KÖŞƏ

Vəli İlyasov

Ac toyuq yuxusunda darı görər

29 oktyabr 2022 00:33
1293

Hindistanın onlara köhnə-kültə silahlarını satmasından həvəslənən Ermənistan rəsmiləri bu ölkə ilə bağlı yeni xəyallar qurmaqdadırlar. Hər necə olsa da axı, deyilənlərə görə Azərbaycanın ləl-cəvahiratını çamadana yığıb Hindistana qaçan lənətullah Stepan Şaumyanı orada basdırıblar. Bundan başqa, erməni işbazları Hindistanda bəzi ticarət sahələrini ələ keçirərək milyonlara sahib olublar. Nəhayət, yüz ildən sonra ermənilərin ağlına gəlib ki, Hindistanla bu qədər isti münasibət varsa, niyə onunla milyonlar gətirən iqtisadi layihələr həyata keçirməsinlər? Əgər Azərbaycan iqtisadi layihələr hesabına az qala dünyanın yarısı ilə əməkdaşlıq edirsə, yüz əllidən artıq dövlətin dəstəyini qazanırsa, biz də niyə bundan istifadə etmirik? Paxıllıqdan və düşmənçilikdən doğan bu rəqabət Ermənistan üçün çəkilməz bir yükdür. Qısaca desək, "halva-halva" deməklə ağız şirin olmur. Təşəbbüs irəli sürməklə hər şey bitmir, gərək təşəbbüsü reallığa çevirə biləsən. Bu bacarığın isə Ermənistanın rəhbərlərində işartısı belə yoxdur.

Ona görə də ermənilər iqtisadi layihələrin reallaşdırılmasında Azərbaycanın və Türkiyənin zəngin təcrübələrindən həsədlə danışırlar. Təbii ki, onların əsasları da var. Artıq Türkiyə və Azərbaycan bir neçə böyük beynəlxalq layihəyə imza atıblar. Bunu düşmən olsa da ağlı başında olan ermənilər etiraf edirlər.

“Qlobal iqtisadiyyat və təchizat zəncirləri son illərdə texnoloji inkişafla birlikdə bir-birinə daha çox bağlıdır. Bu kontekstdə regional layihələr strateji əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan və Türkiyənin xüsusi səylər sərf etməsi təsadüfi deyil”.

 Bu fikri tanınmış erməni jurnalisti Artur Karapetyan deyib.

Onun sözlərinə görə, bu reallıq həm də Türkiyənin Qərbin nəzərində çəkisinin artması deməkdir: “Regional layihələr Cənubi Qafqaz ölkələri üçün də həyati önəm kəsb edir. Bu, indi inkişaf üçün ilkin şərt kimi qəbul olunur”.

Karapetyan Zəngəzur dəhlizi barədə danışarkən bildirib ki, Azərbaycan bu dəhlizin açılması üçün öhdəsinə götürdüyü bütün işləri görüb qurtarıb: "Ermənistan hakimiyyəti isə üzərinə düşən vəzifələri yerinə yetiməyib. Belə görünür ki, ermənilər söz güləşdirməkdən başqa bir işlə məşğul deyillər. Nikol Paşinyan baş nazir olduğu 2018-ci ildən idiyədək Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasından danışır. O zaman ekspertlər geosiyasi məqsədləri olan bu böyük layihənin Hindistandan Şərqi Avropa ölkələrinə uzanan, Asiya ilə Avropa arasında ticarət əlaqələrini fəallaşdıran, eyni zamanda, Ermənistanın regionda iqtisadi-siyasi çəkisini artıran böyük tranzit yolunun necə açıla biləcəyini təhlil edirdilər. Hətta Ermənistanın bu layihəni reallaşdırmaq üçün maraqlı dövlətlərlə danışıqlar apardığı barədə də açıqlamalar verilirdi. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutu çərçivəsində bu mühüm layihənin həyata keçirilməsi üçün bizim hakimiyyət heç bir iş görməyib.

Bunun nəticəsidir ki, Şimal-Cənub magistral yolu hələ də tikilməyib, Ermənistanı İranla birləşdirən müasir tələblərə cavab verən yol belə yoxdur. Çünki Gorus-Qafan yolunun mühüm hissəsi hazırda Azərbaycanın nəzarətindədir. İran-Ermənistan dəmir yolu ilə bağlı danışıqlar isə yalnız kağız üzərində qalıb.

Birdən-birə son günlər Paşinyan hakimiyyəti yenidən Fars körfəzi-Qara dəniz dəhlizindən dəm vurmağa başlayıb. Yenə də yalançı bəyanatlar verirlər ki, Ermənistan və İran Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi ilə bağlı məqsədləri həyata keçirmək üçün Ermənistan-İran-Hindistan üçtərəfli platforması yaradacaqlar. Guya Hindistandan gələn marşrutun İranda, Ermənistandan və Gürcüstandan keçərək Qara dənizə, daha sonra isə Bolqarıstana çatdırılması planlaşdırılır.

Baxanda marşrut ideyası normal görünür. Həmişə ambisiyaları, niyyət və ya maraqları elan etmək olar, amma hələ mövcud olmayan praktiki razılaşmalara da ehtiyac var."

Erməni jurnalist bildirib ki, Ermənistan tərəfi hələ də bütün məsələlərdə astagəlliklə və süründürməçiliklə məşğul olduğu halda, Ankara və Bakı fəal işləyir. Azərbaycan hər şeyi edir ki, Şimal-Cənub dəhlizinin bütünlüklə öz ərazisindən keçməsi məqsədəuyğun hesab edilsin. Təsadüfi deyil ki, İran, Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə qoymaq niyyətindədirlər. Əgər bu dəmir yolunun çəkilişi bu gün başlasa Azərbaycan ona tamamilə hazırdır.

Ermənistanın qeyri-ciddi siyasətindən və araqarışdırıcı hərəkətindən aydın görünür ki, bu ölkə nə qədər arzulasa da planları reallaşdırmaqda acizdir. Hər şeydən əvvəl böyük layihənin reallaşdırılması üçün böyük pul lazımdır. O isə iqtisadiyyatı bərbad gündə olan Ermənistanda yoxdur. Yəni, Paşinyanın arzuları xəyal-plovdur. "Ac toyuq yuxusunda darı görər" zərb-məsəlində olduğu kimi: "Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör."