KÖŞƏ

Vəli İlyasov

Bu zərbə Makronu ayıltmalıdır, ayıltmasa...

04 noyabr 2022 02:36
976

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdel Məcid Tebbunun Azərbaycan Prezidenti İlham Əliyevi bir neçə gün əvvəl burada keçirilən ali tədbirə-Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət etməsi tarixi hadisədir.  Azərbaycanın ərəb dövləti olmamasına baxmayaraq, bu dəvət o anlama gəlir ki, Əlcəzair Azərbaycanla münasibətlərin intensivləşməsində maraqlıdır.

Vurğulamaq lazımdır ki, Əlcəzair dünyanın ən böyük neft və qaz istehsalçıları sırasında yer tutur. Bu ölkə Avropanın, xüsusən də Fransanın qazla təminatında əsas rol oynayır. Ancaq, eyni zamanda, iki ölkə arasında kəskin tarixi ziddiyyətlər və düşmən münasibətlər olub. Belə ki, Əlcəzair yüz ildən artıq Fransanın müstəmləkəsi kimi əziyyət çəkib və müstəmləkə dövründə milyonlarla əlcəzairli Fransa işğalçı orduları tərəfindən amansızlıqla qətlə yetirilib. Unudulmayan  qanlı hadisələr son illərdə Fransa-Əlcəzair münasibətlərinə təsirsiz ötüşmür. Azadlıq sevən Əlcəzair xalqı öz cəlladını unuda bilmir və nifrətlə yad edir.

Burada qeyd etməliyik ki, bir neçə gün əvvəl Əlcəzairdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Prezident Abdel Məcid Tebbunla keçirdiyi mətbuat konfransında bildirmişdi ki, fransızların və əlcəzairlilərin ortaq ağrılı keçmişi bəzən gələcəyə doğru baxmağa mane olur. Onun sözlərinə görə, guya Fransa köhnə stereotipləri yox etməyə və qarşılıqlı etimad mühiti yaratmağa çalışır. Makronun davranışları və apardığı mürtəce siyasət deməyə əsas verir ki, o, hər yerdə riyakarlıq edir. Makronun faciələr yaşatdığı ölkəyə səfəri göstərir ki, narahatdır və keçmiş qurbanının başını "sığallamağa" gəlib.

Son illərdə Əlcəzair sürətlə Türkiyə və digər region ölkələri ilə yaxınlaşır və bu,  Parisi narahat edir. Bu narahatlığı Prezident Makron açıq nümayiş etdirərərək qısqanclıq və təəssüflə Fransanın Şimali Afrikada tərk etdiyi bölgələrə Türkiyənin rahat şəkildə daxil olduğunu bildirmişdi.

Bu mövzuya Prezident İlham Əliyev də Əlcəzairdə keçirilən Zirvə toplantısının açılış mərasimində etdiyi çıxışında toxunub. Azərbaycan Prezidenti qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir faciədir.

Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.

Həmin ifadələr Prezident İlham Əliyevin Əlcəzairin paytaxtı Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin Xatirə kitabına yazdığı mətndə də yer alıb: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət  kəsb edir.

Azərbaycan Prezidentinin səlis xətti ilə yazılmış bu qeydlər dünən bir çox yerli və xarici media orqanlarında yayıldı. Bu mesaj Fransa Prezidentinin Azərbaycanla bağlı ədalətsiz mövqeyinə tarixi faktları ehtiva edən incə və sərt cavab idi. Lakin, eyni zamanda, bu qeydlər Fransanın müstəmləkəçilik siyasətinin acılarını yaşamış və yaşamaqda olan böyük bir xalq kütləsinə də mesaj idi. Hansı ki, o insanlar Əlcəzairdə, Şimali Afrikanın digər ölkələrində və Fransanın özündə yaşayırlar. Bu mənada demək olar ki, Prezident İlham Əliyevin bir günlük Əlcəzair səfəri Fransa Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində tutduğu ədalətsiz mövqeyə də kifayət qədər sərt bir cavab idi.

Öz sərhədlərindən min kilometrlərlə aralıda olan Əlcəzair xalqına yüz il faciələr yaşadan Fransanın Afrikanın uzaq adalarında hələ də müstəmləkəçilik siyasəti yeritməkdədir. Həmin adaların ərazisi isə az-azacıq deyil, 580 min kvadratkilometrdir. Müqayisə üçün deyək ki, bu, altı Azərbaycan boyda ərazidən artıqdır. Müstəmləkə hərisi olan Fransanın başçısı  indi də həyasızcasına  üç min kilometr uzaqda yerləşən Azərbaycana da dil uzatmaqdan çəkinmir. Qafqaza gəlmək, öz məkrli niyyətlərini həyata keçirmək üçün Ermənistana sığınan, ona dəstək verən Fransa Prezidenti Emmanuel Makron öz ərazilərini işğaldan azad edən Azərbaycana hər vasitə ilə təzyiq göstərməyə çalışır.

Azərbaycan Prezidenti İlham Əliyevin Emmanuel Makronun başçılıq etdiyi ölkənin əlinin günahsız Əlcəzair xalqının qanına batdığını açıq mətnlə qeyd etməsi ona tutarlı bir zərbədir. Bu zərbə Makronu ayıltmalıdır, ayıltmasa...