KÖŞƏ

Vəli İlyasov

Ermənistan İrana da "vəfalı yar" olacaqmı?

05 noyabr 2022 02:58
1009

"Yiyəsini dəfələrlə yıxmış"dan bunu gözləmək axmaqlıqdır

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük Qələbəsi bəzi dövlətlərin, o cümlədən İran İslam Respublikasının hazırkı rəhbərliyi tərəfindən həzm edilmir. Ədaləti alqışlayan bir çox ölkələrin və müsəlman dövlətlərinin Azərbaycanın Qələbəsini haqlı sayaraq və xalqımızı Qələbə münasibətilə təbrik etdikləri bir vaxtda İran isə əksinə, məyus olaraq anlaqsız hərəkətlər etməyə başladı. Daha sonra davam edib düşmənə çevrildi, yəni əsl  sifətini bir daha göstərdi.

Hazırda İranda 200 minə qədər erməni yaşayır, onların orta məktəbləri, digər müəssisələri, dini mərasim azadlıqları var. Ancaq otuz milyondan artıq azərbaycanlılar öz yaşadıqları məhəllələrdə belə Azərbaycan dilində kurs açarsa, gəlib onu bağlayarlar. Beynəlxalq Ana Dili Günündə azərbaycanlılar tədbir keçirəndə onları tutub həbs edir, incidir, gözümçıxdıya salır, milli ayrı-seçkiliyə rəvac verirlər.  Ancaq ermənilər orada "suda balıq" kimi yaşayırlar,  hər cür azadlığa malikdirlər. Bütün bunlara görə İran nə vaxtsa cavab verməli olacaq. Məlumata görə,  Prezident İlham Əliyevin portretləri Təbrizdə, Ərdəbildə və Güney Azərbaycanın digər şəhərlərində yayılır, divarları bəzəyir, azərbaycanlılar onu başları üzərinə qaldırırlar. Bu, xoş bir haldır. Onlar bir ağızdan səslənirlər: Cənab Prezident, biz sizin arxanızdayıq, biz sizinləyik və axıradək sizinlə birgəyik! Ancaq bütün bunları molla rejimi nifrətlə qarşılayır və qıcıqlanır.

Hamımızın yaddaşındadır ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ qaldırılanda buna ilk və yeganə mənfi reaksiya verən İran oldu. İranın Azərbaycan əleyhinə son addımları və Ermənistanın xeyirinə bəyanatlar verməsi ilə iki ölkə arasında gərginliyi artırmaqda davam edir. İranın bir çox iri şəhərlərində coşqu ilə qalxan etiraz nümayişlərinin coğrafiyası sürətlə genişlənməkdədir.  Molla rejiminin Şimali Azərbaycana hədələri Arazın o tayındakı azərbaycanlıları ciddi narahat edir və bu səbəbdən də Təbrizdə kütləvi nümayişlər getdikcə böyüyür. Şəhərdə keçirilən nümayişlərdə iştirak edən azərbaycanlılar iki yüz illik əsarətə qarşı çıxaraq “Azadlıq, Ədalət və Milli Hökumət” şüarları səsləndirirlər.

 Bu barədə Türkiyədə nəşr olunan və İrandakı hadisələri izləyən “Yeni Şafak” qəzeti də yazır. Nəşr qeyd edir ki, hazırda İranın anti-Azərbaycan fəaliyyəti iki ölkə arasında artan gərginliyin və Güney Azərbaycanda etiraz nümayişlərinin miqyasının genişlənməsinin əsas istinad nöqtəsidir: “İranın Azərbaycanla bağlı son bəyanatları və Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlərlə bağlı iki ölkə arasında gərginlik getdikcə artır."

Rəsmi mənbələrdə və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu günlərdə İran xüsusi xidmət orqanları tərəfindən təxribata hazırlaşdırılan və təlim keçmiş qruplaşmanın aşkar olunaraq ifşa edildiyini açıqlayıb. Həbs edilən 19 nəfər barəsində istintaq başladılıb.

Bu hadisələrin ardınca Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) İran sərhədində genişmiqyaslı təlimlərə başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimlərdə xüsusi təyinatlı qüvvələr ölkənin cənub sərhədinə yaxın rayonlara göndərilib. Təbii ki, bu sərhədlərimizdə əzələ nümayiş etdirənlərə dəmir yumruq cavabıdır.

Farslarla ermənilərin bu günlərdə özlərini "bir millət, iki dövlət" adlandırmaları isə gülünc səslənir. Bununla da azərbaycanlılarla türklərin məşhur kəlamına öz xislətlərinə uyğun dəyişiklik etsələr də alınmır. O da tarixi həqiqətdir ki, ermənilər özünə qapanmış xudpəsənd və yalançı, etibarsız və qəddar bir toplumdur. Onların farslarla dostluğu baş tutan deyil. Çünki ermənilər Yer kürəsində yeganə millətdir ki, heç kəslə dostluq və qardaşlıq etməyib və indi də etmir. Əgər vaxtilə  kiminlə dostluq edibsə, onların sədaqəti sona qədər davam etməyib, axırda xəyanət xəncərini onun kürəyinə saplayıb. Birinci Dünya müharibəsi illərində öz torpağında onlara yer vermiş Türkiyəyə qarşı çıxıb onun düşmənlərinə qoşularaq yüz minlərlə yerli əhalini vəhşicəsinə qırmaları ermənilərin ən böyük xəyanətləridir.

Azərbaycan torpaqlarına erməni ayağı dəyəndən bu yerdə faciələr, müsibətlər bitmək bilmir. Belə "nümunə"lər isə saysız-hesabsızdır. Yəni ki, İran arxayın olmasın ki, Ermənistan ona "vəfalı yar" olacaqdır. Əgər ermənilər onlara yer  və çörək vermiş türklərə və azərbaycanlılara qəddar düşmən kəsilibsə bunları gələcəkdə farslar da “dadacaqlar.” Ermənilər "yiyəsini yıxmış at"a oxşayırlar. Təbiətin qanunudur: özgəsinin torpağında zəhər yığmağa çalışan iki ilandan biri nə vaxtsa o birini çalacaqdır. Görək kimi kimi...