkmir.

Göründüyü kimi, ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə təcavüzkar Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də böyük bacı olan Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Fransa Milli Assambleyasında təmsil olunanlar unutmamalıdırlar ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə tarixi Azərbaycanın tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıları qəbul edir. Bu reallıqlardan biri də Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır.