Mahir Rəsuloğlu |
Künc zərbəsi
Bakıda vahid taksi xidmətinin yaradılması zərurətə çevrilib
Təxminən 10 il əvvələ qədər taksi bahalı nəqliyyat növü idi və təbii ki, rahatlığına, daha az vaxt itkisinə rəğmən yüksək gedişhaqqı səbəbindən hamı üçün əlçatan deyildi. Bilənlər bilir, taksi fəaliyyəti ilə məşğul olanlar yaxşı qazanır, imkanlı sayılırdılar. Ancaq əslində ictimai nəqliyyatın bu növündə işə düzəlmək, yəni, taksi sürücüsü olmaq asan deyil – əvvəla uzunmüddətli sürücülük təcrübəsinə malik olmalısan. İkincisi, xidmət göstərəcəyin şəhəri kifayət qədər yaxşı tanımaq lazımdır. Üçüncü isə taksi sürücüsü fiziki və psixoloji cəhətdən sağlam olmalı, mütəmadi olaraq müəyyən sağlamlıq yoxlamasından keçməli, onun alkoqol, norkotik vasitələrdən istifadə etmədiyi şübhə yaratmamalıdır. Daha bir vacib məsələ avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasıdır ki, əksər ölkələrdə taksi maşınları ildə bir neçə dəfə xüsusi texniki baxışdan keçirilir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? İnsanlar normal, təhlükəsiz taksi xidmətlərindən istifadə edə bilirlərmi? İctimai nəqliyyatın bu növündə hansı problemlər yaşanır?
Məlum olduğu kimi, sürətlə inkişaf edən dünyadakı son texnoloji yeniliklər Azərbaycanda “taksi bazarı”na da təsirsiz ötüşməyib. Əvvəl sayı günbəgün artan və hazırda 60-a çatan şirkətlər stasionar və mobil telefonlarla sifariş qəbul edib taksi xidməti göstərirdisə, sonradan onların sırasına internet üzərindən daha rahat və sərfəli tətbiqlərlə işləyən “Bolt” “Uber”, “Yango” və s. kimi beynəlxalq taksi şəbəkələri də qoşuldu. Bu gün istənilən şəxs həmin tətbiqlərdən istifadə edərkən nəinki ona xidmət göstərmək üçün təyin edilmiş sürücünün adını, mobil nömrəsini, gedişhaqqının məbləğini, avtomobilin markasını və dövlət nömrə nişanını görə, sürücüylə zəng və ya mesaj xidməti vasitəsilə əlaqə yarada bilər, üstəlik taksinin hərəkət istiqamətini də izləmək imkanına malikdir. Üstəlik və ən vacibi internet tətbiqləri ilə xidmət göstərən şirkətlərin qiymətləri də ucuz, bəzənsə çox ucuzdur. Bu isə stasionar və mobil telefonlarla sifariş qəbul edən, adları əksərən qısa nömrələrlə qoyulmuş, sonralar “salam taksi”, “sağ ol taksi”yə qədər gedib çıxmış şirkətləri sıxışdırmaqdadır. Rəqabət bu “bazarda” qiymətlərin ucuzlaşmasına səbəb olub ki, buna sevinmək də olardı. Ancaq...
İbarəli desək, bu gün paytaxtımız yuxarıda adlarını sadaladığımız beynəlxalq taksi şəbəkələrinin “Tayota” firmasının daha az yanacaq işlədən yarımhibrid “Prius” avtomobillərinin “istilasına” məruz qalıb. Bakının onsuz da tıxacdan hərəkət etməyin müşkülə çevrildiyi, sərnişindaşımanı çatdıra, daha dəqiqi yarıda bilməyən içi insanlarla dolu avtobusların ilişib qaldığı küçələri bir tərəfdən də sayı fantastik dərəcədə artan “Prius”ların ötüşməsinə şahidlik edir. Gündəlik sifariş normasını yerinə yetirməyə çalışan sürücülər əksər vaxt bütün yol hərəkəti qaydalarına, hətta işıqforların qadağanedici işıqlarına belə məhəl qoymadan sözün həqiqi mənasında ötüşməklə məşğuldurlar. Təsadüfi deyil ki, taksilərin iştirakı ilə baş verən qəzaların sayı artır, əksər hallarda isə bu qəzaların baş verməsinin günahkarları taksi sürücüləridir. Bəzən sərnişinlərin həyatı ilə oynayan belə sürücüləri yalnız bir şey düşündürür – şirkətin hədəf və ya tapşırıq kimi qoyduğu sifariş sayı planını yerinə yetirmək, qarşılığında bonus məbləğ qazanmaq.
Problem bununla bitmir təəssüf ki. Əksəriyyətinin öz avtoparkı belə olmayan bu şirkətlər “bazardakı” fərdi sürücü bolluğundan yararlanaraq qazanclarını artırmaqdadırlar. Sürücülərin hansı kriteriyalarla işə götürülməsi isə insanda dəhşət doğurur. Heç bir imtahandan və ya tibbi yoxlanışdan keçirilmədən istənilən şəxs cəmi 5 dəqiqə ərzində bəzən hətta internet üzərindən onlayn və ya “WhatsApp” tətbiqi vasitəsilə işə götürülür. Təsəvvür edin, şəxsin sağlamlığı, peşəkarlığı, şəhəri tanıyıb-tanımadığı yoxlanılmır, onun spirtli içkilərə aludəçiliyi, narkotik vasitə qəbul edib-etmədiyi şirkət rəhbərliyinin vecinə deyil. Kim olur-olsun, müraciət etdisə avtomobili verib taksi kimi buraxırlar şəhərin canına. Bu qədərmi? Deyil! Sadaladıqca bitməyən çatışmazlıqlar var. Səhər saat 8-dən gecə saat 12-yə qədər davam edən iş rejimi, sürücülük vəsiqəsinin vaxtı bitmiş, bəzən ümumiyyətlə bu sənədi olmayan “sürücü”lər. Və biz ucuzdur deyə, minirik, taleyimizi belələrinə tapşırmalı oluruq!
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci il ərzində ölkədə 86 milyon 944 min dəfə taksi xidmətindən istifadə edilib ki, bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 93,5 faiz, yəni az qala iki dəfəyə yaxın artım deməkdir. Təbii ki, artımın əsas səbəblərindən biri, bəlkə də birincisi qiymətlərin ucuz olması ilə bağlıdır. Qiymətlər ucuz, səfər isə təhlükəli...
Bəs yaranmış vəziyyətdən çıxış yolu varmı? Paytaxtımıza “London taksi”lərinin gətirildiyi yaxın keçmişi yaxşı xatırlayırıq. Hamı tərifləyirdi, ən azından bir dəfə minməyə can atırdı. Xarici mətbuatda haqqında yazırdılar və hətta az qala Bakının atributlarından birinə də çevriləcəkdi. Ancaq bir müddət sonra məlum oldu ki, sən demə “London taksiləri” heç də sərfəli deyilmiş. Üstəlik, elə dözümlü də çıxmadı bu avtomobillər. Bu gün Binəqədi qəsəbəsində “London taksisi” “qəbiristanlığı” yaranıb. Bunu təsadüfən xatırlatmadıq. “Taksi bazarı”ndakı xaotik vəziyyət yeganə çıxış yolu kimi dövlətin aidiyyəti qurumlarının məsələyə müdaxiləsini zərurətə çevirib. Paytaxtımızda dövlətin birbaşa iştirakı ilə vahid taksi xidməti və yeni, müasir taksi parkı yaradılmalı, əhalinin istifadə imkanlarını aşmayacaq qiymətlər müəyyən edilməli və paralel olaraq, ortada at oynadan şirkətlərin fəaliyyəti dərindən araşdırılmalıdır. Əks halda, hələ çox Dövlət Yol Polisi əməkdaşlarının nakotik vasitələrin təsiri altında taksi xidməti göstərən “sürücü”nü yaxalaması faktları ilə rastlaşacağıq.